Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 138 a ünvanında ağacların soyqırımına hazırlıq gedir. Çoxillik yaşıllıq ərazi məhv edilmək üzrədir.
Millitv.az Tribunainfo.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi uzun müdətdir hasarlanıb. Ərazidə yaşayanlar narazılıq etməsin deyə gecə ilə bəzi ağaclar gizli şəkildə məhv edilərək aparılır. Ərazidə tikinti işlərinə hazırlıq gedir. Şikayətçilər bildirir ki, yaşıllıq ərazinin məhv edilməsi ilə orada yeni uşaq bağçası üçün iki mərtəbəli bina inşa ediləcək. Sakinlərə bu barədə ərazidə iş aparanlar məlumat verib. Artıq uşaq bağçasının layihəsi hazırdır və yaşıllıqlar məhv edildikdən sonra tikinti işləri daha da sürətlənəcək.
Sakinlər çoxillik ağacların məhv edilməsinin əleyhinədir. Onlar bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Buna baxmayaraq, heç bir tədbir görülmür, hasarlanmış ərazidə işlər davam etdirilir. Sakinlər bildirir ki, işlər dayandırılmasa ərazidə böyük ehtimalla Nərimanov rayon icra başçısı Elgün Həbibullayevin daha bir özəl bağçası ucaldılacaq.
Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sevimli kadrlarından olan, vaxtilə BŞİH-də aparat rəhbəri olmuş, Nərimanov RİH başçısı Elgün Həbibullayev özəl bağçaları ilə məşhurdur. O, Nərimanov rayonunda saysız hesabsız özəl bağçaya sahibdir. Görünür, bağça biznesi ilə məşhur olan E.Həbibullayev biznesini genişləndirmək qərarına gəlib.