İş həyatında qarşımızda duran öhdəliklərdən biri dövlətə vergi borclarının ödənilməisidir. Dövlətə vergi ödəməyə borclu olan şirkətlər öhdəliklərini müvafiq qanunvericilik çərçivəsində yerinə yetirməlidirlər. Bununla belə, müxtəlif səbəblərdən şirkətlər vergi məbləğlərini onlara verilən müddət ərzində ödəyə bilmirlər. Azərbaycanda da son vaxtlar bəzi şirkətlərin külli-miqdarda vergi borcları var. Bu şirkətlər arasında "Baku Electronics" MMC, "Qaradağ Şüşə Zavodu" ASC-nin, "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var. Bəs dövlətə külli-miqdarda borcu olan və həmin borcları ödəməyən şəxsləri hans cəza gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev Sonxeber.az-a açıqlamasında bildirib ki, vergi borcunu ödəməyən şəxslər barəsində qanunvericiliklə müvafiq tədbirlər görülür:
"İlk olaraq qeyd edim ki, vergi borcunu ödəməyən şəxslər barəsində qərarlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Əgər şəxslər xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınırsa, Cinayət Məcəlləsi ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. O cümlədən eyni əməllə mütəşəkkil dəstə tərəfindən yaxud külli miqdarda törədilirsə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir məsələni diqqətə çatdırım ki, bu maddədə xeyli miqdar dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Eyni zamanda, bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Xatrıaldaq ki, "Baku Electronics" MMC-nin vergi borcu 1 213 691.29 manatdır. Bu vergi borcu 11.03.2024-cü il tarixinə olan məlumatdır. "Ağ Naftalan" MMC-nin isə dövlətə 15.433 manat vergi borcu var. Bununla yanaşı, Baş Prokurorluğa edilən müraciətdə sənədləri saxtalaşdıran şirkətlərin sırasında "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var. 120 ton maye şüşə, nizamnamə kapitalı 35.950.630 manat olan "Qaradağ Şüşə Zavodu" ASC-nin də külli miqdarda vergi borcu var.