Axtarış...

Əhməd Vəliyevin biznes imperiyasında Ramiz Mehdiyev və Eldar Mahmudov izi...


Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsus "Muğan Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğv edilməsi ilə bağlı müxtəlif mülahizələr səsləndirilir.

Qaynarinfo xəbər verir ki, "Muğan Bank"ın lisenziyasının ləğv edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin bankda payının olması ilə izah edilir.

Məlumat üçün deyək ki, "Muğan Bank" ASC-nin səhmdarları Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub. Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva Əhməd Vəliyevin qudaları, Elmir Mehtiyev kürəkəni, Vəfa Vəliyeva isə qızıdır. Bu ilin iyun ayında bankın səhmdarları dəyişib. Əhməd Vəliyevin oğlanları Munir və Samir vəliyevlər ayrı-ayrılıqda 40 faiz pay əldə ediblər. Bununla da Elmir Mehtiyevi payı 0,7818 faizə, Vəfa Vəliyevanın payı 8,3254 faizə, Fəridə Mehtiyevanın payı 10, 8928 faizə enib.

Mediada gedən məlumatlarda Maqbet Mehtiyev Ramiz Mehdiyevin yaxın qohumu kimi təqdim edilir. Əhməd Vəliyevin qudası ötən ilin noyabrında dünyasını dəyişib. Mərhum Maqbet Mehtiyev Azərbaycan Dövlət Tibb Universitetinin Gistalogiya kafedrasının dosenti, tibb elmlər namizədi olub.

Maqbet Mehtiyevin Ramiz Mehtiyevlə yaxın qohum olduğuna dair tutarlı bir fakt yoxdur. Onların soyadının eyni olması isə ciddi fakt kimi qəbul edilə bilməz.

Əhməd Vəliyevin daha çox keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs olduğu bildirilir. Bu barədə mediada da kifayət qədər məlumat gedib. Hətta "Muğan Bank" ASC bəzi məlumatlarda Eldar Mahmudovun bankı kimi təqdim edilir.

Bundan əlavə, iddia olunur ki, bankın idarəetməsini əslində Eldar Mahmudovun qardaşı oğlu Vüqar Mahmudov həyata keçirib. Əhməd Vəliyevin Odlar Yurdu Universitetində Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovla bağlı tədbirlər keçirməsi, onun adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaratması rektorun keçmiş nazirlə yaxınlığını təsdiqləyən fakt kimi təqdim olunur.

Hətta onun deputat olmasında da Eldar Mahmudovun rolunun olduğu deyilir. "MTN işi"ndən sonra Əhməd Vəliyevin parlamentdən kənarda saxlanılması da təsadüfi sayılmır. Bəzi mülahizələrə görə, hazırda Əhməd Vəliyevlə bağlı baş verənlər də Eldar Mahmudova görə ola bilər.

Əhməd Vəliyevin biznesinin çökməsi - "Muğan Bank"ın lisenziyasının ləğvi, ona məxsus digər biznes subyektlərinin məhkəməyə cəlb edilməsinin arxasında hələlik konkret olaraq nələrin dayandığı bəlli deyil. Amma proses göstərir ki, baş verənlər kifayət qədər ciddi səbəblər üzündəndir. (Qaynarinfo)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz