Axtarış...

“200-dək bağçanın yerində “göydələn”, şadlıq evi tikilib” - Uşaqların yeri əllərindən alınıb

“200-dək bağçanın yerində “göydələn”, şadlıq evi tikilib” - Uşaqların yeri əllərindən alınıbBaş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər.

Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

1 yaşdan 2 yaşadək - 15 uşaq; 2 yaşdan 3 yaşadək- 15 uşaq;
3 yaşdan 4 yaşadək - 20 uşaq; 4 yaşdan 5 yaşadək - 20 uşaq;
5 yaşdan 6 yaşadək - 20 uşaq.

Müxtəlif yaşlı uşaqlar üçün qruplarda isə 1 yaşdan 3 yaşadək - 10 uşaq; 3 yaşdan 6 yaşadək - 15 uşaq.

Qeyd edək ki, bu əmrin imzalanması məktəbəqədər hazırlıqda keyfiyyətin artırılması məqsədi daşısa da, məktəbəqədər yaşlı uşaqlar və onların valideynləri üçün bır sıra problemlər yaradacaq. Nəzərə alaq ki, paytaxt Bakıda uşaq bağçalarının sayı onsuz da azdır və yer azlığı səbəbindən uşaqların böyük əskriyyəti dövlət uşaq müəssisələrinə getmək imkanından məhrumdur. Özəl bağçalarda isə qiymət həddən artıq baha olduğundan valideynlər çıxılmaz vəziyyətdə qalır.

Cebhe.info-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov bağçalarda problemlərin olduğunu deyib:

“Müxtəlif yaş mərhələlərində olan uşaqların uyğun olaraq hər dərs otağına 10-20 arasında qəbul olunması keyfiyyətin yaxşılaşdırılması məqsədi daşıyır.

“Təhsil haqqında” Qanuna görə, orta ümumtəhsil məktəblərində də hər sinifdə 20 nəfər olmalıdır. O ki qaldı bağça məsələsinə, bu, bizdə problemli məsələdir. Sovet dövründə məsələ müəyyən qədər həllini tapmışdı. Lakin sonrakı dövrdə istər iqtisadi, istər sosial, istərsə də digər sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən boşluqlar yarandı. “Təhsil haqqında” Qanun 15 ilə qədər ləngidi, bəzi normativ-hüquqi sənədlərin hazırlanmasında müəyyən gecikmələr oldu. Ona görə də vəziyyətdən istifadə edilib 300-ə qədər bağça özəlləşdirməyə çıxarıldı. Bu bağçalar missiyası dəyişilməmək şərtiylə özəlləşdirilməli idi. Amma təəssüf ki, 200-ə qədər bağça ayrı-ayrı adamlar tərəfindən alındı, onlar sökülərək yerində “göydələn”lər, məişət evləri, şadlıq sarayları tikildi. Bağça ilə bağlı məsələ bu saat diqqət mərkəzində olan problemlərdəndir. Hazırda məktəbəqədər hazırlıq məsələsi var, təhsilin inkişafına dair dövlət strategiyasında 2020-ci ilə qədər bu problemin heç olmasa 90%-ə qədərinin həlli gündəmdədir. Bağçalarla bağlı statistik göstəricilər regionlarda fərqlidir.

Belə fikir var ki, tikilən “göydələn”lərin aşağı mərtəbəsi baxça kimi istifadə olunsun. Yəni bu istiqamətdə müəyyən işlər gedir”.

Ekspert bildirib ki, bu, birbaşa əhalinin sosial vəziyyətinə təsir göstərir: “Ailələr işləmək üçün övladlarını bağçaya qoymalıdır. Özəl bağçalarda qiymətlər bahadır. Sovet dövründə də uşaqlar məktəbəqədər hazırlığı bağçalarda keçirdilər. İndi isə bu hazırlıq məhz məktəblərin özündə keçirilir. Bizdə də hər məktəbdə buna uyğun şərait yoxdur. Məsələ gündəmdə qalmalıdır ki, ona diqqət artsın”.


Daha çox xəbər

Şərh yaz