"Azər Türk Bank" (ATB) vəfat edən hərbçi Məhərrəm Abbasovun ailəsini məhkəməyə verib.
Bakupost.az xəbər verir ki, bununla bağlı mərhum hərbçinin həyat yoldaşı Nazxanım Abbasova Prezident İlham Əliyevə müraciət edib.
O, hərbi xidmət zamanı həyat yoldașı Abbasov Məhərrəm Abbas oğlunun səhhətində ciddi problemlər yarandığını bildirib. N.Abbasova qeyd edib ki, M.Abbasov o zaman Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına müraciət etsə də, onu əməliyyat etməyiblər:
"Həyat yoldaşım ehtiyata buraxılmalı oldu. Təcili əməliyyata ehtiyac yaranmışdı. Maddi imkansızlıq səbəbindən kredit götūrməli oldu. Bu məqsədlə “Azər Türk Bank" ASC-yə (ATB) müraciət edərək kredit götürdü və ilk əməliyyatını etdi. Bir neçə ay krediti ödədik. İkinci dəfə əməliyyata ehtiyac yarandı və yenə də ATB-dən 12.01.2022-ci il tarixində 1063570 saylı kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində kredit götürdü. Mərhum həyat yoldaşım bir müddət kredit ödədi, lakin sahhətində olan problemlər yaşamağa imkan vermədi və 07.02.2022-ci il tarixində vəfat etdi”.
Şikayətçinin sözlərinə görə, ATB 2023-cu ilin dekabrında iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Həyat yoldaşının banka olan 5150, 27 manat məbləğində borcunu və cərimə faizlərini vərəsə kimi tələb edib:
“Məgər man bankdan pul gõtürmüșəm ki, bank məndən pul tələb edir? Krediti həyat yoldaşım götürmüşdü, o da xəstəlikdən dünyasını dəyişib. Qanunla şəxs vəfat edirsə, öhdəliyə xitam verilməlidir. Ondan bizə hər-hansı daşınar-dașınmaz əmlak miras qalmayıb. Həyat yoldaşımın hərbi xidmət vaxtı almadığı əșya əvəzi pul kompensasiyasını almaq üçün 1 saylı ASAN Xidmətin nəzdində fəaliyyət göstərən Notariat kontoru 20.07.2023-cü il tarixində 10 yaşlı qızımın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdi. Həmin şəhadətnamə əsasında ailəmizə həyat yoldaşımın 1587 manat 97 qəpik məbləğində paltar pulu verilmişdi. Bank da bunu görüb dərhal məhkəmədə iddia qaldırıb və məndən kredit borcu tələb edir”.
Çətin durumda yaşayan ailə Prezidentdən kömək istəyir:
“Bütün yük mənim üzərimdədir, 10 və 13 yaşlı iki övlad böyüdürəm. Oğlum zob xəstəliyindən əziyyət çəkir. Poliklinikada qeydiyyatdadır. Xəstə anama da mən baxıram. Banka müraciət etdikdə Məhkəmə üzrə Departamentin Habil Cavadov adlı direktoru bildirir ki, yoldaşın şəhid olmayıb, ona görə də krediti ödəməlisiniz. Mərhum həyat yoldașım sanatoriyada, kurortda, yaxud da evdə xəstələnməmişdi. Orduda xidmət zamanı sağlamlığını itirmişdi. Vəfat etmiş hərbçinin ailəsinə göstərdikləri münasibətə baxın. Qızıma atasından qalan pulu görüb, bizi məhkəməyə verirlər. Sizdən xahiş edirəm, yoldaşımın adına olan kredit borcunun silinməsində bizə kömək olasınız”.
Məsələ ilə bağlı "Azər Türk Bank"la əlaqə saxladıq.
Bankdan Bakupost.az –a bildirdilər ki, mövcud öhdəliklər, kreditlər və s. barədə üçüncü şəxsə məlumat verilmir:
"Yalnız vətəndaşın özünə məlumat verə bilərik. Həmin müştəriyə dəfələrlə onun istəyi əsasında məlumat təqdim olunub. Əlavə məlumat verməyimiz təəssüf ki, mümkün deyil”.