Xalqımızın Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə olan hər bir tarix bizim üçün əzizdir. Təsadüfi deyil ki, "Heydər Əliyev İli" olan 2023-cü ildə xalqımız Ulu Öndərin 100 illiyini böyük təntənə ilə qeyd edir. İlin əvvəlindən başlayan yubiley tədbirləri böyük coşqu ilə davam edir. Ötən ay həm də Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişinin 30-cu ildönümünü böyük minnətdarlıqla qarşıladıq.
Ölkədə baş verən dəyişikliklər hamının rəğbətinə səbəb olmuşduHeydər Əliyevin adı ilə bağlı 14 iyul tarixinin də Azərbaycan dövlətinin və xalqımızın taleyində müstəsna rolu var. Çünki 54 il əvvəl, 1969-cu ilin məhz bu tarixində Ulu Öndər Azərbaycan KP MK-nin birinci katibi seçilmiş və bununla da ölkəmizi inkişafa, xalqımızı rifaha aparan şanlı epoxa başlamışdır.
O dövrün şahidi olanların yaxşı xatirindədir ki, Heydər Əliyevin birinci katib seçilməsi respublikada necə böyük əks-səda doğurmuşdu. Çünki ilk günlərdən sanki bütün sahələrdə bir inqilab, canlanma, işgüzarlıq yaranmışdı. Hər kəs yeni rəhbərdən danışırdı və baş verən yeniliklər hamının dərin rəğbətinə səbəb olmuşdu. 14 iyul plenumunda həmin vaxta kimi Azərbaycana rəhbərlik etmiş Vəli Axundov demişdir: "Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə obyektiv, vicdanlı və layiqli insandır". Bəli, Heydər Əliyev ən yüksək keyfiyyətlərə malik idi və qısa zamanda Azərbaycan ictimaiyyəti bunun şahidi oldu.
Ulu Öndərin Azərbaycana rəhbərliyinin iki başlıca məqamına xüsusi diqqət yetirmək istəyirəm. Birincisi, Heydər Əliyev ilk gündən cəmiyyətdəki xoşagəlməz və neqativ meyillərə qarşı barışmaz mövqedə dayanmışdı. Təsadüfi deyil ki, "Qoy ədalət zəfər çalsın" şüarı da o dövrdə meydana çıxmışdı. Azərbaycan KP MK-nin 1969-cu il avqust plenumunda geniş məruzə ilə çıxış edən Heydər Əliyev respublikadakı vəziyyəti ardıcılıqla təhlil etdi, iqtisadiyyatda, sosial və mədəni sahələrə rəhbərlikdə buraxılmış nöqsanları, çatışmazlıqları, ölkədəki neqativ halları göstərdi. Problemlərin aradan qaldırılması üçün ilk növbədə diqqəti ölkədə mənəvi-psixoloji mühitin sağlamlaşdırılmasına yönəltdi. Bu gün fəxarət hissi ilə deyə bilərik ki, 1969-cu il Azərbaycanın müasir tarixinə inkişafa doğru dönüşün təməlinin qoyulduğu il kimi yazıldı.
Heydər Əliyevin tövsiyələri fəaliyyətimin əsas istinadgahı olduHeydər Əliyevin fəaliyyətində diqqəti çəkən digər məqam kadr məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşması, xüsusən azərbaycanlıların vəzifə pillələrində önə çəkilməsi idi. Əlbəttə, sovet illəri idi və xalqların dostluğu adı altında həmin dövrün bir sıra sərt tələbləri vardı. Amma buna baxmayaraq, Heydər Əliyev bütün fürsət və imkanlardan cəmiyyət həyatının hər bir sahəsində azərbaycanlıların üstün mövqeyinin təmin olunmasına çalışırdı.
Bu baxımdan Heydər Əliyev Azərbaycanın yüksəlişi naminə islahatlarını həm də idarəçilikdə kadr məsələlərindən və bu istiqamətdə azərbaycanlıların say göstəricilərinin artırılmasından başlamışdı. Hələ 1969-cu ilin avqust plenumunda Heydər Əliyev idarəetmədəki neqativ hallar barədə tənqidi fikirlərini diqqətə çatdırmış, kəskin şəkildə qeyd etmişdi ki, idarəçilik sistemində yerlibazlıq, regionçuluq təzahürləri önə çəkilmiş, dövlət işinə böyük xeyir gətirən, daha böyük səmərə verən təşkilatçılıq bacarığı, işgüzarlıq keyfiyyətləri kölgəyə alınmışdır.
Mənim üçün Heydər Əliyevin kadr siyasəti barədə danışmaq xüsusilə qürurvericidir. Çünki siyasi və idarəçilik fəaliyyətimdə ilk addımlarımı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra atmışam. Əvvəlcə onu qeyd edim ki, Heydər Əliyevi ilk dəfə 1960-cı illərin ortalarında Lənkəranda görmüşdüm. O zaman Heydər Əliyev Lənkərana gəlmişdi. General mundirində olan Heydər Əliyev öz əzəməti ilə məndə xüsusi təəssürat oyatmışdı. 1969-cu ilin iyul ayında bildik ki, Azərbaycanın yeni rəhbəri həmin generaldır.
O zaman mən Lənkəranda çalışdığım müəssisənin ilk komsomol təşkilatının katibi idim. 1971-ci ilin fevral ayında Lənkəran rayonunda komsomolun ikinci katibi vəzifəsinə seçildim. 1972-ci ildə Lənkəranda komsomolun birinci katibliyinə namizədliyim irəli sürüldü. Kadr məsələlərinə diqqətlə yanaşan Heydər Əliyev komsomolun birinci katibliyinə namizədliyi irəli sürülənlərlə şəxsən görüşür, onlarla söhbət aparırdı. Bu, həm də Ulu Öndər şəxsiyyətinin böyüklüyü idi. 1972-ci il iyul ayının 4-də məni qəbul edən Heydər Əliyevin verdiyi tövsiyələr həyatım boyu siyasi fəaliyyətimin yeganə istinadgahı oldu. Bu görüş məndə həyat fəaliyyətimin istiqamətini birdəfəlik müəyyən edən təəssürat yaratdı. O görüşdə mənə verilən tövsiyələr, fikir mübadiləsi Heydər Əliyev məktəbinin birinci dərsi idi.
Sonrakı illərdə məhz Heydər Əliyevin göstərişi ilə Lənkəran komsomolunun birinci katibliyindən Ali Partiya Məktəbinə oxumağa göndərildim. Heydər Əliyev məni növbəti dəfə 1980-ci ildə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri təyin olunanda qəbul etdi. Həmin görüşdə də Heydər Əliyevin verdiyi tövsiyələr hər zaman fəaliyyətimin əsas istinadgahı oldu. Mənim üçün olduqca qürurvericidir ki, 1981-ci ildən etibarən Mərkəzi Komitənin Təşkilat-partiya işi şöbəsində inspektor vəzifəsində çalışdım. Heydər Əliyev kimi nəhəng, nüfuzlu və əzəmətli bir insanın rəhbərliyi altında çalışmaq həm şərəfli, həm də məsuliyyətli idi. Çünki bu komandada işləməyənə, fəal olmayana yer yox idi. Ona görə Ulu Öndərin komandasında olmaq mənim üçün həm həyat, həm də idarəçilik məktəbi idi.
14-cü yerdən liderlər cərgəsinəO illərdə Azərbaycanda məhz Heydər Əliyevin rəhbərliyi ilə milli və sosial-iqtisadi intibah baş verdi. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdı. Həmin illər ərzində iqtisadiyyata əvvəlki 50 ildəkindən 1,4 dəfə çox kapital qoyulmuşdu. Xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki əlli illə müqayisədə 1,5 dəfədən də artıq idi. 250-dən çox iri zavod, fabrik və istehsal sexləri tikilmişdi. Azərbaycanda buraxılan 350 adda sənaye məhsulu dünyanın nə az, nə çox - düz 65 ölkəsinə ixrac olunurdu. O illərdə Azərbaycan ittifaq ölkələri arasında 14-cü yerdən liderlər cərgəsinə yüksəlmişdi.
Kadr məsələlərinə gəldikdə, 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda, SSRİ-nin 50-dən artıq şəhərinin 135 mülki, 105 ali hərbi məktəbində 250-dən çox nadir ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanmışdı. Heydər Əliyevin atdığı ən müdrik və cəsarətli addımlardan biri də Cəmşid Naxçıvanskinin adı verilən hərbi təyinatlı orta internat məktəbin fəaliyyətə başlaması oldu.
Heydər Əliyev sovet illərində xalqımızın tarixini, mədəniyyətini, milli ənənələrini cəsarətlə qorudu, onların sovet ideologiyasının təsiri altında itməsinə imkan vermədi. Olduqca qürurvericidir ki, Ulu Öndər Moskvada çalışdığı illərdə də bütün imkanlardan Azərbaycanın inkişafı üçün çalışdı.
Dövlətçilik tariximizin şərəfli səhifələrini yazan şəxsiyyətHeydər Əliyev kimi görkəmli şəxsiyyətlər harada və hansı vəzifədə olmasından asılı olmayaraq, vətənə və dövlətə layiqli xidmət nümunəsi göstərirlər. Təsadüfi deyil ki, Ulu Öndər heç bir vəzifə tutmadığı illərdə də Azərbaycan üçün çalışmış, müstəqilliyimiz uğrunda milli mücadilənin önündə getmişdir. Məhz Heydər Əliyevin cəsarəti ilə SSRİ-nin mövcud olduğu dövrdə üçrəngli bayrağımızın rəsmi şəkildə ucaldılması, bütün sovet rəmz və dəyərlərindən imtina olunması milli müstəqillik uğrunda mübarizə və bütövlükdə dövlətçilik tariximizin qürur doğuran səhifələridir.
Bu baxımdan müstəqilliyimizin ilk illərində üzləşdiyimiz dərin siyasi böhranın aradan qaldırılması, dövlətçiliyimizin xilası üçün xalqımızın Heydər Əliyevə müraciət etməsi təsadüfi deyildi. Çünki hər kəs yaxşı bilirdi ki, bu dərin böhranı yalnız Heydər Əliyev kimi görkəmli şəxsiyyət aradan qaldıra bilər. 30 il əvvəl xalqının səsinə səs verən Heydər Əliyev bu tarixi mərhələdə özünün xilaskarlıq missiyasını layiqincə yerinə yetirdi və müasir, müstəqil Azərbaycan dövlətinin banisinə çevrildi. İstər Gəncə hadisələrindən sonra yaranmış hərbi-siyasi böhranın, istərsə də, 1993-cü ilin avqustunda Lənkəranda baş verən hadisələrin aradan qaldırılması zamanı bir daha Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün şahidi oldum.
Mənim üçün olduqca qürurvericidir ki, müstəqillik illərində də Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Həm Nazirlər Kabinetində, həm də qanunvericilik sahəsində çalışdığım illərdə bir daha Ulu Öndərin nə qədər vətənpərvər, bütün varlığı ilə dövlətini və xalqını sevən şəxsiyyət olduğunu gördüm. Heydər Əliyev məcburi köçkünlərin sosial qayğılarının təmin olunmasına çox böyük həssaslıqla yanaşırdı.
Mənim üçün Heydər Əliyev barədə danışmaq ona görə qürurvericidir ki, 1994-cü ilin avqust ayında Ulu Öndərlə birlikdə müqəddəs Kəbəni ziyarət etmişəm. Həmin ziyarət zamanı Heydər Əliyev Azərbaycan dövləti, xalqımız üçün dualar edirdi. O illərdə respublikada nə qədər problemlər vardı, büdcə boş idi, maaşları, pensiyaları verməyə pul yox idi. Görkəmli dövlət xadimi kimi Heydər Əliyev tədricən bütün məsələləri qaydaya saldı, nəticəyönümlü iqtisadi və sosial islahatlar həyata keçirdi. Heydər Əliyev bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemlərinin həllini həmişə diqqətdə saxlayırdı və ona görə neftdən gələn gəlirlər ilk olaraq bu insanların sosial və məişət qayğılarının həllinə yönəldilmişdi.
Heydər Əliyev bu gün nailiyyətləri ilə fəxr etdiyimiz dövlət quruculuğunu uğurla reallaşdırdı, Azərbaycanın yüksəlişi, xalqımızın rifahı üçün müəyyən etdiyi prioritetləri addım-addım inkişaf etdirdi.
İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu həyata keçirdi Azərbaycan Heydər Əliyevin ideyaları əsasında və yaratdığı möhkəm təməllər üzərində inkişaf edir, regionda və dünyada söz sahibi olan dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçdiyimiz inkişaf yolu olduqca qüruvericidir. Bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlərin şahidləri kimi söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçib. İqtisadiyyatımızın 3 dəfə artması, Azərbaycanın beynəlxalq enerji bazarlarında aparıcı mövqeyə çıxması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba üzv olması, sosial sferada baş verən böyük keyfiyyət dəyişiklikləri ölkəmizin keçdiyi mükəmməl inkişaf nümunələridir.
Bütün bunların nəticəsidir ki, xalqımız bütün seçkilərdə cənab İlham Əliyevə etimad göstərib. Bu etimad həm də zamanın sınaqlarından uğurla çıxan xalq-prezident münasibətlərindən irəli gələn böyük etibardır.Bu dövrün ən böyük və tarixi hadisəsi isə, əlbəttə ki, 2020-ci ildə Vətən müharibəsinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Bununla da Müzəffər Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirdi. Ona görə indi Heydər Əliyevin ruhu rahatdır və artıq Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə onun görmək istədiyi güclü dövlətə çevrilib.
Ulu Öndər öz ideyaları ilə hər zaman yaşayacaq, yüksək ehtiramla anılacaq. Heydər Əliyevin misilsiz fəaliyyəti, bizlərə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irsi qiymətli bir xəzinə kimi uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim şölələnəcək. İllər keçdikcə nəsillər bir-birini əvəz edəcək, gələcək nəsillər tariximizin bu şanlı səhifələrini vərəqlədikcə onun müəllifini həmişə xatırlayacaq və minnətdarlıqla yad edəcəklər.
Hadi Rəcəbli,
siyasi elmlər doktoru, professor