“Arkoz Holdinq”in Babək rayon Nehrəm qəsəbəsindəki daş sexində çalışan fəhlələrin dörd gündür tətil etdiyi bildirilir.
Bu barədə “Gündəlik Naxçıvan”a tətil edən fəhlələr məlumat verib.
Bildirilib ki, buna səbəb rəhbərliyin onları ağır şərtlər altında yeni əmək müqaviləsi bağlamağa məcbur etməsidir. Fəhlələrin dediklərinə əsasən, təklif olunan yeni müqavilədə 5 günlük iş rejimi 6 günlə əvəzlənir, gündəlik iş saatı isə, 8-dən 9-a qaldırılır. Bunun qarşılığında maaşlara heç bir əlavə nəzərdə tutulmur.
Şikayətçilərdən biri B. Ağayev deyib ki, onlar əvvəllər də şənbə günləri pulsuz i.ləməyə məcbur ediliblər. Bu, müavilədə nəzərdə tutulmadığından, fəhlələrlə rəhbərlik arasında tez-yez mübahisələr yaranırmış. Onun fikrincə, yeni müqaviləyə imza atdırmaqla, rəhbərlik “qul əməyi”ni qanuniləşdirib, mübahisələrə son qoymaq istəyir:
“İndiyə kimi həftə içi saat 9-dan 18-ə kimi, yəni həftəlik 40 saat işləyib, şənbə və bazar günləri isə istirahət edirdik. Bəzi hallarda şənbə günü işləməyə məcbur edirdilər. Bu zaman narazılıqlar yaranırdı. Çünki, artıq işlədiyimiz saatlar üçün bizə maaş yazmırdılar. İndi şirkət bunu müqavilədə əks etdirib, qanuniləşdirərək məsuliyyətdən uzaq olmaq istəyir. Sex rəisi Vüsət Bağırov bizi təhdid edir ki, müqaviləni imzalayaq. Bu isə əmək məcəlləsinə ziddir. Biz də buna etiraz olaraq, tətilə başlamışıq”.
Qeyd olunub ki, məcburi müqavilə rayonun Tumbul kəndindəki daş sexinin fəhlələrinə də təklif olunur. Növbəti günlərdə onların da tətilə qoşulacağı gözlənilir.
Tumbuldakı daş sexində fəhlə işləyən A. Qasımov deyib ki, baş verən qanunsuzluqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsələr də, onlara cavab verilməyib:
“Axı biz qul deyilik. Əmək Məcəlləsi var. Bizim də istirahət hüququmuz var. 6 ay idi ki, hər şey normal qaydada gedirdi. İndi gəliblər ki, yenidən müqavilə bağlayacağıq, biz hər gün bir saat artıq, üstəlik şənbə günləri də işləyəcəyik, maaşlarınız da artmayacaq, etiraz edənlər də işdən çıxarılacaq. Artıq bəziləri təhdidlərə tab gətirməyib, yeni müqaviləni imzalayıb. Biz isə, axıra kimi gedəcəyik. Tələbimiz qəbul olunmasa, Nehrəmdəki tətilçilərə qoşulmaq fikrimiz var. Bəs, prezidentin işçi hüquqlarının qorunması ilə bağlı fərman və göstərişləri necə olacaq? Belə çıxır ki, bizim rəhbərlik prezidenti saymır”.
İddialarla bağlı “Arkoz Holdinq”lə əlaqə saxlanılsa da, şirkətdən fəhlələrin iddialarına cavab vermək istəməyiblər.