İrandan idxal edilən 446 tondan artıq kivi məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, AQTA ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir. Bu xüsusda, son dövrlər İran İslam Respublikasından idxal edilən bitkiçilik məhsulu partiyalarında bir-birinin ardınca aşkarlanmış uyğunsuzluqlarla əlaqədar fitosanitar nəzarət tədbirləri gücləndirilib, ölkənin bitki sağlamlığına təhlükənin qarşısının alınması istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlər davam etdirilməkdədir. Agentlik əməkdaşlarının həyata keçirdiyi yoxlama-nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən kivi məhsulu partiyalarına fitosanitar baxış zamanı məhsullardan götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokolları nəticəsində, ümumilikdə İran İslam Respublikasından idxal olunmuş kivi məhsullarının 26 partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib. Adıçəkilən partiyalardan 25-də tut qalxanlı yastıcası, 1-də isə Yaponiya yalançı çanaqlı yastıcası aşkarlanıb.
Zərərli orqanizm aşkarlanan məhsulların ümumi miqdarı 446.4 ton olmuşdu ki, bu da 2023-cü ildə ölkəyə idxal edilən (2309 ton) kivi məhsulunun 19 %-ni təşkil edir. Sözügedən sitrus meyvələrində aşkarlanmış uyğunsuzluqlar barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına Agentlik tərəfindən 26 bildiriş (notifikasiya) göndərilib. "Təəssüf ki, bir sıra sitrus meyvələrində (o cümlədən portağal), həmçinin digər bitkiçilik məhsullarında (kartof) olduğu kimi kivi məhsullarının İrandan idxalında da aşkarlanmış uyğunsuzluqlar daha da intensivləşib, - AQTA-nın məlumatında bildirilib. Qeyd edək ki, ümumiyyətlə, ölkəyə idxal olunan bir sıra qida məhsullarının yararsız olması faktları aşkarlanır.
Həmin məhsulların yararsız olduğu ölkəyə gətirildikdən sonra aşkarlanırsa, onlar bəs gömrükdən necə daxil olur?
Millitv.az -ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycan gömrüyündə məhsullar o qədər həssas yoxlanılmır:
“Məsələn, İrandan gətirilən kartofda nitritin çox olması barədə gömrükdə informasya olmur. Yaxud digər zərərvericilərin aşkarlanması faktiki olaraq Azərbaycan gömrüyündə mümkün deyil. Ona görə də AQTA-nın ölkə daxilində hansısa məhsulun yararsız olduğunu aşkarlaması təbiidir. Yalnız İrandan gətirilən kartof, kivi deyil, bütün gömrük qapılarından daxil olan məhsullar ciddi şəkildə yoxlanılmır. Ona görə də Azərbaycanın daxilində bu gün yararsız məhsullar kifayət qədərdir. Əgər gömrük qapılarında bu proses dəqiq və şəffaf həyata keçirilsə, ölkə daxilində ən azından idxal olunan yararsız məhsulların olması mümkün olmazdı. Ancaq çox təssüf ki, Azərbaycan bazarında kifayət qədər bu cür məhsullar var”.
Ekspert deyir ki, ölkədə qida, əmtəə təhlükəsizliyi məsələsi düzgün qurulmayıb:
“Məsələn, nə AQTA, nə də gömrük öz işini dəqiq qurur. Yəni bulanıq bir məkandır və burada da balıq tutmaq çox asandır. Ölkənin bütün gömrük məntəqələrindən, iqtisadi qapılarından ölkə bazarlarına qida, əmtəə baxımından kifayət qədər zərərli, təhlükəli məhsullar daxil olur. Burada laborator müayinə yoxdur. Sadəcə olaraq başqa “üsulla” keçirirlər. Yəni potensialdır, təəcüblü deyil”.
Ekspertin sözlərinə görə, ölkəyə daxil olan bütün qida məhsullarını AQTA yoxlaya bilməz:
“Onların buna potensialı da çatmır. O zaman AQTA-nın 1 milyon işçisinin olması lazımdır. Sadəcə olaraq AQTA seçmə üsulu ilə yoxlamalar aparır. Yəni AQTA-nın sistematik olaraq ölkəyə daxil olan məhsulları yoxlaması mümkün olmur. Əslində həmin idxal məhsullarını gömrük yoxlamalıdır. Yararlılar idxal olmalı, yararsızlar geri qaytarılmalıdır. Bu, bütün dünyada belədir. Ancaq Azərbaycan, Rusiya və digər MDB ölkələrinin bir çoxunda eyni təcrübədir, yəni gömrük rəmzi xarakter daşıyır. İqtisadi sərhədlərimiz o qədər də etibarlı qorunmur. Burada rüşvətin də rolu var”.
Qeyd edək ki, AQTA-nın gömrükdə şöbəsi, yaxud laboratoriyasının fəaliyyət göstərməsi ilə bağlı məsələyə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov isə bildirdi ki, qurumun gömrükdə nümayəndələri olur:
“Qida məhsullarına nəzarəti həyata keçirir, laboratoriyalar isə regional fəaliyyət göstərir”.