“Mənim həyat yoldaşım Arzu Cəfərli Cəlilabad rayon mərkəzi xəstəxanasında anestezioloq-reanimatoloq vəzifəsində çalışır. Neçə illərdir ki, bu kollektivdə işləyir. Amma gecə-gündüz çalışmasının əvəzində qəpik-quruş qazanır. Bunun da tək səbəbi TƏBİB tərəfindən müayinə və müalicə üçün bonusların az hesablanmasıdır. Üstəlik, hesablanmış bonusların ödənişi aylarla gecikir”.
Bunu Bizim.Media-ya müraciətində Cəlilabad rayon sakini Vaqif Cəfərli deyib.
O bildirib ki, məsələ ilə bağlı əmək müfəttişliyinə müraciət edib:
“Oradan mənə bildirdilər ki, bu bizim səlahiyyətimizə aid məsələ deyil, ancaq TƏBİB bu problem həll edə bilər. Ona görə də sizə müraciət etdim ki, bu məsələni ictimailəşdirəsiniz. Çünki, bu problemdən bütün həkimlər əziyyət çəkir”.
Məsələ ilə bağlı Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyevin mövqeyini öyrəndik.
DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bu problem bu günün problemi deyil:
“Bununla bağlı biz çoxlu çağırışlar etmişik. Amma TƏBİB haqlı səsimizə səs vermir. Problem təkcə regionlarda deyil, Bakının özündə də var. TƏBİB-in tabeliyində olan publik hüquqi şəxslərin hamısında həkimlərin haqqı tapdalanır. Həkimlərin bonus əlavələri kəsilir, nəzərdə tutulan qəpik-quruşun ödənişi də aylarla gecikdirilir. Bu da ölkədə səhiyyə sisteminin düzgün qurulmamasının nəticəsidir. İş düzgün təşkil edilməyib.
Səhiyyəni idarə edən qurumların əsas heyətinin hədəfi əhalinin sağlamlığı keşiyində durmaq deyil, şəxsi maraqlarıdır. Çox təəssüf ki, bu da dövlətin səhiyyə siyasətinə kölgə salır, uğurlarını əngəlləyir”.
Səsləndirilən fikirlərlə bağlı TƏBİB-ə sorğu göndərdik.
Mövzunu diqqətdə saxlayacağıq.