Azərbaycan Parlamenti öz fəaliyyətini demokratik dövlətlərə xas prinsiplər əsasında qururdu. 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. Son iclas 1920-ci il aprelin 27-də olub. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmayıb.
Millitv.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş məqaləsində deyib.
MM sədri bildirib ki, parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub:
"Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Parlamentin qəbul etdiyi qanunvericilik aktları dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edirdi. Dövlət quruculuğu ilə bağlı "Azərbaycan vətəndaşlığı haqqında", "Milli Bankın yaradılması haqqında" və bir sıra başqa qanunlar qəbul olundu, habelə Azərbaycanın dövlət rəmzləri - respublikanın himni, bayrağı təsdiq edildi, dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olundu".
O.Əsədov vurğulayıb ki, ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Azərbaycan dilini dövlət dili elan etdi və bu barədə xüsusi qanun qəbul olundu:
"Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq qadınlara seçki hüququ verildi.
Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət bölgüsü prinsipinə də riayət edilirdi. Parlament o dövrdə ölkə qarşısında duran əsas vəzifələrin həyata keçirilməsi və qanunvericilik bazasının yaradılması baxımından əhəmiyyətli işlər görür, gənc Azərbaycan dövlətinin dünya dövlətləri tərəfindən tanınması üçün var qüvvəsini sərf edirdi. Qonşu ölkələrlə iqtisadi, ticarət və digər əlaqələrin inkişaf etdirilməsinə də ciddi fikir verilirdi. Parlamentdə qəbul olunan qanun və qərarlar hökumətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayırdı.
O dövrün ictimai-siyasi vəziyyəti ordu quruculuğu məsələlərini ön plana çıxarmışdı. Məhz bu sahənin gücləndirilməsi ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün müstəsna əhəmiyyət kəsb edirdi".
O.Əsədov qeyd edib ki, Sovet hakimiyyəti dövründə əsasən "Sovetlər qurultayı" və "Ali Sovet" adları ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olub, lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilib.
Spikerin sözlərinə görə, 1991-ci ildə sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşdu: "Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü. Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynayıb, müasir peşəkar parlamentin formalaşması istiqamətlərini müəyyən etməyə kömək göstərib".
O.Əsədov deyib ki, ulu öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı: "Real hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin yeri və rolu dəqiq təyin edildi. Parlamentin formalaşdırılmasının müasir standartlara uyğun gələn mexanizmi yaradıldı. Demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb. Artıq 23 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul edib. Ötən illər ərzində parlamentin fəaliyyətinə nəzər salarkən hökmən qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlmişdir".