Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz fevralın 21-də dünyasını dəyişib. Ötən gün Yeni Yasamalda, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində onun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
Yeniavaz.com xəbər verir ki, vida mərasimi zamanı Xalq artisti Əli Nurun İctimai TV-nin mikrafonuna səsləndirdiyi tənqidi fikirlər daha sonra kanalın sosial şəbəkə hesablarından götürülüb.
Əli Nur sözügedən çıxışda Xalq artistinin dəfninə biganə yanaşıldığını bildirib:
“Sovet dövründə adicə əməkdar artist rəhmət gedəndə, onu Akademik Milli Dram Teatrın səhnəsindən götürürdülər. Ən kiçik formada, Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun qədrini bilirdi, sənətin qədrini bilirdi, sənətə qiymətə verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qalmışdı qapının ağzında, asfaltın üstündə. Mən nazirliyi qaldırdım ayağa, Mədəniyyət Şöbəsini qaldırdım, İcra Hakimiyyətini qaldırdım ayağa.
Ayıbdır axı! Bu boyda sənətkar ölüb. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var, nə bir təşkilatçı var. Ramiz Novruz dınq eliyib, yersən çıxıb?! Ramiz Novruz Xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. O, nə yollar keçib gəlib, 50 ildən artıq səhnədə can qoymuş adamdır, dövlətə xidmət eliyən adamdır, quru maaşa baxan adamdır. Bunun qədrini bilmək lazımdır”.
O aidiyyəti qurumları və məmurları da sərt tənqid edib:
“Nə vaxta qədər bu respublikanı caynağına alacaq məmurlar, qanını soracaq dövlətin?! Sənət adamına qiymət verin də! Aktyorun qitməti yox, sənətin qiyməti yox, noldu daha bu?”
Qeyd edək ki, İTV kadrları silsə də, bəzi sosial şəbəkə istifadəçiləri qeyd edərək yenidən paylaşıb.
My Webpage