Axtarış...

Azərbaycanda reablitatsiya vasitələri pulsuzdur, amma vətəndaşlar onları pulla alır

Azərbaycanda reablitatsiya vasitələri pulsuzdur, amma vətəndaşlar onları pulla alırBir neçə gün öncə redaksiyamıza bir ana məktub yazıb. Məktubda uşağının eşitmə qüsurlu olduğunu və ona qulaq aparatını ala bilmədiyini qeyd edib. Kömək üçün bizə yazan ana həmçinin bir neçə yerə müraciət etsə də kömək ala bilməyib. Bildirib ki, Mingəçevir şəhərində aparat almaq üçün müraciət etsə də bir həkim tərəfindən tənqid olunub. Anaya "sən uşağına bir qulaq aparatı ala bilmirsənsə necə valideynsən" - deyə bildirilib. Bu tənqiddən təsirlənən ana borc edərək uşağına qulaq aparatı alıb. Hara müraciət edəcəyini bilmədiyi üçün növbəti dəfə bizə məktub yazaraq yardım istəyib.

Bəs əslində bu cür xəstələr dövlətdən yardım almalıdılarmı? Onlara bu işdə hansı qurumlar kömək etməlidir?
Anews.az olaraq bu suala cavab tapmağa çalışdıq:

Bu məsələdə məsul olan Tibbi-Sosial Ekspert Komissiyasının mətbuat katibi Gülnar Əzizova anews.az-a açıqlamasında bildirdi ki, sağlamlıq imkanları məhdud uşaqlara 18 yaşına qədər dövlət tərəfindən reablitatsiya vasitələri verilir. Qulaq aparatları da bu vasitələrə aiddir.

"Hal- hazırda bu ilin satınalmalarında müəyyən gecikmələr olduğu üçün bir az növbə yaranıb. Ancaq qanuni şəkildə 3 ildən bir və ya istismar müddəti başa çatmış hər bir əlilliyi olan vətəndaşa eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara reablitatsiya vasitəsi verilir. Azərbaycanda 620 min əlilliyi olan vətəndaş var. Biz bütün qayda-qanunlar çərçivəsində onlara yardım etməyə çalışırıq. Bəzən elə vətəndaşlar olur ki, bu vasitələrin dövlət tərəfindən verilməsindən xəbərsiz olur. Mütləq şəklində onlar bilməlidir ki, dövlət hər zaman onlara reablitatsiya vasitələrini pulsuz verir. Bunun üçün sadəcə qeydiyyatda olduqları TSEK-dən və xəstəxanadan arayış almaqla qeydiyyata yazılmalıdırlar", - deyə Gülnar Əzizova vurğuladı.

Azərbaycan Karlar Cəmiyyətinin sədri Kamalə Ələkbərova isə bildirdi ki, bizim təşkilat eşitmə məhdudiyyətli vətəndaşlarımızın müalicəsinə, reabilitasiyasına, normal həyata qaytarılmasına, sosial və maddi, hüquqi, mülki və qanunvericiliklə bağlı problemlərini həll etməkdən ibarətdir.

"Bu sahədə bir çox addımlar atmağa başlamışıq. Eşitmə məhdudiyyətli vətəndaşlarımızın həyatlarını maddi və mənəvi cəhətdən asanlaşdıracaq bir sıra layihələr həyata keçirmək üzrəyik. Bu layihələrdən biri də eşitmə məhdudiyyətli vətəndaşlarımızın müxtəlif peşələrə sahib olacaqları "Təhsil peşəsi” layihəsinin icrasına ”Nar”-ın dəstəyi ilə start vermişik. Eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olunması probleminin həlli cox vacibdir.Birliyin bu layihəni həyata keçirilməsində əsas məqsədi, eşitmə məhdudiyyətli insanları təhsil aldıqdan sonra işlə təmin olunmasında yardımçı olmaqdır. Eşitmə məhdudiyyətli vətəndaşlar kursu bitirdikdə sertifikat alacaqlar və işlə təmin olunacaqlar".

Qeyd edək ki, Azərbaycan Karlar Cəmiyyətinin sədri Kəmalə Ələkbərova bizim müraciətdən sonra ana ilə görüşərək ona bu aparatın alınmasında yardım edəcəyini bildirib. Həmçinin TESK-in mətbuat katibi Gülnar Əzizova da valideynlə əlaqə saxlıyaraq məsələni diqqətdə saxlıyacağını qeyd edib.

Mövzuya bir müddət sonra yenidən qayıdacayıq.

Gülnar Nazimqızı


Daha çox xəbər

Şərh yaz