Axtarış...

Şamaxıda “Qasımov çetesi” dağılır: başçıya ən çox ondan şikayət edilib – Son faktlar...

Şamaxıda “Qasımov çetesi” dağılır: başçıya ən çox ondan şikayət edilib – Son faktlar...

Tahir Məmmədovun Şamaxı icra başçısı təyinatı 1-ci müavin Qasım Qasımovun işlərini çətinə salıb

Cahan.info xəbər verir ki, onun Beyləqana başçı müavini gedəcəyi haqda yazırlar.

Şamaxının keçmiş başçısı Asif Ağayev Beyləqanda eyni posta təyinat aldıqdan sonra Q.Qasımovu yanına gətirmək istəyir.

Conflict.azisə yazıb ki, Şamaxıda I müavinin illər öncədən formalaşdırdığı güclü komandası var. Qasımov məhz həmin komanda vasitəsilə gücünü qorumağa cəhd edir.

RİHB-nin müavini Gülnisə Ələkbərovanın da daxil olduğu komanda artıq bəzi məsələlər üzərində düşünməyə başlayıb.

Qasımov o qədər qəzəblidir ki, küçə süpürgəçilərindən birinin məruz qaldığı haqsızlığa rəğmən “Şamaxının yiyəsi yoxdur” sözlərinə görə onu işdən qovdurub.

İşdən qovulan süpürgəçi yeni başçının qəbulunda üzləşdiyi problemlə bağlı ona məlumat vermək istərkən Qasımov məsələyə müdaxilə edib. Tahir Məmmədovun ilk qəbulu gec saatlara - 20.00-a qədər davam edib.

Şamaxıdakı mənbənin verdiyi məlumata görə şikayətçilər əsasən, de-fakto bu rayonda özünə xanədanlıq yaradan, RİHB-nın I müavini Qasım Qasımovun yaratdığı problemləri başçının diqqətinə çatdırıblar.

Hələ Asif Ağayevin zamanında “problemsiz şikayətçi” qəbulları təşkil edən Qasım Qasımov yeni icra başçısının siftəsini korlamağa cəsarət etməyib.

Rayondakı əksər dövlət vəzifələrinə öz yaxınlarını yerləşdirən Qasım Qasımov rayon İcra Hakimiyyəti Aparatının təhsil, səhiyyə və humanitar şöbəsinin baş məsləhətçisi Pərvin Eynalovanı özünə köməkçi təyin edib. Əslində təyinat hər hansı əmrlə deyil, sadəcə Qasımovun şəxsi istəyi ilə icra olunur.

Məlumatda o da bildrilir ki, xanım Eynalovanın 4-cü mərtəbədəki xidməti otağı həmişə bağlı olur. Çünki onun əsas iş yeri Qasım Qasımovun 2-ci mərtəbədəki kabinetinin qarşısıdır.

Xatırladaq ki, Qasım Qasımovun tələblərinə cavab verilmədiyi üçün uzun müddətdir ki, RİHBA-nın memarlıq şöbəsinin rəhbəri postu da boş qalıb.

I müavinin bu istiqamətdəki iddialarını hələlik yerinə yetirən isə şöbənin böyük məsləhətçi - mühəndisi Dilguşə Məmmədovadır.

Mənbənin verdiyi məlumatlara əsaslansaq ilkin olaraq o qənatə gəlmək olur ki, cənab Qasımovun xanımlarla iş birliyi olduqca uğurludur.

Şamaxıdakı Mədəni - Maarif Kollecinin həyətndən 10 sot torpaq sahəsi başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərovaya ev tikintisi üçün verilib.

Cahan.info aktualinfo.org-a istinadla xəbər verir ki, Tahir Məmmədov Şamaxı ictimaiyyəti üçün tanış sima olmasa da, artıq şamaxılıların ümid yeridir. İndi şamaxılılar səbrsizliklə o günü gözləyirlər.

Maraqlıdır, hansı günü? Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, uzun illərdir bu posta yiyələnmiş, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı olmaq arzusu ilə başçılar qarşılayıb, başçılar yolan salan Qasım Qasımovun nəhayət işdən azad olunacağı günü.

Qeyd etdiyimiz kimi Qasım Qasımov uzun illərdir ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Bu müddət ərzində o özunə kifayət qədər güc toplayaraq Şamaxının qeyri leqal İcra başçısı statusuna sahib ola bilmişdi.

Əsasən də Asif Ağayevin bu rayona başçılıq etdiyi dönəmdə Qasım Qasımovun hökmranlığı pik həddinə çatmışdı.

Qasım Qasımovun Şamaxı sakinlərini zara gətirmələri haqqında dövrü mətbuatda vaxtaşırı dərc olunmuş məqalələri də buna əyani bir sübut kimi göstərmək olar.

Təbiəti etibarilə sakit insan olan sabiq başçı Qasım Qasımovun hegemonluğu qarşısında aciz qaldığını məclislərin birində yaxın ətrafına etiraf da edibmiş.

Siyasi mənsubiyyətindən kifayət qədər yazılmış, 1995-ci il Milli Məclisə seçkilərdən sonra “Günay” qəzetinə Heydər Əliyev hakimiyyətinin Şamaxıda seçkiləri saxtalaşdırması ilə bağlı geniş müsahibə vermiş Qasım Qasımovla vaxtı ilə Asif Məmmədov da bacara bilməmişdi. Görəsən bəs Tahir Məmmədov necə, Şamaxıda Qasım Qasımov kabusunun qarşısını ala biləcəkmi?

Şamaxı bir Qasımovun deyil, iki Qasımovun əlindədir. İkinci Qasımov isə birincisi ilə qohumluq telləri olan, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə İcra nümayəndəliyinə rəhbərlik edən Şahnəzər Qasımovdur.

Adıçəkilən bu şəxs Qasım Qasımovun Şamaxıda vəzifə başına gətirdiyi onlarla qohumlarından biridir. Əsasən Şamaxı şəhərində yeni tikililərə cavabdehliyi ilə tanınır.

Məlum olduğu kimi son dövrlər imkanlı şəxslərin tez tez ayaq açdığı Şamaxı təbiətinə, təmiz havasına görə seçilən bir yerdir. Paytaxta yaxın olduğuna görə buraya üz tutan, burada mülk sahibi olmaq istəyən imkanlı şəxslərin də sayı çoxalıb. Burada mülk sahibi olmaq istəyənlər mütləq Şahnəzər Qasımovun kabinetindən keçməli olurlar.

Şahnəzər Qasımov Şamaxıda yeni istifadəyə verilən iaşə obyektlərinə də, mağazalara da sərəncam verir.

Onun imzası olmasa Şamaxıda heç kim daş üstünə daş belə qoya bilmir. Amma buna baxmayaraq özünün ticarət obyektlərinin, mülklərinin sayını artırmaqda davam edir.

Deyilənlərə görə Şahnəzər Qasımov paytaxtda da bir neçə obyektə, evlərə sahibdir. Bütün bunlara isə o, quru maaşla deyil, Şamaxıda sözügedən vəzifəyə təyin olunduqdan sonra əldə etdiyi çirkli pullar hesabına nail olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz