Axtarış...

Suraxanı sakinləri Prezidentə MÜRACİƏT ETDİ - Problemlər...


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq Dialoq Kampaniyasının təsisçisi Leyla xanım Əliyevaya
Surəti: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov

M ü r a c i ə t

Hörmətli cənab Prezident. Hörmətli Mehriban xanım. Hörmətli Leyla xanım.
Biz Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsinin sakinləri yaşadığımız ərazidə mövcud problemlər barədə dəfələrlə yerli orqanlara məlumat versək də, onlar tərəfindən heç bir iş görülməyib. Yaşadığımız ərazidə ekoloji vəziyyət çox pisdir. Kanalizasiya sistemi yoxdur, məhəllədaxili yollar asfaltlanmayıb, küçələrdə işıqlandırma yoxdur, zibillər qalaqlanıb, Əhmədli qəsəbəsi tərəfdən müxtəlif məişət tullantılarının atılması ərazini zibil poliqonuna çevirib. Məişət tullantılarının mütəmadi yandırılması isə havanı zəhərləyir, ekoloji fəlakət yaşanır. Uşaqlarımız zibillərin arasında oynayır. Ərazidə oyun meydançası yoxdur çünki. Leyla xanımdan xahiş edirik bizim məhəllədə “Bizim həyət” layihəsinin icrasına göstəriş versin. Ərazidə ictimai nəqliyyat da bərbad işləyir. 50 saylı marşrut xətti ilə hərəkət edən avtobusların hamısı köhnə, nasazdır. Avtobuslar tez-tez yolda xarab olur, sərnişinlər yarı yolda qalır. Avtobus dayanacağı nişanı qoyulub, amma duracaq yer yoxdur. Yolun qarşı tərəfinə keçib avtobusa minmək üçün də heç bir şərait yoxdur. Piyada keçidi nişanı qoyulsa da, piyada zolaqları çəkilməyib deyə avtomobillər piyadalara yol vermir. Yolu keçmək piyadalar üçün real təhlükədir. Bir müddət əvvəl yolda sədd tikilərək daraldığından tıxaclar qaçılmaz olub, tez-tez qəza vəziyyəti yaranır. İşıqfor yalnız avtomobillərin hərəkətini tənzimləyir, piyadalar üçün deyil. Babək prospekti ilə üzü yuxarı – Günəşli qəsəbəsinə gedən yolun sağındakı əlavə tikili məhəllədaxili yoldan ana yola çıxan avtomobillər üçün görüntünü məhdudlaşdırır, bu da qəza vəziyyəti yaradır.
Cənab Prezident! Biz sakinlər dövlətimizin hər sahədə möhkəmlənməsini ürəkdən arzulayan vətəndaşlar olaraq torpaq və əmlak vergilərini vaxtlı-vaxtında ödəyirik. Lakin bunun müqabilində yerli orqanlar problemlərimizi həll etmir. Biz Sizin şəhərimizin, qəsəbələrin abadlaşmasına xüsusi diqqət ayırdığınızı bilirik, lakin bəzi məmurlar üzərlərinə düşən vəzifəni yerinə yetirmir.
Cənab Prezident! Ölkəmiz mötəbər beynəlxalq tədbirə - COP29-a hazırlaşır. Paytaxtın bir çox ərazilərində təmir-abadlıq işləri aparılır. Bunlar, əlbəttə bizi sevindirir. Amma istərdik ki, şəhərdə aparılan abadlıq işləri bizim qəsəbəyə də şamil edilsin. Cənab Prezident, Sizdən xahiş edirik qəsəbəmizin abadlaşması üçün müvafiq qurumlara tapşırıq verəsiniz. Ümidimiz Sizədir, cənab Prezident!
Sizə böyük hörmətlə, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsinin bir qrup sakini.

SHERG.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz