Axtarış...

Rusiya-Ukrayna gərginliyi kritik həddə - TƏHLİL

Rusiya-Ukrayna gərginliyi kritik həddə - TƏHLİL

Noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya döyüş gəmilərinin heyətləri arasında baş verən insident böyüyür. Hər keçən gün tərəflər savaş meydanına sürüklənir. Artıq Ukraynada hərbi vəziyyət elan olunub. Ölkə prezidenti Pyotr Poroşenkonun hərbi vəziyyətin 60 gün olması ilə bağlı Ali Radaya təqdim etdiyi sənəd deputatların əksəriyyətinin səs çoxluğu ilə qəbul olunub.

Hərbi vəziyyət noyabrın 28-dən etibarən Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində tətbiq ediləcək və 30 gün müddətində qüvvədə qalacaq.

Poroşenko Baş Qərargaha qismən hərbi səfərbərlik elan olunması tapşırığını da verib ki, bu da Ukraynanın hər an müharibəyə hazır olmaq üçün ciddi tədbirlər gördüyü anlamına gəlir.

“Ukraynada hərbi vəziyyətin elan olunmasından narahatıq”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkellə telefon danışığı zamanı deyib.

Kremldən verilən açıqlamada qeyd olunub ki, iki lider Kerç boğazında Rusiya ilə Ukrayna arasında yaranan gərginliyi telefonda müzakirə ediblər. Danışıq zamanı vurğulanıb ki, regionda daha bir münaqişə vəziyyətinin yaradılmasında Ukrayna rəhbərliyi tam məsuliyyət daşıyır. Putin Merkeldən xahiş edib ki, Berlin Kiyevə təsir edərək, Ukraynanı gələcəkdə düşünülməmiş addımlar atmaqdan çəkindirsin.

Ukraynanı beynəlxalq hüququ pozmaqda ittiham edən Putin bu ölkədə hərbi vəziyyətin elan olunmasından və ordunun müharibəyə hazır vəziyyətə gətirilməsindən narahat olduğunu ifadə edib. Rusiya prezidenti Ukraynanın belə qərarlarının qarşısını almaq üçün Almaniyanın rəsmi Kiyevə təsir göstərəcəyinə ümid etdiyini bildirib.

“Ukraynanın bu təxribatı ölkədəki prezident seçkiləri kampaniyası ilə əlaqəlidir. Bir də qarşıdurmaya səbəb olacaq bu tip hadisə yaradılsa, onun nəticələri tamamilə Ukrayna rəhbərliyinin üzərinə düşəcək”, - deyə Putin vurğulayıb.

Rusiya isə Ukraynaya nota verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinskinin Rusiya XİN-ə çağırıldığı bildirilir.

Bu arada ABŞ-ın dövlət katibi Mayk Pompeo Kerç boğazı ətrafındakı hadisə ilə əlaqədar Rusiya və Ukrayna prezidentlərini birbaşa danışıqlar aparmağa çağırıb. Pompeo həmçinin tərəfləri təmkinli olmağa və beynəlxalq öhdəliklərə riayət etməyə səsləyib.

“Ukrayna baş vermiş hadisə ilə bağlı detallı məlumatları NATO-ya təqdim edib, Rusiya hərəkətlərinin fəsadlara səbəb olduğunu başa düşməlidir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Ukraynada hərbi vəziyyət haqqında danışan baş katib ümid etdiyini bildirib ki, o, seçkilər öncəsi (martın 31-dəki prezident seçkiləri nəzərdə tutulur) demokratik proseslərə təsir etməyəcək.

“Biz Rusiyanı dərhal Ukrayna dənizçiləri və gəmilərini azad etməyə çağırırıq”, - deyə o qeyd edib.

Baş katib alyansın Kerç boğazındakı vəziyyətlə bağlı konkret hansı addımları atmaq niyyətində olduğuna dair suala birbaşa cavab verməyib.

“Vəziyyəti çox yaxından təqib edirik və biz başqa nə edə biləcəyimizi daim qiymətləndiririk, çünki Rusiya hərəkətlərinin fəsadlara səbəb olduğunu başa düşməlidir”, - deyə Stoltenberq bildirib.

BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa, Niderland, Polşa, İsveç və Böyük Britaniya məşvərətdən sonra Ukrayna gəmilərini buraxmaq və onların Kerç boğazından keçmələrinə icazə verməsi xahişi ilə Rusiyaya müraciət ediblər.

RİA “Novosti” xəbər verir ki, bu barədə ölkələrin yaydığı birgə bəyanatda deyilir.

Üzv ölkələr bəyan ediblər ki, saxlanılan Ukrayna dənizçiləri azad olunmalı, ələ keçirilən gəmilər isə geri qaytarılmalıdır.

Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov Kerç boğazı ətrafında baş verən son hadisələri şərh edərkən diqqətçəkən fikirlər səsləndirib. Rusiya və Ukrayna arasında müharibə olacaqmı sualına Markov belə cavab verib: “Xeyr, olmayacaq. Məsələ ondadır ki, belə səviyyəli qərarları Poroşenko yox, amerikalı kuratorları qəbul edirlər. Və onlar indi Ukraynanın Rusiya ilə genişmiqyaslı hərbi münaqişəsindən qorxurlar, buna səbəb Ukrayna ordusunun 2014-cü ildə olduğu kimi, Rusiya tərəfinə keçmə ehtimalıdır. Və ya heç nə etməyəcək. Rusiya ordusunun aktiv hərəkətlərinin başlamasından sonra 2008-ci ildə Gürcüstanda olduğu kimi. Onlar tərəfindən Rusiya ilə müharibə təxminən 2022-ci və ya 2023-cü ildə planlaşdırılır. Bu vaxtadək Ukrayna ordusunun konvensial silahlar sahəsində və mənəvi ruh nöqteyi-nəzərindən, yəni Rusiyaya nifrətlə tərbiyəsi məsələsində daha güclü hala gətirilməsi planlaşdırılır. Bu gələcək müharibənin hədəfi elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir”.

Rusiyanın Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Aleksandr Lukaşeviç Ukrayna ordusunun Donbasda kimyəvi hücum təxribatına hazırlaşdığını bildirib.

Lukaşeviç ATƏT-in Xüsusi Şura iclasında belə danışıb: “Ukrayna ordusunun kimyəvi silah istifadə edərək və xarici xüsusi xidmət orqanlarının iştirakı ilə təxribat hazırlığı görməsi barədə məlumat gəldi”.

Ukrayna ordusunun Donbasdakı cəbhə xəttinə Buk və S-300 havadan müdafiə raket sistemləri ilə Qrad və Uraqan çoxlüləli minaatan sistemini yerləşdirdiyini və bufer zonalara əsgərlərini yerləşdirdiyini xatırladan Lukaşeviç, mülki mövqelərə qarşı hücumların da artdığını qeyd edib.

Ekspertlərin isə Rusiya-Ukrayna gərginliyi ilə bağlı bir-birindən fərqlənən çoxsaylı mövqelərinin şahidi olmaqdayıq. Bu gərginliyin digər ölkələrə də təsirinin mümkünlüyü qeyd olunur. Eyni zamanda rəsmi Kiyevlə qarşıdurmanın Rusiya-NATO əlaqələrinə ciddi şəkildə zərbə vuracağı ehtimal edilir. Tərəflərdən hansının gərgin proseslərin sonunda qalib olacağı müzakirələrin əsasını təşkil edir. Azərbaycanın buradakı mövqeyi də ciddi şəkildə müzakirə edilir. Rəsmi Bakının tərəf olub-olmayacağı yönündə fərqli fikirlər səslənir.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov Ukraynanın provokasiya etdiyini düşünür. O, bu barədə teleqraf.com-a açıqlama verib: “Baş verən hadisə Ukrayna tərəfindən provokasiya xarakterli addım idi. Ukrayna bu addımla dünyaya göstərməyə çalışdı ki, Rusiya həqiqətən 2003-cü ildə imzalanan müqaviləyə riayət edirmi, bu müqaviləyə uyğun olaraq Ukrayna gəmilərinin Kerçdən keçərək, Azov dənizinə rahat daxil olmasına şərait yaradırmı, yoxsa bunlar yalan sözlərdir. Hadisələrin gedişatı göstərdi ki, Rusiya həqiqətən də müqaviləyə riayət etmir. Bu müqaviləyə görə Ukrayna Rusiyadan icazə almalı deyil. Lakin Rusiyanın davranışları göstərdi ki, Moskva artıq müqaviləni saymır, Kerç körpüsünü tikdikdən sonra Azovu öz dənizi sayır və Ukrayna burada Rusiyanın icazəsi ilə hərəkət edə bilər. Bu da həm beynəlxalq hüquq normaları, həm də Ukrayna-Rusiya arasında imzalanan dövlətlərarası müqaviləyə ziddir. Rusiya burada diplomatik baxımdan uduzan tərəf olacaq. Bu hadisədən istifadə edərək NATO və ABŞ gəmiləri Qara dənizdə daha da möhkəmlənməyə başlayacaq”.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə analitik Sülhəddin Əkbər gərginliyin artacağını düşünür: “Əgər yenidən münaqişə alovlansa və Ukrayna böhranı hərbi fazaya keçsə, artıq hərbi qarşıdurma əvvəlki səviyyədə olmayacaq. Çünki Ukrayna ordusunun döyüş hazırlığı və qabiliyyəti, silah sistemləri müasirləşdirilib. Düzdür, modernləşmə 2020-ci ildə başa çatmalıdır. Amma Ukraynaya ABŞ və Qərb müttəfiqləri tərəfindən öldürücü silahların verilməsinə artıq başlanılıb.

Təbii ki, Ukrayna tərəfi burada özünün müttəfiqi olan ABŞ, NATO və Avropa Birliyi ilə məsləhətləşmələr aparacaq. Onlar da hələlik qarşıdurmanın vaxtının çatmadığını nəzərə alaraq Ukraynanı səbirli və təmkinli olmağa dəvət edəcəklər. Eyni zamanda yaranan fürsətdən istifadə edərək ola bilsin ki, Ukrayna ilə münasibətlərin daha sıxlaşdırılması, bu ölkəyə yeni silahların verilməsi istiqamətində addımlar atılacaq. Ancaq bütün bunlarla yanaşı gərginliyin artacağını düşünürəm".

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya və Ukrayna arasında son bir neçə ildə davam edən gərginliyin tədricən daha qaynar fazaya keçmək ehtimalları gözlənilən idi: “Hər iki dövlətin televiziyalarında gündəlik tok-şouların mövzusu məhz Ukrayna-Rusiya münasibətləri olub. Tərəflər öz tamaşaçılarına qarşı tərəfin haqsız olduğunu, düşmən münasibət sərgilədiyini bildirməklə ictimai rəyi istədikləri kimi formalaşdırmağa çalışırdılar. Böyük ehtimalla hazırkı böhran məhz Rusiya tərəfinin provokasiyası ilə baş verib. Çünki bütünlükdə indiki durumda Ukraynaya bu şəkildə qarşıdurma lazım deyildi. Onsuz da mövcud problem səbəbindən Rusiya əsas sahələr üzrə sanksiyalarla üzləşib və tətbiq olunan sanksiyalar bu ilin ikinci yarısından sonra daha çox təsirlərini göstərməyə başlayıb. Belə olan halda Ukrayna təkbaşına Rusiya ilə müqayisədə məhdud hərbi gücü ilə müharibəyə gətirib çıxardacaq addımlar atmazdı. Düşünürəm ki, bu ölkə daxilində gərginliyi artırmağa hesablanmış bir addımdır. Burada hər iki tərəfdən maraqlı olan güclər ola bilər. Amma açıq şəkildə müharibənin başlanmasına inanmıram. Baxmayaraq ki, Luqansk və Donetsk vilayətlərini separatçılar rus hərbçilərinin köməkliyi ilə saxlayırlar. Kreml bunu inkar edir, yalnız humanitar yardımlar etdiyini bildirir. İndi isə başqa vəziyyətdir. Burada Rusiya açıq şəkildə müharibə etməlidir ki, o da artıq açıq hərbi müdaxilə hesab olunacaq və bunu ona bağışlamayacaqlar. Eyni zamanda Poroşenkonun hərbi vəziyyət elan etməsi də anlaşılan deyil.

Luqansk və Donetskin işğalı ilə bağlı ölkədə hərbi vəziyyət elan olunmayıbsa, 3 katerin Kerç boğazından keçmək istədiyi vaxt atəş altında həbs olunmasından sonra səfərbərlik və hərbi vəziyyətin elan olunması anlaşılan deyil. Təsadüfi deyil ki, Ukrayna siyasətçilərinin önəmli bir hissəsi bunun əleyhinə çıxıb , Poroşenkonun vəziyyətdən istifadə edərək siyasi planlarını həyata keçirmək istədiyini bildiriblər. Ukraynadakı əsas seçkilərə az qalmış bir müddətdə hərbi vəziyyətin elan olunması seçkiqabağı siyasi fəaliyyəti minimuma endirir. Həmin qanuna görə, əsas siyasi hüquqlar tam məhdudlaşdırılır, yerlərdə faktiki hakimiyyət hərbçilərin əlinə keçir, sərbəst toplaşma və ölkə içində sərbəst hərəkət məhdudlaşdırılır və s. Ancaq hesab etmirəm ki, Poroşenko belə situasiya yaratmaq üçün Kerç provokasiyasını edib. Yenə də fikrimdə qalıram ki, bu hadisəni Rusiya tərəfi növbəti dəfə əzələ nümayişi etmək üçün edib. Amma sonucda müharibə olmayacaq. Gərginlik isə davam edəcək. Azərbaycanın bu məsələyə münasibət bildirməməsi anlaşılandır. Çünki tərəflər hadisəyə görə günahı bir-birilərinin üzərinə qoyurlar . Biz isə elə böyük dövlət deyilik ki, belə vəziyyətdə kiminsə tərəfini tutaq, yaxud qulağını buraq. Əgər tərəflərdən biri bunu etiraf etsəydi, o zaman buna münasibət bildirə bilərdik”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz