Prezident İlham Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5.424,0 min (beş milyon dörd yüz iyirmi dörd min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən cari təmir işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.