Axtarış...

Şəhidin vərəsəsi: "Prezident İlham Əliyevin siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır"

Şəhidin vərəsəsi: "Prezident İlham Əliyevin siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır"
Prezident İlham Əliyevin siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır.

Millitv.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxış edən şəhidin vərəsəsi Sevinc Quluzadə deyib.

O qeyd edib: "Möhtərəm cənab Prezident. Bizimlə bu səmimi görüş üçün Sizə təşəkkür edirik. Sizə şəxsən təşəkkür edə bildiyim üçün bir Azərbaycan vətəndaşı, bir gənc olaraq qürur hissi keçirirəm. Siz və birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Buna görə Sizə təşəkkür edirəm, Sizə və ailənizə cansağlığı, uzun ömür arzu edirəm.

Mən bu gün bir vətəndaş, bir şəhid vərəsəsi kimi bir daha əmin oldum ki, Sizin siyasətinizin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır. Bir daha əmin oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər şeydən üstün tutulur və Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan Prezidenti qədər yaxın olan başqa biri yoxdur. Bu gün imzaladığınız Fərmana görə mən və mənim kimi minlərlə şəhid vərəsəsi birdəfəlik ödəməni ala biləcəyik. Buna görə, əlbəttə, çox şadam, sevincimin həddi-hüdudu yoxdur. Mən Sizə həm öz adımdan, ailəmiz adından, həm də digər şəhid vərəsələri adından təşəkkür edirəm. İmzaladığınız Fərmana əsasən həm də vaxtilə sığorta ödənişi almış şəhid vərəsələri də birdəfəlik ödəmə ilə təmin olunacaqlar. Belə bir humanist qərar qəbul etdiyiniz üçün çox sağ olun.

Biz hər zaman Sizin humanistliyinizə inanmışıq. Sizin humanistliyiniz bu Fərmanda bir daha öz təsdiqini tapdı. Siz Azərbaycanımızı hər zaman böyük qələbələrə doğru aparmısınız. Bir vətəndaş olaraq bu inkişaf prosesini müşahidə etdikcə təbii ki, fəxr edirik".

Şəhidin vərəsəsi bildirib ki, ölkəmizi inkişafda, dövlətimizi güclənməkdə görmək bir gənc olaraq onda iftixar hissi doğurur: "Hazırda qardaşım əsgərdir və torpaqlarımızın keşiyində böyük şərəflə durur. Mən inanıram ki, Sizin rəhbərliyinizlə Ordumuz tezliklə Qarabağımızı azad edəcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildirirəm. Azərbaycanın əmin-amanlıq içində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzu edirəm. Çox sağ olun, möhtərəm Prezident!"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz