Son bir ayda dənizdə, göldə və kanalda batanların sayı 30-u keçib. Keçən illə müqayisədə isə bu hal çoxalıb. Son vaxtların havaların küləkli keçməsi də buna səbəb olan amillər kimi göstərilir.
Maraqlıdır, küləkli havalar buna təsir edə bilərmi?
Millitv.az cebhe.info-ya açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov bildirib ki, külək əksinə temperaturu azaldır, insana müsbət şərait yaradır ki, günəşli havada yaşayıb, dözsün:
"Külək olmasa hər yer istidən yanar. Küləyi yaradan isə yerin qızmasıdır. Həmin küləyin sayəsində insanlar bu isti havaya dözə bilirlər. Küləyin olması insanların boğulmasına təsir edə bilməz"
Ekspert Fərhad Mehdiyev isə Cebhe.info-ya açıqlamasında bildirib ki, küləkli havada dəniz dalğalı olduqca, suyun üst hissəsi sahilə tərəf aparır, lakin ayaqların basdığı yerdə yəni altda isə su dənizə tərəf axır. Ayaqda duran insanı dərinə aparır:
"Bir neçə gün bundan qabaq Bilgəh plajında 3 oğlan və 3 qız dənizə girdi. Hava küləkli olsa da bunlar dünyaya meydan oxuyurlar kimi dənizə girdilər. Şəxsən mən üzə bildiyim halda sudan çıxdım, çünki təhlükədən agaham.
Biraz keçdikdən sonra hay küy qopdu. FHN xilas ediciləri olmasaydı qızlardan biri batırdı, dəniz onu çəkmişdi, oğlan dostları da öz canlarının hayında idilər. Heç biri üzə də bilmirdi. Yaxşı ki, bir evdə daha yas-matəm düşmədi".