Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, bina 14 B sakini Qarayev Müsadif Mürvət oğlu “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı haqsızlıqlardan danışıb. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi deyir ki, dövlət daxilində vəzifə tutaraq öz maraqları xatirinə heç bir qanunlara məhəl qoymayan, xalqı pozucu əməlləri ilə dövlətə, prezidentə qarşı qaldırmaq istəyən xəyanətkar məmurlar hələ də işlərini davam etdirməkdədirlər:
“Cənab Prezident!
Sizin dəfələrlə onlara qarşı etdiyiniz çıxış və xəbardarlıqlarınız (18.07.2021-ci il çıxışı) hələ də onları haqq yoluna qaytara bilmir. Məsələn, Quba Rayon Prokurorluğunda haqsızlıqlar baş alıb gedir. Quba rayon prokuroru Namiq Muradovun Respublika Prokurorluğunda himayədarı kimdirsə, heç bir qanunlara məhəl qoymadan Quba rayonunda olan oğruları, cinayətkarları, dələduzları müdafiə edir.
Belə dələduzlardan biri Quba rayon Qırız Dəhnə kəndinin Bələdiyyə sədri Nadir Məmmədovdur. Mən Nadir Məmmədovdan 2007-ci ildə köçkün kimi 0.12 sot torpaq sahəsi alıb, içərisində 2 otaqlı ev tikmişəm. O, həmin torpaq sahəsinə görə məndən “rüsüm ödəmək” adı ilə 10 min manat pul alıb.
Nadir Məmmədov əvvəl bələdiyyə sənədi, sonra isə əlavə 2000+1000 AZN pul alaraq mənə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə vermişdir(kod: 30305058).
Ailə vəziyyəti ilə əlaqədar axırıncı 3 ildə Bakı şəhərində yaşamalı oldum. Bələdiyyə sədri bundan istifadə edərək 2 otaqlı evimi Kamran adlı qonşumun əli ilə sökdürüb, evimin içərisində olan məişət əşyaları ilə birlikdə talan etmişlər. Onun əvəzində mənim sahəmin çox hissəsini Kamrana və başqa bir şəxsə satmışdır.
Həmin vaxtdan 1-il keçməsinə baxmayaraq Quba Rayon Prokurorluğunda heç kimə qarşı cinayət işi açılmamışdır. Və yaxud da Bələdiyyə sədrinə “gözün üstə qaşın var” deyən olmamışdır. Hansı ki, o, dəfələrlə dələduzluğa görə polisə, prokurorluğa düşüb, portalda adı dələduz kimi keçir, lakin ona qarşı prokurorluq heç bir tədbir görmür.
Quba Rayon Prokurorluğunda işin araşdırılması əvvəlcə Ramal Quliyevə həvalə edildi. Lakin Ramal Quluyev işi araşdırmaq əvəzinə, yalançı şahidlər tutaraq, həm Bələdiyyə sədrini, həm də evimi talan edən cinayətkarları müdafiə etməklə məşğul oldu. Belə ki, o, mənim şahidlərimin faktla bağlı dediyi sözləri təhrif edərək, qarşı tərəfin xeyrinə yazmış, özünün “şahid” kimi izahat aldığı şəxslərin izahatlarını isə şəxsən yazaraq dəlilləri ört-basdır etməyə çalışmışdır.
Ramal Quliyevin çıxardığı qanunsuz qərar mənim şikayətimdən sonra Respublika Prokurorluğunun İstintaqa nəzarət idarəsi tərəfindən ləğv edildi. Mən ərizəmdə Respublika Prokurorluğuna müraciət etdim ki, bu işdə Quba rayon prokuroru Namiq Muradov maraqlı olduğu üçün, bu iş ya qonşu rayonların birində, ya da Respublika Prokurorluğunda araşdırılmalıdır. Namiq Muradovun həvədarları buna da imkan vermədilər və işi yenidən Quba Rayon Prokurorluğuna göndərdilər.
Mən Namiq Muradovdan şikayət edirəm, mənim şikayətimi ona qaytarırlar ki, Qarayev Müsadif sizdən, sizin işinizdən şikayət edib, o işi araşdırın. Bu nə dərəcədə düzgündür?
Möhtərəm Prezident!
Axı, Siz öz çıxışınızda göstərdiniz ki, şikayət edilən məmurun şikayətini tədbir görülməsi üçün bəzən özünə göndərirlər, bu, yolverilməzdir. Bəs yolverilməzdirsə, niyə Sizin göstərişinizə məhəl qoyulmur?! Öz bildiklərini edib, yenidən işi Quba Rayon Prokurorluğuna göndərirlər.
Dəfələrlə Respublika Prokurorluğuna müraciət etmişəm ki, ədalətli araşdırma aparılması üçün bu işi başqa rayona göndərsinlər. Heç bir nəticə yoxdur, yenə də öz bildiklərini edirlər, mənim müraciətimə məhəl qoymurlar.
Bəs, Sizin göstəriş və çıxışlarınıza niyə məhəl qoyulmur? Onda bu adamlar kimlərə və hansı dövlətə qulluq edirlər? Və bizə hansı çıxış yolu qoyurlar? Biz nəyə, hansı yola əl atmalıyıq ki, haqqımızı tələb edə bilək?!
Cənab Prezident!
Məndən pulu alan (10 min AZN) bəllidir. Bələdiyyə sədri Nadir Məmmədov bu pulu 4 nəfər şahidin yanında alıb, 4-ü də təsdiq edir. Məndən pul alıb, əvvəl Bələdiyyə sənədi, sonra isə şəhadətnamə verən (kod: 30305058) bəlli, saxta sənəd verən müəssisə bəlli, adamların imzası bəlli, amma prokurorluq günahkarları tapa bilmir. Deməli, tapmaq istəmir.
Mənə saxta sənəd verən Nadir Məmmədovdur, amma müstəntiq sübut etməyə çalışır ki, sənədi mənə başqa adam verib. Guya Bələdiyyə sədri Nadir Məmmədovun bu işdən xəbəri yoxdur. Bu, absurddur. Bunu düşünən prokurorluq işçilərinə nə ad vermək olar?! Onlar sübut etməyə çalışırlar ki, Nadir Məmmədov məndən nə pul alıb, nə mənə torpaq verib, nə mənə saxta sənəd verib, nə mən orada ev tikib yaşamışam, nə də evimi söküb məişət əşyalarımı, tikinti materialları ilə birlikdə oğurlayıblar. Nadir Məmmədovun guya bunlardan xəbəri yoxdur. Elə bil, ümumiyyətlə, heç bir cinayət işi baş verməyib.
5-10 nəfər şahidin dediklərinin əvəzində təkcə Nadir Məmmədovun sözü prokurora yetərli olur. Axı, prokuror Namiq Muradovu bu haqsızlığı etməyə məcbur edən nədir? Hansı maraqdır? Bunu yuxarı aidiyyət inistansiya, ya da məhkəmə araşdırıb, həll etməlidir.
Quba Rayon Prokurorluğunda bir nəfər qonşudan, yəni evimi sökən Kamrandan soruşur ki, Nadir Məmmədov rüşvət ala bilər? O da deyir ki, yox. Yəni 4 nəfər şahidin təsdiqini kənara atıb, 1 nəfərin sözü ilə sübut etmək istəyirlər ki, Nadir pul almayıb.
2 otaqlı evimi söküb, evimin materiallarını daşımaqla bərabər, içindəki məişət əşyalarını da oğurlayıblar. Sifarişçi Nadir Məmmədov, aparan Kamrandır, bunlar da məlumdur. Amma ortada nə cinayətkar, nə də cinayət işi var. Sanki heç nə olmayıb. Quba Prokurorluğu isə evimin ölçüsünü azaltmaqla məşğuldur. Birinin adından 3x5, birinin adından 3x2 metr, Kamranın atasının adından isə, guya, 1.05x2 metr olduğunu sübut etməyə çalışırlar. Prokurorluğun müstəntiqləri əsl şahidlərdən mənim evimin ölçülərini soruşub bilsələr də, yazanda müstəntiqə sərf etmədiyinə görə, bilərəkdən qeyd etməyiblər. Halbuki, polis mayoru Sultanovla hadisə yerində olanda hələ evin söküntüləri, inşaat materiallarının qalıqları, yəni dəlillər var idi. Mayor Sultanov həmin yerin şəklini çəkdi və prokurorluğa göndərilən sənədlərin içərisinə qoydu. Lakin Ramal Quliyev həmin sənədi və şəhədatnaməni işin arasında yoxa çıxarıb. Qanun keşiyində durmaq istəyən prokuror bütün bu qanunsuzluqları nəyin xatirinə, hansı maraq xatirinə edib?!
Prokuror Namiq Muradov isə bütün bunlari bilə-bilə susur, ya Respublika Prokurorluğundakı İstintaqa Nəzarət idarəsinin məmurları tərəfindən məcbur edilir, ya da külli miqdarda maraq xatirinə.
Hər iki hal araşdırılmalıdır. Mən evimin söküldüyünü görüb mənə xəbər verən adamın və evimi tikən ustaların dəfələrlə şahid kimi izahatlarının alınmasını tələb etsəm də, bilərəkdən, məqsədli şəkildə bunları etmədilər. İndiki müstəntiq etmək istəsə də, Namiq Muradov buna imkan vermir. Çünki hər iki müstəntiq xırda bir işi görmək üçün belə, ona müraciət edirlər. Əgər Quba rayon prokuroru Namiq Muradov bu boyda rüşvətxorluğa, talançılığa və cinayətə bilə-bilə göz yumursa, deməli, bizi özbaşınalıq, itaətsizlik və hər kəsin öz işini özü həll etmək dövrünə gətirib çıxarmaq istəyir. Demək, Qubada pulun varsa, istədiyini edə bilərsən.
Quba Rayon Prokurorluğunda iş o yerə çatıb ki, bir ay bundan qabaq qovluqda olan izahat və sənədlər istənilən vaxt dəyişilə və yoxa çıxa bilər. Ona görə, hər 3 halda bu iş Quba Prokurorluğunda yox, başqa rayonlardan birinin prokurorluğunda yenidən araşdırılmalı və müstəntiq Ramal Quliyev CM-nin 291, 294, 295.1, 299.1, 309.1 və 313-cü maddələri tətbiq edilərək, cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmçinin, Bələdiyyə sədri, evimi sökdürüb talan etdirən Nadir Məmmədov, söküb daşıyan Kamran və digərləri haqqında CM-nın 171.1, 177.3.2, 178.1, 178.2.1, 178.2.3, 178.3.2, 181.2.4 maddələri tətbiq edilməklə, hüquq müstəvisində tədbir görülməlidir.
Möhtərəm Prezident!
Bu iş Sizin nəzarətinizə götürülməsə, çətin ki, öz həllini tapsın. Çünki Respublika Prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəis müavini Fəqan Mahmudovu Quba zonasının kuratoru o dərəcədə yalanlarla inandırıb ki, artıq Fəqan Mahmudov Bələdiyyə sədri və müstəntiq R.Quliyevin xeyrinə qərar verib. Ona görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Baş prokuror Kamran Əliyevin bu işə müdaxiləsi mütləqdir. Çünki Quba Rayon Prokurorluğunun qanunsuzluğu bütün həddləri aşaraq, məsələləri siyasi müstəviyə çıxarmağa xidmət edir.
Cənab Prezident!
Quba Rayon Prokurorluğunda baxılan işin heç bir nəticəsinin olmayacağı əvvəldən məlum idi. Çünki Quba rayon prokuroru Namiq Muradov bu işdə maraqlı adamdır və bu halda məsələnin ədalətli həlli mümkün deyildir. Ona görə, bu iş ya başqa rayon prokurorluğunda, ya da Respublika Prokurorluğunda araşdırılmalıdır. Bu səbəbdən, Sizdən bir daha xahiş edirəm:
1. Quba Rayon Prokurorluğunda 17 noyabr 2023-cü il tarixli rədd qərarından sonra, Respublika Prokurorluğunda İstintaqa nəzarət idarəsinin həmin işin araşdırılmasını yenidən Quba Rayon Prokurorluğuna göndərilməsi dayandırılsın, iş başqa rayon prokurorluğunda araşdırılsın;
2. Mənim Qırız Dəhnə kəndində tikdiyim 2 otaqlı evimin sökülüb talan edilməsinə hüquqi qiymət verilsin, evimlə birlikdə ev əşyalarımın da qiymətləndirilib, dəyən ziyanın qarşılığı NadirMəmmədov tərəfindən ödənilsin və torpağımın yerində tikilən evin sökülməsi təmin edilməklə, cinayətkarlar məsuliyyətə cəlb edilsin;
3. Bələdiyyə sədri Nadir Məmmədovun mənə verdiyi(JT168F nömrəli, kod:30305058 olan) şəhədatnamənin nəyə görə qanunsuz verildiyinin günahkarı aşkar edilsin və sənədə görə “rüsüm” adı ilə ödədiyim 10 min AZN pulum mənə qaytarılsın;
4. Quba Rayon Prokurorunun köməkçisi R.Quliyev öz mənafeyi naminə cinayətkara himayədarlıq etdiyi, prokurorluq haqqında qanunun 5-ci maddəsinin tələblərini pozduğu üçün ona cinayət işi qaldırılsın;
5. Evimi söküb talan edən adamların haqqında cinayət işi qaldırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin və mənə dəyən ziyan ödənilsin;
6. Qubada dəfələrlə dələduzluğa görə məsuliyyətə cəlb edilən Nadir Məmmədov haqqında cinayət işi qaldırılsın;
7. Araşdırma zamanı şahidlərin verdiyi izahatlarla və başqa sənədlərlə tanış olmağım üçün şərait yaradılsın. Çünki işə mənim və şahidlərim haqqında saxta sənədlər və izahatlar tikilib;
8. Mənə dəyən maddi və mənəvi ziyan ödənilsin”.