Xəbər verdiyimiz kimi, Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
Dia-az.info xəbər verir ki, kurortun rəhbəri Yevgeni Bakulin azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağladığını bildirib.
Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
Bakulin artıq Jeleznovodskda Azərbaycan sərmayələrinin uğurla icrasının şahidi olduqlarını da xatırladıb.
Qeyd edək ki, Jeleznovodskda Azərbaycan sərmayəsi yatıran və Bakulinin dediyi kimi, uğurlu iş görən şəxs sabiq deputat, biznesmen Əsabil Qasımovdur.
O, 2021-ci ildə burada ən böyük kurortlarından biri olan beşulduzlu "İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır.
Əsabil Qasımov açılışda da iştirak etmişdi.
Dia-az.info xatırladır ki, Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik "İstoçnik” sanatoriyasını açmışdı.
Əsabil Qasımov “Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına tapşırmışdı.
Qeyd edək ki, “Karat Holdinq"ə bu şirkətlər daxildir:
- Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri);
- “Azinvest” tikinti şirkəti;
- "Everest-M", "Şin Servis" (armatur alqı-satqısı);
- Karmen MMC (dəyirman və un alğı-satqısı);
- Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki;
- ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);
- Gəncə Fatoğlu (un dəyirmanı);
- Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli;
- Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;
- Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray";
- Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;
- İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;
- Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market".
Əsabil Qasımov 2020-ci ilə qədər deputat olub.
“Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.
Paralel olaraq, "Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.
İndi isə gələk əsas məttləbə...
"Azərbaycan iş adamlarına mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir..."
Dia-az.info xatırladır ki, bunu Prezident İlham Əliyev düz iki il əvvəl fevral ayının 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib.
Və bu gün gördüyümüz mənzərə odur ki, Azərbaycandan pul qazanmış və hələ də qazanmaqda olan niyyəti bilinməyən Əsabiil kimiləri Prezidentin çağırışını rəsmən qulaqardına vurmaqdadı. Hər halda, söhbətt 100 milyonlarla dollardan gedir ki, bu vəsaitə, belə bir iri yattırıma hazırda bizim daha çox ehtiyacımız var... Yəqin ki, bu fakt rəsmilərimiz tərəfindən diqqətə və nəzərə alınacaq... Həm də mütləq...(Dia-az.info)