Axtarış...

Ermənistanın sonunu gətirəcək həmlə - İNCƏLƏMƏ

Ermənistanın sonunu gətirəcək həmlə - İNCƏLƏMƏ

Ermənistanın Azərbaycanla aparılan sülh danışıqları ilə paralel silahlanmaya üstünlük verməsi bölgədə yeni müharibəyə hazırlıq kimi də qiymətləndirilir.

Xüsusilə də Ermənistanın Fransadan uzaq hədəfləri vuran “Sezar” haubitsalarının alınmasına dair müqavilə imzalaması bölgədə vəziyyəti gərginləşdirib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda da bildirilir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər, yeni müharibəyə aparan yoldur.

Qeyd edək ki, Ermənistan 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğuları ilə yanaşı, Hindistanla İsrailin birgə istehsalı olan ortamənzilli “MR-SAM” raketlərinin tədarükünə hazırlaşır. Bundan başqa, Ermənistan Hindistanın “Akash-NG” zenit-raket komplekslərinin alınmasına maraq göstərir. Göründüyü kimi, Ermənistan hərbi arsenalını müasir ağır silahlar hesabına yeniləməklə məşğuldur. Rəsmi İrəvan Fransanın Cənubi Qafqazda möhkəmlənmək səylərindən istifadə edərək İkinci Qarabağ müharibəsindən sonra itirdiyi hərbi potensialını bərpa etməyə çalışır.

Yəni Paşinyan hökuməti Ermənistanın dağılmış ordu sistemini Fransanın hərbi və maliyyə dəstəyi hesabına modernləşdirmək istəyir. Bu, regionda Rusiya və Qərb arasında artan rəqabət fonunda Nikol Paşinyana Kremlin təzyiqlərindən qorunmaq üçün də lazımdır. Gələcəkdə Rusiya qoşunlarını Ermənistandan çıxartmağı planlaşdıran və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək barədə düşünən Paşinyan hökuməti Azərbaycanın qarşısında müdafiəsiz duruma düşəcəyindən ehtiyat edir. Çünki Ermənistanın Azərbaycanla sərhədləri hələ müəyyənləşməyib. Ermənistanın xarici sərhədlərinin və hava məkanının yeganə müdafiəçisi də Rusiyadır.

Qərb dövlətləri isə Ermənistanın təhlükəsizliyinə təminat vermir. Ona görə də Rusiya qoşunlarının ölkəni tərk edəcəyi təqdirdə, rəsmi İrəvan Fransa, Hindistan və digər ölkələrdən aldığı güclü silahlar hesabına öz sərhədlərini Rusiyadan daha yaxşı mühafizə etməyə hazır olduğunu göstərir. Lakin istər “Sezar” haubitsaları, istərsə də ortamənzilli raketlər atəş məsafəsinə görə müdafiədən daha çox hücum silahlarıdır. Ermənistanın regionda müharibə vəziyyətində olduğu yeganə ölkə isə Azərbaycandır.

Deməli, Ermənistan hərbi arsenalını gücləndirdikdən sonra Azərbaycana qarşı növbəti müharibəyə başlaya bilər. Bu təcavüzün mütləq Nikol Paşinyanın hakimiyyəti dövründə baş verəcəyini demək olmaz. Amma Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etməsi növbəti işğalçılıq müharibəsinin başlanması üçün zəmin yaradır. Çünki Ermənistanın konstitusiyasında və digər hüquqi normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Bu isə gələcəkdə Azərbaycan torpaqlarının işğalı və ilhaqı məqsədilə yeni bir müharibə dalğasının başlanmasına səbəb ola bilər. Rəsmi İrəvan Rusiyadan fərqli olaraq, Qərbin bu müharibədə Ermənistana dəstək verəcəyinə ümid edir. Rəsmi İrəvanın guya COP29 tədbirindən sonra Azərbaycanın Ermənistana hücuma hazırlaşdığına dair iddiaları da belə bir münaqişənin baş verməsi üçün beynəlxalq ictimai rəydə zəmin hazırlamaq cəhdidir.

Paşinyanın konstitusiya referendumundan yayınması perspektivdə bu təhlükənin reallaşması üçün hüquqi və siyasi zəmin yaradır. Azərbaycana qarşı ərazi müharibəsinin başlanması post-Paşinyan dövründə, yəni başqa bir siyasi qüvvənin hakimiyyətə gəlməsindən sonra da ola bilər. Xüsusilə də Ermənistanda revanşist müxalifət iqtidara gələrsə, ağır və öldürücü silahlardan Azərbaycana qarşı hücum məqsədilə istifadə etmək təhlükəsi yaranacaq. Ona görə də bütün hallarda Ermənistana öldürücü hücum silahlarının verilməsi region ölkələri üçün təhlükədir.

Ermənistanın son günlər silahlanması fonunda verdiyi bəyanatlar həm hərbi, həm də diplomatik müstəvidə Azərbaycana təzyiq etmək cəhdi hesab oluna bilər. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı bir ay ərzində rəsmi İrəvanın təkliflərinə cavab verməməkdə ittiham edir.

Bununla da Ermənistan sülh danışıqlarında Azərbaycan qarşısında şərt irəli sürür. Söhbət sərhədlərin Almatı Bəyannaməsinin imzalandığı 1991-ci il xəritələri əsasında delimitasiya və demarkasiya olunmasına dair bəndin sülh müqaviləsinin mətninə daxil edilməsindən gedir. Baş nazir Paşinyan bu təklifin Azərbaycan tərəfindən qəbul ediləcəyi təqdirdə, bir ay müddətində sülh sazişini imzalamağa hazır olduğunu demişdi. Eyni zamanda, XİN Ermənistanın 30-dan çox kəndinin həyati əhəmiyyətə malik ərazilərinin guya Azərbaycan tərəfindən "işğal" olunduğunu bəyan edib.

Bununla da rəsmi İrəvan hazırkı şərti sərhəddə yerləşən 31 kəndin yaxınlığında Azərbaycana məxsus yüksəkliklərin guya 1991-ci il xəritələrində Ermənistana aid olduğunu sübut etmək istəyir. Yəni Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddiaları irəli sürür və ağır silahları toplamaqla sərhədi iddia etdiyi koordinat üzrə çəkəcəyinə dair hədələyici mesaj verir. Ancaq Ermənistan rəsmiləri Azərbaycanla de-yure sərhədin olmamasını nəzərə almır. Yəni sərhədin olmadığı bir halda yeni müharibənin başlanması Ermənistanın daha böyük ərazilər itirməsi ilə nəticələnə bilər.

"Cebhe.info"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz