"Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzifəsi 2 ilə yaxındır ki, boşdur. Sabiq direktor Türkiyəyə köçdükdən sonra bu vəzifə hələ də boş qalıb". Bu barəıdə DİA.AZ-a göndərilən məqalədə deyilir. Daha sonra məqalə müəllifi yazır: "Hazırda bu vəzifəni Saatlı Rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım şöbəsinin həkimi Çingiz Fətullayevə tapşırıblar. Necə deyərlər, qoyunu qurda tapşırıblar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sanki Saatlı rayonunda onların mərkəzinin olduğunu unudub. Ya da bu mərkəzi “hərraca” çıxarmaq üçün Çingiz Fətullayevə bilərəkdən şərait yaradıblar. Çünki Çingiz deyir ki, mən buradan qazandığımı tək yesəm, gözümdəm gətirərlər.
Çingiz Fətullayev hamıya deyir ki, Səhiyyə nazirinin müavini (etika xatirinə adını yazmırıq) mənim tələbə yoldaşımıdır. Çingizin yaşı 70 –i haqlasa da, onun Saatlı GEM-ə rəhbərlik etməsi, deyəsən, elə nazir müavini olan tələbə yolaşının səxavətindən irəli gəlib.
Çingiz sanki unudur ki, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu adam “Sanitariya–Epidemioloji Salamatlıq haqqında “ Azərbaycan Respublikasının Qanununu da tanımır. Deyir ki, mənim üçün qanun da, qərar da səhiyyə nazirinin müavini tələbə yoldaşımıdr.
Yaxın vaxtlarda Maliyyə Nazirliyi Saatlı Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzində yoxlama apardı və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlandı. Mənimsəmə çox olduğundan sənədlər araşdırılmaq üçün rayon prokurorluğuna verildi. Hamı fikirləşirdi ki, Çingiz Fətullyaevin GEM-ə rəhbərlik etdiyi dövrdə mənimsədiyi vəsait geri qayatrılacaq. Ancaq sən demə, Çingiz üçün əsl bazar bundan sonra açıldı. O, bəzi işçiləri, xüsusilə yarımştat işləyənləri bir-bir yanına çağırıb dedi ki, sən işdən azadsan. Səni mən çıxarmıram, rayon prokuroluğu çıxarır. Ya ərizə yaz, get, ya da 700 manat ver, səni saxlayım. Yoxsa, işlədiyin dövrdə aldığın əmək haqqının hamısını ödəyəcəksən. Əgər sakitcə ərizə yazıb işdən çıxsan, ödətdirmə olmayacaq. Ancaq onun özündən soruşan olmadı ki, axı sən özün də 2 yerdə işləyirsən. Həm təcili tibbi yardım şöbəsində, həm də GEM-də direktor. Bəs sən necə işləyirsən, necə çatdırırsan?
Ç, Fətullayev qısa vaxt ərzində xeyli ştat boşaltmağa nail olur və həmin ştatları “satışa” çıxarır. Diplomun oldu –olmadı dəxli yoxdur. Yaşın azdı-çoxdu fərqi yoxdu. Təki aşağısı 700, yuxarısı 1000 manatını ver. Yaxın günlərdə işə götürülənlərin yaşına, “ixtisasına”, “diplomuna” , “təhsilinə” baxsan, Çingiz
Fətullalyevin kadr islahatında əsas məqsədin nədən ibarət olduğu açıq görünər. Hələ dövlət və ictimai-iaşə müəssisələrində işləyənlərin sağlamlıq haqqında arayış alanda Çingizin hansı oyunlardan çıxıdığını demirik. Bunu həmin sənədi alanlar daha yaxşı bilir.
Rayon sakinləri deyirlər ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbrliyi bir də onda ayılacaq ki, yaşı 70-i haqlamış Çingiz Fətullayev Səhiyyə Nazirliyində müavin olan tələbə yoldaşına arxayın olub Saatlı Gigiyena və Epidemiologiya Mərkəzinin binasını da satıb".
Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Dia.az