Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nı sonrakı illərdə Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi nəticəsində ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.
"Ümidvaram ki, kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “Kibermüharibə” yarışı ölkəmizin əldə etdiyi təcrübəni daha da təkmilləşdirməyə, tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsində mövcud münasibətləri inkişaf etdirməyə, gələcək əməkdaşlıq üçün yeni üfüqlər müəyyən etməyə yardımçı olacaq", - deyə o qeyd edib.
"Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya və kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturunun kibertəhdidlərə qarşı dayanıqlığının artırılmasını labüd edir. Bu isə öz növbəsində kibertəhülkəsizliyin təmin edilməsində yeni yanaşmalar tələb edir. İnformasiya təhlükəsizliyi etibarlı təminat baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturunun kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik üzrə vacib vəzifələrindən hesab edilir", - deyə Ə.Nağıyev əlavə edib.