Xətai rayonunun hüquq-mühafizə orqanları ilə bağlı qəribə mənzərə yaranıb. Artıq bir neçə ildir, məhkəmə, polis və prokurorluq orqanları sahibkar Anar Qəribovun “Azur” ticarət mərkəzinin sahiblərinə qarşı şikayəti ilə bağlı vahid mövqeyə gələ bilmirlər.
Bu işlə bağlı qısaca onu demək olar ki, sahibkar ticarət mərkəzində kifayət qədər böyük ərazini icarəyə götürüb, oranı təmir etdirib, ora bahalı avadanlıqlar və geniş çeşiddə brend geyimlər gətirib. Ancaq təmirdən sonra ciddi şəkildə dəyişən obyekt oranı icarəyə verənlərin özlərinin xoşuna gəlib. Üstündən iki ay keçməmiş “Azur” sahibləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq icarə haqqını dəfələrlə artırdıqlarını elan ediblər. (Pressklub.az bu barədə “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” (https://pressklub.az/ekskluziv/sahibkari-bele-muflis-etdiler-milyon-yarimliq-qalmaqal/) məqaləsində yazıb).
Ticarət obyektinin təmiri və təchizatına bir milyon manata yaxın sərmayə qoyan sahibkarın sözlərinə görə, o, yeni şərtləri qəbul edə bilməzdi. Ona görə yox ki, bu, tərəflərin hüquqi olaraq bağladıqları sənədə zidd olub. İlk növbədə ona görə ki, o, yenicə ticarət qurmağa, kreditləri ödəməyə başlayıb və ərazini icarəyə verənlərin heç nəyə əsaslanmayan, havadan götürdükləri məbləği hər ay ödəyə bilməzdi. Və ümumiyyətlə, heç bir özünə hörmət edən iş adamı daha çox quldurluğu xatırladan bu cür yanaşma ilə razılaşmaz.
Yaranmış münaqişənin sülh yolu ilə həlli mümkün olmayıb. Ərazini icarəyə verənlər sahibkarı onların tələbinə boyun əyməyə və ya sadəcə olaraq, ticarət mərkəzini tərk etməyə məcbur etmək üçün müxtəlif üsullara əl atmağa başlayıblar. Qəribovun sözlərinə görə, onlar işığı kəsiblər, ticarət obyektinə kanalizasiya suları axıdıblar, reklam lövhələrini çıxarıblar, mağaza işçilərinə maneələr yaradıblar, axırda isə özbaşına şəkildə obyekti özləri üçün yenidən qurmağa başlayıblar. Və bir gün işə gələn sahibkar öz mağazasını tanımayıb – bütün avadanlıqlar mallarla birlikdə yoxa çıxıb. Qəribov bunu kimin etməsi və əmlaklarının harada olması barədə suala cavab ala bilməyib.
Sahibkar hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Düşünüb ki, onlar problemi tez bir zamanda həll edəcəklər. Axı hər şey o qədər aydındır ki, nəyisə uzun müddət axtarmağa ehtiyac qalmayacaq. Tamamilə aydın idi ki, ticarət mərkəzinin rəhbərliyinin xəbəri olmadan heç kim bunu edə bilməzdi.
Amma Qəribov hesablamalarında ciddi səhvə yol verib. Hüquq-mühafizə orqanları sahibkarın təkidi ilə beş dəfə araşdırmaya başlayıblar və hər dəfə cinayət işi açmaqdan imtina ediblər.
İcarəyə götürənin sonda müraciət etdiyi Xətai rayon məhkəməsi yaşananlara hüquqi qiymət verib və Cinayət Məcəlləsinin 158.3, 177.2.3, 177.2.4, 186.3, 190.2-ci maddələrinin açıq-aşkar pozulduğunu müəyyən edib. Lakin hakim Bəxtiyar Məmmədovun şikayət üzrə cinayət işinin başlanmasından imtina edilməsi barədə əvvəlki qərarın ləğvi ilə bağlı çıxardığı hökm heç nəyi dəyişməyib. Xətai Rayon Polis İdarəsinin rəisinin cinayət işinin başlanması ilə bağlı imzaladığı müvafiq məktuba prokurorluq yenidən rədd cavabı verib.
Ən anlaşılmaz olanı isə budur ki, Xətai Prokurorluğunun bu imtina qərarını daha yüksək nəzarət orqanları – həm Bakı şəhər Prokurorluğu, həm də Baş Prokurorluq dəstəkləyir. Və ona görə yox ki, bu işdə icarəyə verənlərin addımlarına haqq qazandıran məqamlar var. Bəlkə onlar üçün mundir şərəfi qorumalı olduqları həqiqətdən daha önəmlidir? Axı kim bilməsə də, onlar bilirlər ki, məhkəmə qərarı olmadan başqasının əmlakını naməlum istiqamətdə aparıb aylarla gizlətməyə, sahibini ona yaxın buraxmamağa heç kimin hüququ yoxdur. Yeri gəlmişkən, uzun və davamlı axtarışlardan sonra tapılan məhsulun bir hissəsi düzgün saxlanma şəraiti olmadığından qismən çürüyüb, qalanı isə ciddi zədələnib.
Düzdür, icarəyə verənlər iddia edirlər ki, onlar icarədara binanı tərk etməklə bağlı dəfələrlə xəbərdarlıq ediblər, “köçürülmə” prosesi isə şahidlər, yəni öz işçilərinin gözü qarşısında aparılıb və videoya çəkilib. Amma məsələ ondadır ki, bu zaman artıq işə məhkəmədə baxılırmış və məhkəmə ticarət mərkəzinin sahiblərinə prosesin sonuna qədər mağazada heç nəyə toxunmamaq barədə ciddi xəbərdarlıq edib. Bəlkə onlar elə buna görə də arzuedilməz icarədarın özünəməxsus “köçürülməsinə” məhkəmə icraçıları dəvət edilməyiblər? Axı bu cür addımlar onların iştirakı olmadan həyata keçirilmir.
Müxtəlif versiyalar qura, fərziyyələr irəli sürə, icarəyə verənlərin atdıqları addımların səbəblərini və bu münaqişə ilə bağlı hüquq-mühafizə orqanlarının qərarlarının məntiqini anlamağa çalışmaq olar. Amma biləndə ki, ticarət mərkəzinin sahiblərindən biri olan Fuad Rzayev “Azərenerji” ASC-nin hamıya yaxşı tanış olan prezidenti Baba Rzayevin oğludur, bununla məşğul olmaq istəyi yox olur. Belə bir amil bir çox başqa versiyaların üstündən xətt çəkə bilər və istisna deyil ki, hətta məhkəmə, polis və prokurorluq orqanlarının arqumentlərini üstələyir.
Hüquqşünas Əkrəm Həsənov deyir: “Məhkəmə qərarında açıq-aydın göstərilib ki, şahid kimi binanın sahibi Fuad Rzayev ifadə verməyə borcludur. Onun əvəzinə izahatı nümayəndəsi Axundovanın yazması isə cinayət-prosessual qanunvericiliyin tələblərinin birbaşa pozulmasıdır. Cinayət-Prosessual Məcəlləsinin 9.4.1-ci maddəsinə əsasən, şahid, vasitəçi olmadan, özü ifadə verməyə borcludur. Cinayət Prosessual Məcəlləsinin 105-ci maddəsinə əsasən, şahidin nümayəndəsi yalnız ifadə verərkən ona hüquqi məsləhət verə bilər. Qəribədir ki, prosessual nəzarəti həyata keçirən prokurorluq Cinayət Məcəlləsinin belə kobud pozuntusunu görmür”.
Vəkilin sözlərinə görə, məhkəmə bu cinayət işinin icrasında məqsədlərdən biri ilə bağlı pozuntu qeydə alıb: cinayətin tez biz zamanda açılması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv aydınlaşdırılması. Hüquq-mühafizə orqanları cinayət əlamətlərini əks etdirən əməllər barədə məlumat alan kimi cinayətin izlərinin qorunması və müsadirə edilməsi üçün tədbirlər görməyə, habelə dərhal dindirmə və ya təhqiqat aparmağa borcludurlar.
Vəkil Əkrəm Həsənov məhkəmənin bu mövqeyi ilə razılaşaraq əlavə edir:
– Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi özü-özlüyündə cinayət kimi qiymətləndirilə bilər. Axı qanun dərhal hərəkətə keçməyi elə-belə tələb etmir. Çünki zaman keçdikcə sübutları müəyyən etmək və qanunu pozan şəxsi məsuliyyətə cəlb etmək xeyli çətinləşir. Baxılan iş həm də ona görə suallar doğurur ki, belə davranış Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün qeyri-adidir. Adətən onlar qonşuların bir-birindən daha az şikayətləri üzrə belə, dərhal cinayət işi açırlar. Burada isə Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə qanun pozuntuları var: 158 (Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma), 177 (oğurluq), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 190 (qanuni sahibkarlıq fəaliyyətinə mane olma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 322 (özbaşınalıq). Və bu dövlət başçısının sahibkarların müdafiəsi ilə bağlı daim çağırışlar etdiyi bir vaxtda baş verir. Amma biznesə belə yanaşma davam etsə, ölkədə sadəcə olaraq məmurlara məxsus olmayan biznes əvvəlcədən uğursuzluğa məhkum olacaq.
Qanun hamı üçün eynidir deyirlər. Amma adamda belə bir təəssürat yaranır ki, Xətai rayonunda hüquq-mühafizə orqanlarının hərəsinin öz Femidası var. Hətta pandemiyadan da əvvəl başlayan və illərdir bir instansiyadan digərinə sürünən bu məsələyə aydınlıq gətirməyin vaxtı çatıb.
Pressklub.az