“Sənədimi Lənkəran Hərbi Komissarlığına verib gedəndə 18 yaşım vardı. İndi 47 yaşım var, ancaq hələ də hərbi biletim, şəxsiyyət vəsiqəm yoxdur. Dəfələrlə hərbi komissarlığa getdim, dedilər, bizdə olan məlumata görə, sən şəhid olmusan”.
Bunu hərbi biletinin verilməməsindən şikayətçi olan Lənkəran sakini Əfqan Kərimov Meydan TV-yə müraciətində deyib.
O bildirib ki ki, 1993-cü ildə hərbi xidmətə gedib. Lənkəran Rayon Hərbi Komissarlığından əvvəl Pirəkəşküldəki, sonra Gəncədəki N saylı hərbi hissədə, daha sonra Kəlbəcərdə, Murovdağda xidmət edib. Sonra yenə Gəncədəki N saylı hərbi hissəyə qaytarılıb.
Əfqan Kərimovun deməsinə görə, hərbi hissənin həyətində yaralanıb:
“Surətin batalyonunda olmuşam. Kəlbəcərə, Murovdağa həmin batalyonun tərkibində gedib, döyüşüb Gəncəyə qayıtmışam. Hərbi hissənin ərazisində mina basdırılmışdı, mən də həmin minaya düşmüşdüm. Başımdan, ayağımdan yaralandım. Uzun müddət Gəncədəki hərbi hospitalda müalicə olundum, hospitaldan evə buraxıldım. Mənə bildirilmişdi ki, Lənkəranın Hərbi Komissarlığına gedib, hərbi biletimi götürüm. Səhhətimlə əlaqədar hərbi biletin dalınca bir müddət gedə bilmədim. Sonralar gedəndə isə bildirdilər ki, sənin hərbi biletin hərbi hissədən bizə gəlməyib”.
Əfqan Kərimov iddia edib ki, uzun müddət hərbi hissəylə hərbi komissarlıq arasında qalsa da, nəticəsi olmayıb:
“Mən hərbi xidmətə çağırılanda qırmızı pasportumu almağa gecikmişdim deyə, hərbi komissarlığa doğum haqqında şəhadətnamə vermişdim. Sonralar mənə problem yaradan səbəblərdən biri də bu oldu. Bir dəfə hərbi komissarlığa gedəndə isə üzümə dedilər ki, bizdə olan məlumata görə, sən şəhid olmusan. Uzun müddət hərbi bilet üçün gedib-gəldim. 47 yaşım var, 18 yaşında çəkdiyim hərbi xidmətin hərbi biletini hələ də ala bilməmişəm. Nəticədə şəxsiyyət vəsiqəsi də ala bilməmişəm. Gedirəm şəxsiyyət vəsiqəsi almağa, deyirlər, hərbi bileti təqdim et, gedirəm hərbi bileti almağa, deyirlər, şəxsiyyət vəsiqən yoxdur, verə bilmərik. Beləcə, ömrümün yarısından çoxunu sənədsiz-sübutsuz başa vurmuşam”.
Əfqan Kərimov deyib, əlində bircə hospitaldan buraxılması ilə bağlı sənəd olub, onu da bir neçə il əvvəl elə sənədlərini düzəltmək üçün gedib-gəldiyi dövlət idarələrində götürüblər, sonradan o da geri qaytarılmayıb.
Lənkəran Rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik İdarəsindən məsələyə müasibət öyrənmək mümkün olmayıb.
Meydan TV