Axtarış...

Ağdaşın icra başçısı HƏDƏFDƏ - İDDİA

Ağdaşın icra başçısı HƏDƏFDƏ - İDDİA

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən dərhal sonra həyata keçirdiyi bir kadr təyinatı ictimaiyyətin diqqətini çox da cəlb etmədi. Söhbət may ayının sonunda Vaqif İbrahimovun Enerji Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə rəis təyin edilməsi ilə bağlı təyinatdan gedir. Bu təyinatla bağlı məlumatda qeyd olunan yeganə məqam Vaqif İbrahimovun Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğlu olması idi. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrdə Səfər Mehdiyevin bu əmrilə bağlı mediada yayılan məlumatda Vaqif İbrahimovun adı səhvən Vidadi İbrahimov kimi göstərilmişdi.

İcra başçısının oğlunun vəzifə yerinin belə dəyişdirilməsinin mahiyyəti ictimaiyyətə bəli olmasa da, çox ciddi əhəmiyyəti vardı. Məsələ onadan ibarətdir ki, Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsini gömrükçülərin öz aralarında "ştrafnoy” adlandırırdıqlarını geniş ictimaiyyət o zaman bilmirdi, bu gün də bilmir.

Bu idarənin gömrükçülər arasında "ştrafnoy” adlandırıması isə səbəbsiz deyildi. Belə ki, bu idarə faktiki olaraq heç bir gömrük rəsmiləşdirməsi həyata keçirmədiyindən burada işləyənlər sadəcə dövlətin verdiyi əmək haqqına qane olmalı idilər. Doğrudur, iki il əvvələ kimi burada işləyənlərə də "konvert” adlanan əlavə pul az miqdarda olsa da ödənilirdi. Belə ki, manatın devalvasiyasına qədər Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsininin sıravi əməkdaşlarına 300 dollar ödənilirdisə, manatın devalvasiyasından sonra 300 manat ödənməyə başlanıldı. İki il əvvəl isə ümumiyyətlə buna da son qoyuldu. Ona görə də Vaqif İbrahimovun ölkədən ixrac olunan bütün neft və neft məhsullarının gömrük rəsmiləşdirməsinin aparıldığı Enerji Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə rəis təyin edilməsi gömrükçülər arasında bu şəxsin çox ciddi cəzalandırılması kimi qəbul edildi.

Bu təyinatdan iki ay yarım sonra, Dövlət Gömrük Komitəsində keçirilən struktur islahatlar zamanı Enerji Gömrük İdarəsi ilə Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi birləşdirildi və əvəzində Enerji Resursları və Dəniz Nəqliyaytında Baş Gömrük İdarəsi yaraıldı. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 14 avqust 2018-ci il tarixli, 100/1186Ş saylı əmri ilə Enerji Resursları və Dəniz Nəqliyaytında Baş Gömrük İdarəsinin əməkdaşları təyin edildi. Bu zaman Vaqif İbrahimov Enerji Resursları və Dəniz Nəqliyaytında Baş Gömrük İdarəsinin Dübəndi Gömrük Postunun rəisi təyin edildi. Bu təyinat bir tərəfdən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gömrük üzərindəki hakimiyyətinin başa çatdığının, digər tərəfdən də Vaqif İbrahimovun atası, Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun hakimiyyət daxilində nüfuzunun aşağı düşməsinin göstəricisi kimi qəbul olundu. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu Coşqun Əhmədzadə Nəqliyyat Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsindən Bakı Baş Gömrük İdarəsi rəsinin birinci müavini təyin edilməklə daha yüksək vəzifə alması ilə müqayisədə Ağdaş rayon icra hakimiyyətinin başçısının oğlu Vaqif İbrahimovun vəzifəsinin idarə rəisliyindən post rəisi kimi aşağı salınmasını başqa cürə də qiymətləndirmək mümkün deyil. Onu da qeyd edək ki, Vaqif İbrahimov yüksək dövlət mükafatlarından hesab olunan "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə hələ 2010-cu ildə, Coşqun Əhmədzadədən düz iki il əvvəl layiq görülüb. İndi isə Coşqun Əhmədzadənin vəzifəsi böyüdüldüyü halda, Vaqif İbrahimovun vəzifəsi kiçildilir.

Belə məlumatlar var ki, Vaqif İbrahimovun atasının da "könüllü” istefa ərizəsi alınıb. Məlumatlı mənbə bildirir ki, 14 aprel 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı olan Tofiq İbrahimovun "könüllü” istefa ərizəsi hələ aprel ayında alınıb. Məlumatlı mənbə bildirir ki, o zaman belə nəzərdə tutulmuşdu ki, növbədənkənar prezident seçkisindən sonra Kəmaləddin Heydərov yenidən fövqəladə hallar naziri təyin edilməyəcək və onun bütün kadrları da vəzifələri ilə vidalaşmaq məcburiyyətində qalacaqlar. Ancaq seçkidən sonra Kəmaləddin Heydərov vəzifəsini qoruyub saxlaya bildi və onun kadrlarının əksəriyyəti mövqelərində qaldılar. İndi isə artıq Kəmaləddin Heydərov tamamilə gücdən salınıb və o kimsəni himayə etmək gücündə deyil. Buna görə də Ağdaş rayonunun icra başçısının istefası nəhayət ki, reallaşır. Məlumata görə, bununla bağlı prezident sərəncamı yaxın iki həftə ərzində elan olunacaq. Onun yerinə isə Kənd təsərrüfatı naziri İman Kərimovun kadrının təyin olunacağı gözlənilir. Məlumatlı mənbə bildirir ki, Tofiq İbrahimovun vəzifədən azad olunması pambıq yığımının sonuna kimi təxirə salına da bilər. Ancaq onun ən geci bu ilin sonuna kimi vəzifəsindən kənarlaşdılacağına şübhə yoxdur. Mövzunu diqqətdə saxlamağa çalışacağıq və Tofiq İbrimovun mövqeyini dinləməyə hazırıq.
"Yeni Sözçü” qəzeti
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz