Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı daha bir cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Məsələ burasındadır ki, bu ilin iyununda “Sea Breeze”də baş verən, sonradan davaya çevrilən mübahisə ilə bağlı 3 cinayət işi başlanıb.
Dava tərəfləri bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxslərdir. Azərbaycan istintaq-məhkəmə tarixində bu yanaşma bir yenilikdir. Bundan başqa “Sea Breeze”dəki dava ilə bağlı cinayət işlərinin eyni hakimin icraatında olması da maraq doğurur. Məhkəmələrdə cinayət işlərinin hakimlərin icraatına verilməsi qaydası elektronlaşıb. Buna baxmayaraq məhkəməyə daxil olan hər iki cinayət işi elektron qaydada olsa da, hakim Mirheydər Zeynalovun icraatına verilib.
Noyabrın 28-də Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası baş tutub. Cavad Muradov əmlaka qəsdən ziyan vurmaqda və qrup halında xuliqanlıqda, Şamxal Məmmədov isə qrup halında xuliqanlıqda ittiham olunurlar.
Bu cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.
Elgün İsmayılovdan savayı digər 3 şəxs və məktəbli Murad Məzahir oğlu Əhmədli digər cinayət işində təqsirləndirilən şəxs, Cavad Muradovla Elnur Leysan oğlu Məmmədov isə zərərçəkəndirlər.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, zərərçəkən Elgün İsmayılov xəstə olduğundan onu nümayəndəsi Faiq Nəcəfov təmsil edir.
Tərəflərin anket məlumatları aydınlaşdırılandan sonra zərərçəkən Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli iş üzrə Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməli olduğunu deyib. Hakimə Elnur Məmmədovun harada olması ilə bağlı sual ünvanlayıb. Hakim isə onun harada olduğunu bilmədiyini deyib.
Vəkil şifahi vəsatətlə çıxış edib:
- Bu iş üzrə biz ittiham tərəfiyik. Digər iş üzrə təqsirləndirilənik. Siz həm həmin işdə, həm də bu işdə hakimsiniz. Elnur Məmmədov digər iş üzrə ifadə verib. Bir daha məlum olub ki, o bu işdə tək iştirakçı deyil, həm də təhrikçidir, söyüşü də o söyüb, Elmir İsmayılovun maşınının qabağını da o kəsib, davanı da o salıb. Amma o, bu gün burada yoxdur. O, gəlsin, otursun Cavad Muradovun yanında.
Dövlət ittihamçısı Amin Şəkərəliyev Elnur Məmmədovla bağlı vəsatətə məhkəmənin gedişində baxıla biləcəyini söyləyib.
Vəkil şifahi vəsatətinin yazılı şəkildə təqdim edəcəyini bildirib. Hakim vəsatətə bundan sonra baxılacağını deyib.
Vəkil Abbas Kərimbəyli eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı dövründə həbsdə saxlanılması üçün əsasların olmadığını və onların bu müddət ərzində azadlıqda qalmalarına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdırıb:
-Bu məsələyə hazırlıq iclasında baxılacağını bildiyimizdən hesab edirik ki, təqsirləndirilən şəxslər Cavad Muradovla Şamxal Məmmədovun həbsdə saxlanılmaları üçün hər hansı bir ağırlaşdırıcı hal da yoxdur. Təqsirləndirilənlər əvvəllər məhkum edilməyiblər, residiv yoxdur, Cavad Muradov ailəlidir, himayəsində azyaşlı uşağı var, işdə isə hər hansı bir ağırlaşdırıcı hal da mövcud deyil. Ən əsası isə mübahisədən bir gün sonra tərəflər barışıblar.
Vəzifəli şəxslərin uşaqlarının kütləvi davası: restoranda nə baş verib? - Sensasiyalı məhkəmə prosesi (VİDEO)
Cavad Muradovun vəkili çıxışında müvəkkilinə verilmiş ittihamın əsassız olduğunu bildirib. Tərəflərin barışığını əsas gətirərək məhkəmənin cinayət işinə xitam vermək səlahiyyətnin olduğunu vurğulayıb.
Məhkəmənin diqətinə çatdırıb ki, ittihama görə də münaqişəni digər şəxs başlayıb, Cavad Muradov münaqişədən sonradan xəbər tutub, bundan sonra da tərəfləri sakitləşdirməyə çalışıb. Vəkil bildirib ki, Cavad Muradovun niyyəti heç bir halda xuliqanlıq olmayıb, bu səbəbdən də ona verilmiş xuliqanlıq maddəsi digər maddəyə tövsif olunaraq bu maddəyə xitam verilməlidir. Hakim bu məsələyə məhkəmə baxışı zamanı baxıla biləcəyini söyləyib.
Bundan sonra vəkil Cavid Muradovun barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsinə dair vəsatətlə də çıxış edib: “Siz də, biz də bilirik ki, bu cinayət işinin istintaqı nəzarətə götürülüb”.
Hakim: “Biz bilmirik”
Vəkil: “Amma bu nəzarətə götürülmə heç bir halda insanların kütləvi həbsi ilə nəticələnməməli idi. Kütləvi qardaşlıq məzarı qazılmamalı idi. Əminəm ki, nəzarətə götürən deməyib ki, Cavad Muradovu, ucdantutma hamını həbs edin. Niyə məhkəmə qanuni əsaslar ola-ola Cavad Muradovu həbsdən azad etməməlidir?
Digər təqsirlədirilən şəxs Şamxal Məmmədovun vəkili İlqar İsmayılov da müvəkkilinin barəsindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
Təqsirləndirilən Cavad Muradov vəkilinin vəsatətini müdafiə edib. Bidirib ki, ittiham üzrə özünü qismən təqsirli bilir. O, əmlaka qəsdən ziyan vurulması ittihamını qəbul etmədiyini söyləməklə vəsatətin təmin edilməsini xahiş edib:
-Ailəliyəm, 1 il 6 aylıq qız övladının atasıyam. Ailəmin yeganə gəlir gətirəni mənəm. İş üzrə zərərçəkənlərlə də barışmışıq. İttiham verilmiş maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Xahiş edirəm bunları nəzərə alıb barəmizdə ev duqtaqlığı qərarı verəsiniz.
Hakim vəsatətlərə dekabrın 1-də keçiriləcək iclasda münasibət bildiriləcəyini açıqlayıb.
İttihama görə, müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. Mübahisə baş verən gün Elnur Məmmədov qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olublar. Həmin zaman bu gün həbsdə olan, təqsirləndirilən statusuna gətirilən Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnurun əvəzindən Elmirdən üzr istəməklə tərəfləri sakitləşdirib. Lakin Elnur Məmmədov Elmirin restorandan çıxmasını görüncə onun arxasınca çıxıb. Elnur Məmmədov Elmir İsmayılovla mübahisəni davam etdirib, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal alıb. Sonradan Elnur Məmmədov Elmir İsmayılovun maşınına tərəf gedib, ərazidən uzaqlaşmağa çalışan İsmayılovu maşından düşürərək ona zərbələr vurub. Nəticədə Elmir İsmayılovun sifətinə vurulan yumruqla qaşı partlayıb, ona məxsus maşına küt alətlə vurulan zərbələrlə bəzi hissələri zədələnib, yarasız hala düşüb, sındırılıb. Hadisənin növbəti günü Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq baş vermiş hadisəyə görə 3 cinayət işi başlanıb, Elmir İsmayılov və dostları həbsə alınıblar. Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Cavad Muradov Elmir İsmayılov və digərilərinə qarşı xuliqanlıqda, Elmir İsmayılova məxsus nəqliyyat vasitəsinə 12 min 400 manatlıq ziyan vurmaqda ittiham olunur.
Mənbə: “Yeni Müsavat”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)