Göyçay rayon sakini İsmayılov Telman Valik oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir:
“Bildirirəm ki, Göyçay Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli, 50 saylı qərarı ilə 5 (beş) nəfərdən ibarət olan ailəmizə (bir nəfərə 0.71 ha olmaqla) JN 296 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə pay torpağı verilmişdir. Pay torpağı 3,55 ha olduğu halda keçmiş, rəsmi şəxslərin səhlənkarlığı nəticəsində JN-296 saylı Dövlət Aktı tərtib olunarkən ailə üzvlərimizin adları tam göstərilsə də, yekunda 2.41 ha torpaq sahəsi kimi qeyd olunmuşdur. Heç bir digər mülkiyyətçi ilə mübasihəmiz olmadan, bu günə kimi torpaq sahəsindən öz təyinatı üzrə istifadə edirik.
Prezident ilham Əliyevin 07 mart 2016-cı il tarixli, 818 saylı fərmanının icrası ilə əlaqədar yeni elektronlaşma informasiya sistemində düzəliş aparılsa da, 16 saylı Ucar Ərazi İdarəsi buna məhəl qoymur. Yəni torpağa düzgün çıxarış vermir. Bu, bizə dövlət tərəfindən ayrılan subsidiyanın miqdarına xeyli təsir edir.
Qeyd edirəm ki, görüş zamanı Elşad Məmmədov Prezidentin 07 mart 2016-cı il tarixli 818 saylı fərmanının “boş şey olduğunu” bizə bildirdi. O, dedi ki, bu haqda məhkəmələrə göstəriş verəcəm, sənədlərinizi versinlər. Elşad Məmmədov kimdir? Prezidentin qərarını heçə sayacaq cəsarəti haradan tapır?
Mətin Eynullayev, Nigar Alimova, Fərid Cəfərov, Əliqulu müəllim kimi məmurlar xalqdan nə istəyir? Niyə bu qədər düşmənçilik edirlər?
Bir sözlə, Göyçayda Prezidentin fərmanına qarşı çıxırlar.
Xahiş edirik, biz vətəndaşları süründürüb, sənədlərin verməyən bu məmurlar barədə tədbir görülsün”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.