"Möhtərəm Prezident! Sizə, Azərbaycanın dövlətçiliyinə və ölkəmizin beynəlxalq imicinə böyük ziyan vura biləcək bir məsələ haqqında məlumat bildirməyi özümüzə borc bilirik. Belə ki, 25 noyabr 2023-cü il tarixində AR Kənd Təsərrüfatı naziri M.Məmmədov və AR Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli tərəfindən AR İqtisadiyyat naziri M. Cabbarova müraciət məktubu göndərilmişdir. Bu müraciətin mahiyyəti və məqsədi “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının Qanunu” layihəsi haqqındadır. Bununla əlaqədar Sizə AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin kollektivinin rəyini təqdim edirik". Bu barədə AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi kollektivinin Prezident İlham Əliyevə ünvanlanmış müraciətində deyilir.
Müraciətdə daha sonra deyilir: "Bu rəy Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının və aqrar elmin mövcud vəziyyətinin real qiymətləndirilməsi istiqamətində lazımi təhlillər aparıldıqdan, dünya təcrübəsi öyrənildikdən sonra nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturunu, orta və uzunmüddətli prioritetlərini və inkişaf pespektivlərini, bunların reallaşması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələrini, yeni idarəetmə və koordinasiya sisteminin konturlarını müəyyənləşdirən istiqamətləri nəzərə alaraq hazırlanmışdır.
Yuxarıda adı çəkilən qanun layihəsi ölkə ictimaiyyəti, azərbaycan alimləri və peşəkar mütəxəssisləri, digər aidiyyatı dövlət qurumları (Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və s.) tərəfindən müzakirə edilmədən, yalnız bu təşəbbüsü irəli sürən mərkəzi icra hakimiyyəti orqanları olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 4 (dörd) nəfər əməkdaşı tərəfindən hazırlanıb.
Sizə məlumat olaraq bildiririk ki, dünyanın 190-dan artıq ölkəsində bu ölkələrin qanunvericilik bazasının əsasında ekoloji(orqanik) kənd təsərrüfatı sistemi inkişaf etdirilir. Bu proses bütün ölkələrdə İFOAM (Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) tərəfindən idarə olunur və Azərbaycan dövləti İFOAM-ın baza standartlarının əks olunduğu bütün beynəlxalq konvensiyalara qoşulmuşdur.
Azərbaycan Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında 2008-ci ildə Qanun qəbul edildikdən sonra MDB ölkələri cərgəsində 1-ci, dünya ölkələri içərisində sonuncu onluq arasındadır.
Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi ideyası 1996-cı ildə Gəncədə doğulmuşdur. Məqsəd xırda və pərakəndə torpaq istifadəçiliyi və eyni zamanda torpaq payı alan insanların texniki və maliyyə imkanlarının məhdud olduğu şəraitdə onlara ata-baba, yəni ekoloji kənd təsərrüfatı istiqamətində vərdiş və bacarıqlar aşılamaq idi. Beləliklə, 1996-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncədə yerləşən Elmi-Tədqiqat İnstitutlarında çalışan və özlərinin yüksək vətənpərvərlik ruhu, əqidə birliyi, vətəndaşlıq borcu və peşəkarlıq sevgisi ilə birləşən bir qrup alimlərin və onlara həmin amallar fonunda qoşulan könüllülər birlikdə ölkədə Ekoloji Kənd Təsərrüfatı Hərəkatının əsasını qoydular. Sonrakı mərhələdə bir neçə il dünyada müxtəlif ölkələrdə mövcud olan ekoloji təmiz əkinçilik qanunvericiliyi öyrənildikdən sonra 2005-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA-indi Azərbaycan Dövlət Aqrar Universiteti) professoru A.Babayevin rəhbərliyi altında AKTA və Gəncə Aqrobiznes Assosiyasiyasını (GABA) təmsil edən ekspertlər qrupu «Ekoloji Kənd Təsərrüfatı haqqında Qanun» layihəsini işləyib hazırladılar. Bu layihə ictimai rəyi öyrənmək məqsədilə mərkəzi və regional mətbuat orqanlarında çap edildikdən sonra Milli Məclisə və respublikanın müvafiq nazirliklərinə təqdim edildi. Qanun layihəsi yalnız 2007-ci ilin aprel ayında ölkə parlamentinin Aqrar Siyasət Komissiyasında müzakirə mövzusuna çevrildi və prof. A.Babayev İşçi Komissiyanın tərkibində qanun layihəsinin müzakirəsi və redaktəsi prosesində iştirak etdi. Qanun Milli Məclisdə 2008-ci ildə qəbul olundu və ölkə Prezidentinin 25 avqust 2008-ci il tarixli fərmanı ilə qüvvəyə mindi.
Qanun qəbul olunduqdan 10 il sonra FAO ölkəmizdə bu qanunla əlaqədar islahatların çox ləng getdiyini nəzərə alaraq hökümətlə apardığı danışıqlardan sonra “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsini icra etdi və lahiyənin yerinə yetirilməsinə xeyli maliyyə xərcləndi. Bu layihənin əsas hədəfləri Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırılmasının, müvafiq milli strategiyanın hazırlanmasından ibarət idi. Layihə çərçivəsində hazırlanan hüquqi aktlar və tövsiyyələr Azərbaycan hökümətinə təqdim olundu.
9 iyul 2019-cu il tarixində Sizin göstərişinizlə AR Prezidenti Administrasiyası rəhbərliyi Respublikanın Mərkəzi İcra Orqanlarına monitorinq keçirmək məqsədilə ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmələri haqda məktub göndərdi (məktub nömrəsi 2/795). Monitorinqin nəticələrinə görə məlum oldu ki, ölkə qanununun və Prezidentin Fərmanlarının yerinə yetirilməsi istiqamətində görülən işlər qeyri-qənaətbəxşdir. Yalnız Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 25 avqust 2008-ci il tarixli 818 №-li və 24 may 2010-cu il tarixli 267 №-li Fərmanlarını və 2010-cu il tarixli 159 nömrəli qərarlarını əsas tutaraq yaradılan (AMEA-nın Rəyasət Heyətinin 25 may 2016-ci il tarixli 8/5 nömrəli qərarı ilə) AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin (“Mərkəz”) gördüyü işlər məqbul hesab olundu. Qeyd etmək lazımdır ki, bu “Mərkəz”-in fəaliyyəti sayəsində regionun 2 rayonunda (Qax, Zaqatala) ekoloji təmiz kənd təsərrüfatı üzrə təlim və seminarlarda iştirak edən 1000-ə qədər fermerdən 500-ü və yaxud 50 fermer qrupunun Avropanın Akkreditasiya Orqanları tərəfindən sertifikatlaşdırılması Azərbaycanda ilk hadisədir və bunu “Mərkəz”in qısa müddət ərzində fəaliyyətinin önəmli nəticəsi kimi qəbul etmək olar. Orqanik fermer statusu alan fermerlərin Avropa Akkreditasiya orqanlarına ödəməli olan rüsumu (bizim fermerlərin ödəniş qabiliyyəti zəif olduğuna görə (qiyməti 4000 (dörd min) avro olduğunu nəzərə alsaq) IFOAM (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) ödənişi öz üzərinə götürmüşdür. Beləliklə orqanik sertifikatlaşma prosesinə ödənilməli olan rüsumun ümumi məbləğ 200 (iki yüz) min avro olmuşdur.
Lakin təəssüflər olsun ki, qanunun təkmilləşdirilməsi haqqında FAO-nun təklif və tövsiyyələri yerinə yetirilmədi. Bunun əksinə olaraq, bu sahəyə cavabdeh olan bəzi orqanlar məsuliyyətdən gələcəkdə yaxa qurtarmaq üçün birdəfəlik Qanunu ləğv etdirmək qərarına gəliblər. Eyni zamanda təqdim etdikləri layihədə orqanik məhsulların sertifikatlaşdırılması ilə əlaqədar bütün səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilməklə aidiyyatı olan digər mərkəzi icra orqanlarının səlahiyyətlərinə müdaxilə olunur. Halbuki, dünyanın bütün ölkələrində orqanik məhsulların sertifikatlaşdırılması bu ölkələrin Milli Standartlarına əsaslanaraq yerinə yetirilir. “Azərbaycanın Milli Standartları” bizim tərəfimizdən işlənib hazırlanaraq 2016-cı ildə Azərbaycan Standartlar Komitəsinə təqdim olunmuşdur və bu standartlar Azərbaycan Standartlaşma İnstitutu tərəfindən hüquqi sənəd formasına salınsa da, hələ də burokratik əngəllər ucbatından qəbul olunmayıb.
Belə olan halda sual olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin ölkənin standartları ilə məşğul olan bir orqanın səlahiyyətlərinə müdaxilə edərək öz üzərinə götürməkdə məqsədi nədir? Digər tərəfdən “Qanun boşluğu” yarandığı halda ölkədə orqanik məhsul istehsalını kim və hansı səlahiyyətlərlə təşkil etməlidir və yaxud ölkədə orqanik məhsul istehsalçısının və orqanik məhsulun olmadığı halda Qida Təhlükəsizliyi Agentliyi kimi və nəyi sertifikatlaşdıracaq?
Aşağıda qeyd etdiyimiz əsas motivlərə əsaslanaraq bildiririk ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun ləğvi ölkəmizin ictimai mühitində və beynəlxalq aləmdə dövlətimizə qarşı mənfi rəy yarada bilər:
1. Mövcud Qanuna qarşı olan qeyri-dövləti münasibət hal-hazırda qüvvədə olan “Azərbaycanda ekoloji cəhətdən dayaynıqlı sosial-iqtisadi inkişafa dair Milli Peoqram”-in mahiyyəti ilə ziddiyyət yaradır və 4.1 - Su ehtiyatları, 4.2 - Atmosfer havası, 4.3 – Torpaq ehtiyatları, 5.1 – İqlim dəyişmələri, 5.2 – Səhralaşmaya qarşı mübarizə, 5.3 – Bioloji müxtəliflik maddələrində göstərilən strateji məqsədləri inkar etmək və qarşımıza qoyulan vəzifələrdən boyun qaçırmaq mənasını yaradır. .
2. Qanunda qeyd olunan “Ekoloji kənd təsərrüfatı haqqında qanunvericiliyin məqsədi”, 4-cü maddədə qeyd olunan “Ekoloji kənd təsərrüfatının ümumi prinsipləri”, 5-ci maddədə “Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimləməsi”, 6-cı maddədə “Ekoloji təm kənd təsərrüfatına dair tələblər”, 7-ci maddədə “Bitkiçilikdə tətbiq olunan ekoloji tələblər”, 8-ci maddədə “Heyvandarlıqda tətbiq olunan ekoloji tələblər”,9-cu maddədə “Ekoloji təmiz kənd təsərrüfatı cubyektlərinin təşkil qaydaları”, 10-cu maddədə “Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü” müddəalarında, eyni zamanda Qanunun 3-cü, 4-cü, 5-ci və 6-cı fəsillərdə qeyd olunmuş bütün maddələri ləğv etmək o deməkdir ki, Azərbaycan hökuməti Qanun işlənib hazırlanan zaman əsas kimi qeyd etdiyi İFOAM-ın Baza Standartlarından, BMT-nin davamlı inkişaf haqqında “XXI əsrin gündəliyi ” direktivlərindən, Avropa İttifaqının 2092/91 saylı Qətnaməsindən, Avropa İttifaqının Aqrar – Ekoloji Proqramından , Avropa Şurasının CAP- Ümumi Kənd Təsərrüfatı adlı tədbirlər Planından və Avropa Birliyinin bütün ölkələri üçün əsas kimi qəbul edilən “Avropa Birliyinin Ümumi Kənd Təsərrüfatı Siyasəti”-nin prinsiplərindən Avropa İttifaqının 834/2007 nömrəli qətnaməsindən imtina edir.
3. Nəzərə alınmır ki, Azərbaycan dünyada qloballaşma şəraitində davamlı inkişafın prinsiplərini rəhbər tutaraq qoşulduğu “Monreal protokolu”(Monreal,1987), “Kioto protokolu”(Kioto,1997), “Orxus konvensiyası”(1998), “XXI əsrin Gündəliyi” qətnaməsi(Rio-De-Janeyro,1992), Yohannersbuqda Dünya sammitində qəbul edilən deklorasiya (Yohannesburq, 2002), “Avropanın Ətraf Mühiti” konfransının bəyanatı (Kiyev, 2003) və digər beynəlxalq aktlarda qeyd olunur ki, heç bir ölkənin davamlı inkişafı əhalinin, torpağın, suyun, bitkilərin və heyvanları sağlamlığını və təhlükəsizliyini təmin edən siyasətin həyata keçirildiyi şəraitdə mümkündür. Bu müddəalar Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanununda əsas məqsəd kimi qarşıya qoyulmuşdur!
4. Azərbaycanın 2024-cü ildə BMT-nin iqlim dəyişiklikləri üzrə Cenevrə Konvensiyasının Tərəflər Konfransında 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək bir ərəfədə bu mövcud Qanunun ləğv edilməsi faktı konfrans iştirakçılarının, o cümlədən İFOAM-dan olan nümayəndə heyətinin ciddi iradlar yaradacaq sürpriz ola bilər.
5. Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi üçün əsas kimi “Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi ”nə istinad olunmasını təşəbbüskarların yanlış addımı kimi qəbul edirik. Çünki Strateji Yol Xəritəsi dövri sənəddir(yəni 2025-ci ilə qədərki dövrü əhatə edir) və “ Yol Xəritəsi”ndə qeyd olunan “7.4. Ekoloji Təmiz Kənd Təsərrüfatının inkişaf etdirilməsi”prioriteti bizim adını çəkdiyimiz Qanun əsasında işlənib hazırlanmışdır. Yol Xəritəsi və planlardan fərqli olaraq qanunların ömrü 50-100 il ola bilər.
Müraciətimizin sonunda bildirmək istərdik ki, biz, bir qrup mütəxəssis çiyinlərimizdə daşıdığımız vətəndaşlıq ruhu ilə 1996-ci ildən bəri ötən dövr ərzində könüllü olaraq heç bir təmanna güdmədən və hətta dövlətin bir manat vəsaitinə şərik çıxmadan, böyük zəhmət və əziyyətlə müasir dünyada həm elmi, həm də praktiki nou-xau kimi qimətləndirilən ekoloji(orqanik)kənd təsərrüfatının ölkəmizdə elmi, elmi-metodiki, elmi-informasiya bazasını yaratmağa nail olmaqla yanaşı dövlətimizin hüquqi qanunvericilik bazası üçün strateji əhəmiyyət kəsb edən hüquqi sənədlərini də işləyib hazırlayaraq ali dövlət orqanlarına təqdim etmişik:
1. “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar (8 Qaydalar AR Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir).
2. Milli Standartlar (işlənib hazırlandıqdan sonra 2016-ci ildə Dövlət Standartlar Komitəsinə təqdim olunub).
3. Milli Konsepsiya (2016-ci ildə AMEA-nın Rəyasət Heyətində müzakirə edilərək onun əsasında Dövlət Proqramı işlənib hazırlanmışdır).
4. Dövlət Proqramı (2016-ci ildə AMEA-nın Rəyasət Heyətində müzakirə edildikdən sonra AR Nazirlər Kabinetinə təqdim olunub).
5. Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Emalı üzrə Strateji Yol Xəritəsi (7.7.4. Prioritet 7.4. Ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi)
Möhtərəm Prezident!
Diqqətinizə görə təşəkkür edirik. Əgər burokratik səbəblər ucbatından bizim müraciətimiz Sizə çatdırılmazsa, biz çalışacağıq ki, bu müraciəti sosial şəbəkə vasitəsi ilə Sizə təqdim edək!"
dia-az.info