Axtarış...

Nərimanov Tibb Mərkəzi işçiləri üçün ABSURD XANKƏNDİ BİYARI... - NARAZILIQ VAR...


"Şikayətimiz ondan ibarətdir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov məcburi şəkildə biz həkimləri növbə ilə 10 günlük Xankəndi xəstəxanasına göndərir. Xankəndi xəstəxanasına getmək istəməyən həkimləri direktor Fazil Alməmmədov işdən azad edilməklə və ya könüllü olaraq ərizə yazdırıb işdən çıxarmaqla hədələyir. Artıq bizim Tibb Mərkəzindən bizi 10 günlük Xankəndi xəstəxanasına göndəriblər, yenicə qayıtmışıq. İndi növbəti heyəti göndərirlər. Bu proses nə qədər davam edəcək bilmirik". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

"Xankəndiyə göndərilən həkimlərimizin hamısı ailəli qadınlardır" deyə iddia olunan müraciətin müəllifləri daha sonra dia.az-a yazırlar: "Artıq hamımızın ailəsində bu məsələ ilə bağlı ciddi problemlər yaşanır.
Biz bir şeyi anlaya bilmirik ki, nəyə görə məhz biz Bakının Nərimanov rayonunda çalışan həkimlər Xankəndi xəstəxanasına ezam olunuruq?
Axı nə üçün biz 180 000 əhalisi olan Bakının mərkəzi rayonlarından biri sayılan Nərimanov rayonunun dövlət xəstəxanasının həkimləri evimizdən 400 km uzağda yerləşən Xankəndi xəstəxanasına məcburi şəkildə 10 günlük göndərilirik?
Nə üçün Xankəndinə yaxın rayonlardan olan xəstəxanaların həkimləri yox, Bakı şəhərindən məhz bizim xəstəxananın həkimləri ezam olunur?

Biz hamımız Azərbaycan qadınlarıyıq, bizim ailəmiz var, həyat yoldaşımız var, övladlarımız var. Ailəmizi Bakıda qoyub necə gedə bilərik axı? Belə haqqsızlıq olmaz!

Sizdən çox xahiş edirik, bu məsələni işıqlandırasınız və TƏBİB, İcbari Sığorta, Nərimanov Tibb Mərkəzi rəhbərlərinə sual ünvanlayasınız ki, onlar öz həyat yoldaşlarına, bacılarına, qız övladlarına, evlərindən 400 km uzaqda yerləşən xəstəxanaya 10 günlük göndərilməsini rəva bilərdilərmi, icazə verərdilərmi?"

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz