Axtarış...

Zəngəzur dəhlizi: “3+3” formatının İranda görüş hazırlığı, yayılan məlumatın işarə verdiyi istiqamətlər - ŞƏRH



Azərbaycan mediasında yayılan məlumatlara əsasən, tezliklə İranda Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar “3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan) görüş keçiriləcək.

Müzakirələrin xarici işlər nazirləri səviyyəsində baş tutacağı gözlənilir. Gürcüstan tərəfi müzakirələrə qatılmaqda tərəddüd göstərə bilər. Hərçənd ki, regiondakı təhdidlərin aradan qaldırılması üçün səmərəli platforma olan “3+3” formatı Gürcüstana da fayda verə bilər.

Buna görə də, əsasən, Türkiyə və Azərbaycanın rəsmi Tbilisini razı salmağa çalışdığını söyləmək olar.

İnformasiyaya əsasən, Ermənistan görüşdə iştiraka razılıq verib. Bu məlumat bir neçə cəhətdən diqqət çəkir.

Birincisi, Ermənistanın baş naziri Avropa Parlamentində hər nə qədər sülhə dair qeyri-müəyyən ritorika ilə çıxış etsə də, onun müəyyən mənada yola gəldiyi də görünür. Bu yolagəlmə prosesi Azərbaycanın regionda reallıq yarada bilmək qabiliyyətinə, üstəgəl tərəfdaşları ilə düzgün işləyə bilmək bacarıqlarının doğurduğu nəticələrə əlacsız vəziyyətdə verilən reaksiyadır.

Ermənistan məcburdur ki, regional əməkdaşlıq platforması axtarsın, çünki onun perspektiv üçün suverenliyi və müstəqilliyi sual altına düşür.

İkincisi, məsələnin qaranlıq tərəfi Paşinyanın Strasburqda ənənəvi erməni təbliğatı ilə çıxış etməsinin ardından İrandakı görüşə razılıq verməsidir. Bu, balansı qorumaq aktı deyil, əksinə, eyni anda bir neçə stulda əyləşmək deməkdir.

Belə tərz təzadlar kompleksidir, hərçənd ki, Paşinyanın başqa çarəsi də yoxdur. Baş tuta biləcək görüşün Azərbaycan-İran münasibətlərinin yaxşılaşması baxımından da əhəmiyyəti var.

Bu, regiondakı problemlərin regiondan kənar qüvvələr olmadan həlli üçün zəmin yaradır. ABŞ və Avropa İttifaqı bu reallıqları nəzərə almalıdır, hətta qəbul etməlidir. Əks təqdirdə, onlar gizli gündəliklə fəaliyyət göstərsələr, region çalxalana bilər, hərçənd, nə ABŞ, nə Avropa İttifaqı, nə də Ermənistan Bakıya əks gedəcək həmlələrdən qazanclı çıxacaq.
Avropa İttifaqının ayrıca proqramı, bəlkə də, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində nisbi ədalətli elementlərə malikdir.

Ancaq Aİ-nin güc kimi lokomotivi Fransa prosesə müdaxilə edir, Almaniya erməni təbliğatının havasına oynayır.

Bununla da onlar Bakı-İrəvan sülh proqramını sabotaj etməyə çalışırlar. Bu məsələlər Aİ-nin özünün nüfuzuna xələl yetirir, lakin hesab etmək olmaz ki, Azərbaycanla Aİ bir-birilə münasibətlərinə xələl gətirməkdə maraqlıdırlar.

Ümumilikdə “3+3” formatında mümkün görüşün keçirilməsi və ya buna dair informasiyalar:

- Azərbaycan-Ermənistan sülh proqramı ilə əlaqədar pozitiv siqnalların verildiyi deməkdir;

- Azərbaycan və Türkiyə strateji müttəfiqliyi fonunda Rusiya, Türkiyə və İranın regional oyunçular kimi birgə sövdələşməsinin əlamətlərini qeyd edir;

- Zəngəzur dəhlizinin açılması ilə əlaqədar region dövlətlərinin konseptual olaraq razılığa gəlmək ehtimalını yüksəldir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz