Axtarış...

Bayram öncəsi ətin qiyməti BAHALAŞIR - Bazara MƏMUR MÜDAXİLƏSİ var



Hər il Qurban bayramı ərəfəsində ətin qiymətində müəyyən qədər bahalaşma olur.

Hazırda bazarlarda quzu ətinin bir kiloqramı 12, mal əti isə 10-11 manat civarında satılır. Qurban bayramı öncəsi ətin qiymətinin artmasına hansı amillər təsir edir? Ümumiyyətlə, artan qiymət fonunda alıcılıq qabiliyyətini qənaətbəxş hesab etmək olarmı?

Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Redaktor.az-a açıqlamasında vurğulayıb ki, mövcud şəraitdə əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb:

“Ət bazarında aparılan monitorinqlərə əsasən, bu bizneslə məşğul olan sahibkarlar son bir neçə ayda ət alıcılarının sayının və ümumiyyətlə, ət satışının azaldığını vurğulayıblar. Əslində, hazırda tədarükçülər heyvan bazarlarından mal, qoyun almalıdırlar ki, onu Bakı, Sumqayıt və rayon mərkəzlərində sata bilsinlər. Lakin bu gün heyvan bazarlarında alıcı qıtlığı yaşanır. Yəni, tədarükçülərin sayında da azalma müşahidə olunur".



Alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda tədarükçülərin riskə getmək istəmədiyini qeyd edən V.Məhərrəmliyə görə, alıcıların sayının azalması tədarükçülərin biznesinə ziyan vurur:

“İl ərzində fermerlər və ət satışını həyata keçirən sahibkarlar yaxşı gəlir əldə edə bilmədikdə, bayramlarda məhsulun qiymətini artırmağa calışırlar. Təəssüf ki, ölkəmizdə hələ də bazar iqtisadiyyatı oturuşmayıb. Bazarlara məmur müdaxiləsinin olması və əhalinin alıcılıq qabiliyyətinin aşağı olması bazar iqtisadiyyatının oturuşmasına mane olan əsas amillərdəndir. Digər tərəfdən, ölkədə ət istehsalının maya dəyəri yüksəkdir. Son bir neçə ayda otun qiyməti kəskin bahalaşıb. Ötən illə müqayisədə arpa və buğdanın qiyməti isə iki dəfə artıb. Bu faktorlar ətin maya dəyərini yüksəldir və ət istehsalının xərci artır.



Fermerlər çox çətin şəraitdə ət istehsalı ilə məşğul olurlar və bu vəziyyətin qarşısı alınmalıdır

Məmurlar tərəfindən fermerlərin örüş sahələri əllərindən alınıb. Fermerlərin xərcləri çox olduğuna görə, ət istehsalını baha qiymətə edirlər. Bu sahənin qaydasına qoyulması zəruridir. Bu il müsbət istiqamət üzrə hansısa dəyişiklik olmayıb".

Ekspert bildirib ki, Kənd Təsərrüfatı Nazirliyində baş verən kadr dəyişikliyi müsbət təsirə malik ola bilmədi və daha ciddi problemlər yaratdı:

“Dəyişiklik fonunda gənclər və bir sıra qeyri-peşəkar şəxslər nazirliyə gətirilib. Lakin bu addım gözlənilən nəticəni vermədi. Belə ki, geriləmə daha da sürətlənib. Maldarlığın inkişafı üçün yem bazası möhkəmlənməli, örüş sahələrindən səmərəli istifadə olunmalıdır. Həmçinin zəbt olunan örüş sahələri geri qaytarılmalıdır.

Qeyd edək ki, Azərbaycan əhalisinin qırmızı ətə olan illik tələbatı 350 min tona yaxındır.



Şərh yaz