Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq Nəsirovun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış ibtidai istintaq zamanı Rafiq Nəsirovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi kooperativ tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.