Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin qanunsuz fəaliyyəti və özbaşınalıqları ilə bağlı dəfələrlə yazılıb.Neqativ hallarda daha çox adı çəkilənlərdən biri də“Atəşgah” Sığorta Şirkətidir. Bu şirkətin qanunsuz fəaliyyəti ilə bağlı növbəti etiraz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdən gəlib. Partiya sədrinin etirazına səbəb Rusiya vətəndaşı olan bir azərbaycanlının başına bu şirkətdə açılan oyundur.
Belə ki, Rusiya vətəndaşına məxsus yenicə alınmış "Toyota" markalı avtomobilin Bakıda "Atəşgah" Sığorta Şirkətində sığortada olan avtomobil tərəfindən arxadan vurulması hadisəsindən sonra problem yaşanıb. Günahkar sürücü öz günahını etiraf edir və lazımi sənədlər polisə, eləcə də "Atəşgah" Sığorta Şirkətinə təqdim edilir. Vətəndaş bir gün sonra öz vurulmuş maşını ilə Rusiyaya qayıdacağını desə də, şirkət üç gün sonra gəlməsini deyir. Çox müzakirədən sonra şirkət könülsüz maşının şəklini çəkməyə razı olur. Ancaq iş bununla yekunlaşmır. Şirkət israrla deyir ki, maşın Azərbaycanda və onların dediyi servisdə təmir edilməlidir. Vətəndaş avtomobili yenicə aldığını və “Toyota” servis mərkəzində qeydiyyatda olduğunu deyir. Buna görə də maşının ancaq həmin servis mərkəzində təmir edilməlidir. Zərəçəkmiş şirkətə pulun hesablanıb ona ödənilməsini və avtomobilini öz yaşadığı ölkədəki “Toyota” servis mərkəzində təmirə verəcəyini deyir.
Sığorta şirkətinin əməkdaşının son sözü avtomobili onların təklif etdiyi qarajda təmir etdirmək olur. Naəlac qalmış zərərçəkmiş razılaşır, amma həmin qarajın lisenziyasının olub-olmaması ilə maraqlanır. Çünki “Toyota” mərkəzi ancaq lisenziyası olduğu təqdirdə vurulmuş avtomobili qəbul edir. Əks halda, “Toyota” servis onu növbəti xidmət müddətindən məhrum edir. Əməkdaş israrla “lisenziyası yəqin ki, var” deyir. Vətəndaş həmin xidmətə zəng edib servis haqqında rəsmi sənəd verə biləcəklərini soruşur. Onlar, “yox” cavabı verir.
Məsələ ilə bağlı prezidentliyə keçmiş namizəd Razi Nurullayevə müraciət edilir və o, sığorta şirkəti ilə əlaqə yaradıb, problemin həll edilməsini xahiş etmək istəyir. Lakin şirkət rəhbərliyinin kobudluğu, qanunlara etinasızlığı ilə qarşılaşır. Bununla bağlı o bildirib ki, "Atəşgah” Sığorta Şirkəti sadəcə vətəndaşları incitməklə məşğuldur. Partiya sədrinin sözlərinə görə, şirkət öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır. Belə ki, konkret olaraq şirkətin müştərisi olan Razi Nurullayevin və qəza olan digər avtomobil sürücüsünü “Atəşgah” Sığorta elə bir vəziyyətlə üz-üzə qoyub ki, pariya sədri bunu ictimailəşdirməyə məcbur qalıb.
Partiya sədrinin söylədiklərini diqqətə alaraq araşdıranda məlum olur ki, "Atəşgah" Sığorta özünün yaratdığı və ya razılaşdığı bir təmir xidməti ilə korrupsiya piramidası qurub. Bu piramida isə ancaq əlavə xərc, əsəb gərginliyi, narahatlıq yaratmağa xidmət edir.
Bundan şirkətin qazancının nə olduğunu hər halda özləri daha yaxşı bilir və bu qazancın heç də az olmadığı qənaətinə gəlmək olar. Əks təqdirdə, şirkət müştərilərinə daha diqqətlə yanaşar, öz vəzifəsinin ancaq qazanc əldə etməklə kifayətlənmədiyini bilərək müştərilərinin də haqlarını qorumağa çalışardı. İndiki halda isə şirkətdən ancaq şikayət xarakterli məlumatların yayılması vəzifə əslində unudulduğunu söyləməyə əsas yaradır. Müştəri məmnuniyyəti deyilən anlayışın bütün qurumlarda əsas prinsip hesab edildiyi dünyada hələ də bu vəziyyəti yaratmağa borclu olduğunu düşünməyənlərin olması da ayrı bir mövzudur. İstər-istəməz belə düşüncə yaranır: Əgər ölkənin məşhurluğu ilə fəxr edən şirkətində vəziyyət belədirsə, başqalarından nə gözləmək olar? Üstəlik əgər bu şirkət prezidentliyə namizəd olmuş bir şəxsə qarşı bu cür davranış sərgiləyirsə, o zaman sıravi vətəndaşların qarşılaşdığı problemləri təsəvvür etmək çətin deyil.
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında ümumiyyətlə sığorta şirkətlərinin vətəndaşlara xidmətində problemlərin olduğunu vurğulayıb: “Sığorta bazarında rəqabətlilik və bir neçə iri şirkətin hegemonluğu var. Bu sektorda çox vaxt vətəndaşlara normal xidmət göstərilmir. Bununla bağlı sosial şəbəkələrdə və mediada çoxsaylı məlumatlar yayılır. Söhbət ondan gedir ki, sığorta şirkətləri rəqabətli şəraitdə işləməyə öyrəşməyiblər və vətəndaşdan, müştəridən daha çox öz mənafelərini güdməyə çalışırlar. Bu, doğru yanaşma deyil. Qonşu ölkələrə baxdıqda görürük ki, sığorta bazarı kifayət qədər genişdir və xarici şirkətlər də bazarda fəaliyyət göstərir.
İsveç, alman şirkətləri Türkiyə, Gürcüstan, Rusiya bazarında da var. Xarici şirkətlərin olması həm oyun qaydalarını dəyişir. Həm müştərilərə münasibəti fərqlənir, həm də yeni bir yanaşmanın gəlməsinə səbəb olur. Məhz buna görə xarici şirkətlərin və rəqabətli mühitin olması vacibdir. Amma sığorta şirkətləri də vətəndaşın xeyrinə işləməli, müştəri qazanmalı, çalışmalıdırlar ki, əllərində olan müştəriləri itirməsinlər. Qlobal olaraq bu bazar haqqında bunu demək olar”.
Espert hesab edir ki, əsas problemlər şirkətlə bağlanan müqavilələrdə özünü göstərir:“Əslində müştəri ilə avtomobilin hansı servis mərkəzində baxılacağı əvvəlcədən razılaşdırılmalıdır. Amma müqavilələr elə tərtib olunur ki, müştərilər də çox zaman oxumadan imzalayır və bu zaman sığorta şirkətləri üstünlük qazanır və həmin imzaya əsaslanaraq istədikləri müştəriyə diktə etməyə başlayırlar”.