Axtarış...

Prezident Ermənistanın dünənki təxribatından danışdı

Prezident Ermənistanın dünənki təxribatından danışdı


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan Prezident Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini deyib və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirib.

Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb.

Dövlət başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın ATƏT ilə əməkdaşlığına praktiki müstəvidə baxdığını qeyd edib. Dövlət başçısı bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycanla Şimali Makedoniya arasında nəqliyyat, enerji və qarşılıqlı maraq doğuran digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz