Axtarış...

İmişlidə qazinin başına oyun açırlar - TƏFƏRRÜAT

İmişlidə qazinin başına oyun açırlar - TƏFƏRRÜAT


Özünü Sənan Uğurliyev kimi təqdim edən şəxs şikayətində qohumları Əziz Quliyevlə qardaşı Mirzəağa Uğurliyevin iyirmi ildən çox davam edən münaqişəsindən bəhs edir. Bu səbəbdən də qardaşının Azərbaycana gəlişində hər hansı təxribatın olmasından ehtiyatlanırlar. Sənan bizə qəribə və bir çox cəhətdən ibrətamiz əhvalat danışdı. Həmin əhvalatı oxucularımızla bölüşmək qərarına gəldik:“Əziz Quliyev 1990-cı illərin sonunda İmişlidəki kolxoz bazarını özəlləşdirmək qərarına gəlmişdi, lakin təkbaşına bu prosesi başa çatdıra bilməmişdi. O ərəfədə qardaşım Mirzəağa bir neçə günlüyə Moskvadan rayona qonaq gəlmişdi. Bibimiz oğlu Əziz də problemini onunla bölüşmüşdü. Moskvada yaşayan iş adamı və Azərbaycan diasporunun fəal üzvü olan Mirzəağa İmişlidəki qohumları ilə heç vaxt əlaqəni kəsməyib, ona müraciət edən hər kəsə kömək edib. Onun Bakıda da geniş əlaqələri olub”. Bibisi oğlunun imkanını və əlaqələrini bildiyi üçün Əziz Mirzəağadan rayon bazarını özəlləşdirməyə və onunla bərabərhüquqlu, gəlirli biznes qurmağa kömək etməyi xahiş edib. Uzun tərəddüddən sonra Mirzəağa razılaşıb. Amma bircə şərtə – özü daim Moskvada yaşadığı üçün bazarı Əziz idarə etməli, həm də qohumlar üçün yeni iş yerləri təşkil etməli imiş. Şərt qəbul olunub və 1999-cu ilin sonlarında İmişlidəki bazar Mirzəağanın köməyi və pulu hesabına özəlləşdirilib. “Mirzəağa bazarı Əzizin adına rəsmiləşdirdi və ona həmin çətin illərdə heç kimin çörəyə möhtac qalmaması üçün qohum-əqrəbanı işə götürməyi tövsiyə etdi, – Sənan xatırlayır. – O, Əzizi Bakıdakı dostları ilə də tanış etdi, bundan sonra onunla ortaqlıq şərtlərini rəsmiləşdirmədən Rusiyaya getdi. Çünki əmin idi ki, yaxın qohumlar hər şeyi sənədsiz də həll edə bilərlər”.

Amma sonradan məlum olub ki, bu, səhv imiş və Mirzəağa həmin səhvin ciddiliyini bir neçə ildən sonra anlayıb. Əziz əvvəlcə razılaşdırıldığı kimi bir neçə qohumunu, o cümlədən Mirzəağanın kiçik qardaşı Sənanı işə götürüb. Lakin Əziz onlara işlərinin müqabilində pul vermirmiş. Vaxt keçdikcə o, qohumları ilə münasibətini də kobudlaşdırmağa başlayıb. Nəticədə, bir neçə aydan sonra Sənan da digər qohumları kimi özünə başqa iş tapıb. Onların bazardakı yerlərini isə təbii ki, buna görə pul ödəyən və yeni sahibin hər istəyini yerinə yetirməyə hazır olan insanlar tutub. Üstəlik, Əzizin biznesi Moskvadakı bibisi oğlunun tanış etdiyi adamların sayəsində yüksəlməyə başlayıb.
İllər keçdikcə Əzizin bazar biznesi də ciddi şəkildə çiçəklənməyə başlayır. Buna baxmayaraq, Əziz Mirzəağaya şikayət edirmiş ki, gəlirləri o qədər az və qeyri-sabitdir ki, bu vəsaiti iş ortağı ilə bölüşə bilmir. Sonda isə ümumiyyətlə onunla danışmaqdan və özəlləşdirmə prosesində bibisi oğlunun köməyini etiraf etməkdən imtina edib. Əziz Quliyev onu müflis olmaqdan xilas edən və ciddi sahibkara çevrilməsində birbaşa iştirakı olan bibisi oğluna belə təşəkkür edib.

Hələ də Azərbaycana qayıda bilməyən Mirzəağa Uğurliyevin versiyasını bizə qardaşı Sənan danışdı. Onun sözlərinə görə, bu gün ancaq böyük qardaşının müdafiəsinə qalxdığına görə təhdidlərlə üzləşir. Amma Sənan təhdidlərdən qorxmur. O, çox güclü, onurğasında düşmən gülləsi gəzdirən Birinci Qarabağ müharibəsi əlilidir. Özünə əlillik təyin etdirmək və müvafiq müavinət almaq üçün barmağını belə tərpətməyən bir insandır. “Döyüşə könüllü kimi getmişəm, qərarıma görə məsuliyyəti də özüm daşımalıyam, – Sənan deyir. – Dövləti niyə yükləməliyəm?” Görünür ki, Uğurliyevlər ailəsi rəsmi “kağızlar” toplamağı sevmir. Ancaq, təəssüf ki, onlarsız yaşamaq bəzən çox çətin olur. Buna görə də, Sənan otuz ildir onurğasında güllə ilə gəzir, əlilliyi qeydiyyata alınmayıb. Aydındır ki, hər ötən il bunu etdirmək daha da çətinləşəcək. “Böyük qardaşım Mirzəağa da bibisi oğluna inanıb. Bibioğlu isə yaxın qohumunu o qədər məkrli şəkildə aldadıb ki, düşmənə belə arzu etməzsən – Sənan deyir. – İndi onun lazımi “kağızları” yoxdur, çünki vaxtilə Əzizin sözünə inanaraq, onları tərtib etməyib. Amma məsələ ondadır ki, quru sözü işə tikmək mümkün deyil. Bununla belə, İmişli rayonunda çoxları işin necə olduğunu bilir, bu da məni böyük qardaşımın müdafiəsinə qalxmağa sövq edib…”

Quliyevin qohumlarını necə aldatmasını həqiqətən rayonda bilirlər. Amma Uğurliyevlərdən narazılıq hələ də var – axı zamanında məhz onlar Quliyevi müdafiə ediblər, bazarın özəlləşdirilməsində, lazımi əlaqələr qurulmasında, biznesini inkişaf etdirməsində kömək ediblər… Sənan imişlililərin tələbini haqlı sayır. Onun sözlərinə görə, Əziz Quliyev o dərəcədə dəyişib ki, heç kimi saya almır. Çox yüksək vəzifəli bir məmurdan dəstək almış Əziz nə istəsə, onu da edir. Mirzəağa bir dəfə telefon danışığında Əzizə başa salmaq istəyib ki, özünü sonsuza qədər orta əsrlərdə yaşayan feodal kimi apara bilməz, prezident Əliyevin qanunları və islahatları köhnə nizamı dəyişib. Uğurliyevlər çox xoşagəlməz və qeyri-müəyyən bir vəziyyətə düşüblər. Qardaşlar bir tərəfdən pullarını və bir-birini görmək imkanını itiriblər, digər tərəfdən isə həmyerliləri onlardan bazara olan hüquqlarının bərpa etməyi tələb edirlər. Bu zaman müvafiq sənədlərin olmaması İmişli sakinlərini narahat etmir – onlarla adam istənilən məhkəmədə əlində rəsmi sənədləri olan Əziz Quliyevə qarşı ifadə verməyə hazırdır. Amma Sənan bundan sonra necə olacağını bilmir. Çünki dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ilk şikayətindən sonra ona qarşı işlədiyi yerdə təzyiqlər başlayıb və o, buna görə “növbəti məzuniyyətə” getməyə məcbur olub. Sənan bu müddət bitdikdən sonra nə baş verəcəyini bilmir və işdən çıxarılacağını da istisna etmir – bibisi oğlunun təzyiqi ilə həmişə səbəb tapmaq mümkündür. Onun sözlərinə görə, Əziz Quliyev nəinki onların hamısını işsiz qoymaqla, hətta həbsxanaya atdırmaqla hədələyir. Buna inanmamaq çətindir. Sənanın ərizəsi əsasında İmişli kolxoz bazarına şikayətin mahiyyətini araşdırmaq üçün gəlmiş jurnalistlərə qarşı bazarın mühafizəçələri kobud münasibət göstərməkdən çəkinməyiblər. Uğurliyev qardaşları və onları ədaləti bərpa etməyə çağıran həmyerlilərinin Əziz Quliyevlə illərdir davam edən mübahisəsinin necə bitəcəyini yəqin ki, zaman göstərəcək. Mirzəağa vətənində ona qarşı mümkün təxribatlara baxmayaraq, Azərbaycana gəlməyi və bibisi oğlu ilə uzun sürən mübahisəni hüquq müstəvisində çözməyi düşünür. //azinforum.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz