Onların adları illərlə ən müxtəlif qanunsuz əməllərdə hallansa da, rahatdırlar və cəzalanmayacaqlarını düşünürlər.
Bu gün adları qarşısına sabiq yazılan məmurların əməlləri haqda mətbuatda vaxtilə çox yazılıb. Ümumdünya axtarış sistemlərində adlarını yazıb məlumat toplamaq kifayətdir ki, buna əmin olasan.
Bu yazıda sabiq başçıların korrupsiya əməlləri və bu günləri haqda yazacağıq. Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərov, Tovuzun sabiq icra başçısı Tofiq Zeynalov, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov, Xətainin sabiq icra başçısı Razim Məmmədov belə məmurlardandır.
Xaləddin İsgəndərovu vəzifədə olduğu müddətdə bir çoxları "ev sökən” başçı kimi tanıyırdı. İllərlə mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə "evsökmə əməliyyatları” haqda xəbərlər yazıb.
Sabiq vergilər naziri Fazil Məmmədova arxalanan Xaləddin İsgəndərov Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə rəhbərlik edirdi. Rayona illərlə ayrılan milyonlarla büdcə vəsaitini də Xaləddin İsgəndərov özünün şəxsi vəsaiti kimi xərcləyirdi. Vəzifədən gedəndən sonra isə Xaləddin İsgəndərovun yolunun istintaq orqanlarından keçməsi xəbərləri yayılmışdı.
Bu günə qədər yayılan məlumatlar təsdiqini tapmasa da, təkzib də olunmayıb. Xaləddin İsgəndərov hazırda doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənd kəndində yaşayır, tez-tez Göygöl rayonunun Mixaylovka kəndindəki malikanəsinə baş çəkir. Bakıdan uzaq olan bu ünvanlarda Xaləddin İsgəndərov icra başçısı postunu tutarkən sah saraylarını xatırladan mülklər inşa etdirib. Bu gün Xanqərvənddə, Xaləddin İsgəndərovun yaşadığı ata mülkü onun vəzifədə olarkən necə varlanmasını əks etdirən tikililərdəndir. Belə tikililərin isə sayı bir deyil, beş deyil...
Gədəbəyin işdən çıxarılan icra başçısı Ramiz Yediyarov da pis əməllərinə görə Xaləddin İsgəndərovdan geri qalmayıb. Onun Gədəbəyə rəhbərlik etdiyi dövr ərzində rayonda baş vermiş, lakin sona qədər araşdırılmamış cinayət ortadadır.
Ramiz Yediyarov da sabiq vergilər naziri Fazil Məmmədova sitayiş edirdi. Onun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirirdi. Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Yediyarovun və bu gün də Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun "yüngül əli” ilə "Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib. Gədəbəyin mərkəzində yerləşən bazar da sabiq vergilər nazirinin "sinəsinə yatan” yerdə yerləşdiyindən 2013-cü ildə Ramiz Yediyarov həmin bazara da əl qoyub. Əvvəlcə rayonun kənarında, əkin-biçin sahələrinin ortasında, ən başlıcası isə pay torpağında bazar tikilib. Qanunsuz inşa edilən bazara sahibkarların köçmələri təklif olunub. Lakin Gədəbəyin mərkəzində yerləşən bazarın icarəçi-sahibkarları son dərəcə əlverişsiz olan təklifdən imtina ediblər. Günlərin birində isə R.Yediyarovun bazarın köçürülməsi planının gerçəkləşməsi üçün orada elə bir yanğın olub ki, 10 dəqiqənin içində bazar kibrit qutusu kimi yanıb külə dönüb.
Yediyarovun yanğından dərhal sonra ortaya atdığı qısaqapanma versiyası ilə icarəçi sahibkarlar razı deyildilər. Bildirirdilər ki, naqillərin yanmasından bazarın 10 dəqiqənin içində kül olması mümkün deyildi. Bazarda plastik işləmələr də yox idi ki, o cür gur alovlanma baş versin. Sanki bazara benzin və ya digər tez alışan maye səpmişdilər ki, 1 anın içində külə dönsün, heç kim malını oradan çıxara bilməsin. Sakinlər o zaman deyirdilər ki, məqsəd bazarın icarəçilərini müflisləşdirib bazardan çıxarmaq və güzəştli şərtlər qarşılığında onları Ramiz Yediyarovun qanunsuz inşa etdiyi rayon kənarındakı bazara köçürmək olub. Belə də olmuşdu.
Ramiz Yediyarovun bazar planı yanğından sonra gerçəkləşmişdi. 4 il YAP-ın rayon təşkilatının sədri olmuş Ramazan Muradov da o dövrdə mətbuata açıqlamasında demişdi ki, bazar yandırılıb! Yandırılan bazar rayonun mərkəzində yerləşirdi və uzun illər ərazi istifadəsiz qalmışdı. Fazil Məmmədov ərazini 2017-ci ildə quda olduğu Namiq Əliyevə peşkəş etmişdi. Əgər Fazil Məmmədov, ardından Ramiz Yediyarov vəzifələrindən çıxarılmasaydılar, Namiq Məmmədovun burada çoxmərtəbəli bina tikdirəcəyi deyilirdi. Ramiz Yediyarovun Gədəbəydəki torpaq maxinasiyaları bununla bitmir. Rayonun Söyüdlü kəndinin kənarındakı örüş sahələri Ramiz Yediyarovun əli ilə satılıb. Nazirlər Kabinetinin qərarına görə isə həmin ərazilər sırf örüş üçün nəzərdə tutulur. Ramiz Yediyarov isə örüş sahəsini təyinatı dəyişdirilmədən 38 nəfərə satıb.
Bu gün Ramiz Yediyarov öz kefindədir, vaxtilə topladığı milyonları xərcləyib həyatını sürür. Onu əməlləri isə ortadadır, araşdıran da yoxdur.
Tovuz sabiq başçısı Tofiq Zeynalov da hazırda istirahət edir. Boş vaxtlarında xarici telekanalları izləyir. Özünün mətbuata verdiyi açıqlamadan belə aydın olur ki, dünyada baş verən proseslərlə maraqlanır. Onunla, daha doğrusu, vəzifədə olduğu müddətdə yol verdiyi nöqsanlarla maraqlananlar haqda isə xəbər yoxdur. Onun icra başçısı olduğu zamanlarda qudası Mahir Həsənovun "Qovlar Təmir Tikinti” MMC vasitəsilə dövlətdən ayrılan milyonlarla manat vəsaitin necə xərclənməsi və rayondakı bütün abadlıq, tikinti, təmir işlərinin məhz bu şirkətə verilməsi ilə bağlı məlumatlar vardı. Yazılanlardan məlum olurdu ki, 2012-ci ildən Tovuza daxili büdcədən və dövlət büdcəsindən ayrılan milyonlar "Qovlar Təmir Tikinti” MMC-yə ötürülüb. Həmin məbləğ isə nə az, nə çox, 70 milyon manat olub.
2012, 2013, 2014-cü illərdə Tovuz şəhərinin abadlaşdırılması üçün "Qovlar Təmir Tikinti” MMC-yə üst-üstə 9,7 milyon manat vəsait ayrılıb. Həmin illərdə Tovuzda yaşayış mənzillərinin tikintisi, binaların fasadlanması, mənzil fondlarının dam örtüyünün dəyişdirilməsi işlərinə isə ümumilikdə 20 milyondan çox vəsait xərclənib. Rayondakı kənd yollarının və şəhər küçələrinin yenidən asfaltlanması işləri üçün isə MMC-yə 30 milyon manat ötürülüb.
Tovuza ayrılan 100 milyon manatdan artıq vəsaitin qarşılığında rayonda əhəmiyyətli dəyişiklik nəzərə çarpmayıb. Tofiq Zeynalov isə istirahət edir, özünün böyük alma bağında sərbəst gəzir.
Xətai Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədov səksəkə içindədir. Onun Tofiq Zeynalov kimi rahat günlər keçirməsi hələ ki sual altındadır. Sabiq başçının qandallanmaq qorxusu qardaşı Mübariz Məmmədov işdən azad olunandan sonra bir qədər də artıb. Razim Məmmədovun qardaşı Mübariz Məmmədov Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi vəzifəsini tuturdu. R.Məmmədov ötən il dekabrın 13-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra M.Məmmədovun da kreslosu laxlamışdı. Razim Məmmədovun vəzifəsindən çıxarılmazdan bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində onun əmisi oğlu, uzun illər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlanmışdı.
Razim Məmmədov oliqarxlaşmış məmurlardan idi. Oğlu 300 min dollar dəyərində avtomobildə gəzir, özü Xətaidə torpağı kvadrat metrlə satırdı. Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerası dövründə davam edib. Vəzifədən azad ediləndən sonra əmisi oğlunun məhkəməyə çəkilməsi, qardaşının işdən çıxarılması olduqca maraqlı gəlişmələrdir. Mümkündür ki, Razim Məmmədov digər sabiq həmkarları kimi illərlə çapıb-taladıqlarını rahatlıqla xərcləyə bilməsin, ona bu şansı tanımasınlar.
"Yeni Müsavat”