Avtobus sürücülərinin işə götürülmə prosesi pərakəndə şəkildə aparılır. Şirkət tanıdığı və ucuz qiymətə çalışan sürücünü işə götürür. Əvvəllər vəziyyət bundan da bərbad idi. Sürücüsünü sanki qul kimi, girov kimi işlədirdilər.
Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, avtobus sürücülərinin işə qəbul edilməsi ilə bağlı konkret mexanizm yoxdur:
“Sahibkarlar sürücünün bütün sənədlərini alıb, ona surətini verirdilər. Biz Dövlət Yol Polisinin keçirdiyi reydlərdə buna dəfələrlə şahid olmuşuq. Sahibkar sürücülərin sənədlərini girov götürdüyü üçün sürücülər texniki pasportunun, sürücülük və şəxsiyyət vəsiqəsinin yalnız surətini göstərirdi. Bu, əslində, çox dəhşətli problemi ortaya qoyur. Sahibkar özü güvənmədiyi, etibar etmədiyi şəxsləri işə götürür və gün ərzində yüzlərlə sərnişinin həyatını ona etibar edirdi. Bu problemlər hələ davam edir. Nə o vaxt Nəqliyyat Nazirliyi bunu qaydaya sala bildi, nə də BNA bu gün bunun öhdəsindən gələ bilir. Sürücülərlə bağlı bir mexanizm yoxdur ki, onlar yoxlanılsın və nəzarət altında qalsın.
Səhər avtobusu qarajdan başqası götürür, amma günorta və axşam saatlarında avtobusu başqa adamın idarə etdiyinin şahidi oluruq. Bu qədər özbaşınalığın da səbəbi sahibkarın bu işdə maraqlı olmamasıdır. Bəzi avtobuslarımız demək olar ki, heç qaraja aparılmır. Sürücü iş bitdikdən sonra avtobusu evinə aparır. Axı bu avtobuslar hər gün qarajdan texniki cəhətdən yoxlanılıb, dezinfeksiya edilib çıxmalıdır. Sürücünün özü də işə çıxmamışdan qabaq müayinə edilməlidir. Məhkumluq həyatı yaşayanları, narkomanları heç kim işlə təmin etmir. Onlar da avtobus sürücüsü kimi sahibkar tərəfindən az məbləğdə maaşa və ya plan verməklə işə qəbul edilir”.
Ekspert ötən gün baş verən qəzada günahkarın BNA və daşıyıcı olduğunu deyib:
“Qəzanın səbəbləri daha dərindən araşdırılmalıdır. Həmin ərazidə necə ola bilər ki, bələdçi olmasın? O, fit verərək qatarın gəlməsini xəbər etməlidir. Dəmiryol keçidlərinin keçilmə qaydalarına da ciddi nəzarət olunmalıdır. Avtobus sürücüləri ilə bağlı BNA da 3 ildir ortaya nəticə qoya bilmir. Daşıyıcı şirkətlərin özbaşınalığı hələ də davam edir. Həmin daşıyıcılara məxsus avtobusların sürücülərinin narkotikdən istifadə etməsi artıq 3-cü faktdır. BNA bu hadisədən sonra silkələnməlidir”.
Elməddin Muradlı onu da qeyd edib ki, qəza törədən avtobus daşıyıcısı Ayşən LTD MMC bu hadisədən sonra fəaliyyətini dayandırmalıdır:
“BNA yarandığı gündən 10-a yaxın daşıyıcının fəaliyyətini araşdırıb, xəbərdarlıq edib. Onlar arasında təxminən 7-8 kiçik daşıyıcının fəaliyyəti dayandırılıb. Agentlik nöqsanları aradan qaldırmadıqda daşıyıcının fəaliyyətini dayandıra bilər. Son olayda qəzaya səbəb olan daşıyıcıya dəfələrlə DYP və BNA tərəfindən xəbərdarlıq edilib. Görünür, daşıyıcı bununla bağlı heç bir iş görməyib. Buna görə də həmin daşıyıcı ilə bağlı hüquq-mühafizə orqanları da tədbir görməlidir”.
Qeyd edək ki, ötən gün Xəzər rayonunun Binə qəsəbəsi ərazisində əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi Ayşən LTD MMC-yə məxsus “Daevoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə həyatlarını itiriblər.