Axtarış...

TƏBİB-dən qadının qeysəriyyə əməliyyatından sonra ölümünün səbəbi ilə bağlı AÇIQLAMA

Bakıda qadının doğuş zamanı ölməsi ilə bağlı rəsmi açıqlama verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü vətəndaş yanvarın 31-i saat 02:55-də Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 33 həftəlik hamilə olan pasiyentə ilkin olaraq drepanotalassemiya diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Pasiyent fevralın 1-i saat 19:30 radələrində qeysəriyyə əməliyyatı olunub və cinsi kişi olan 2 300 qram çəkidə körpə dünyaya gəlib.

Xəstə intubasiya borusu taxılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Pasiyentdə poliorqan çatışmazlığı səbəbilə fevralın 2-si saat 06:30 radələrində bioloji ölüm qeydə alınıb.

Hazırda faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən gün mətbuatda paytaxtda yerləşən xəstəxanaların birində 32 yaşlı Səidə Əhədovanın doğuş zamanı dünyasını dəyişdiyi barədə məlumat dərc edilib. Yeni doğulan körpənin vəziyyəti ağır olduğundan küvəzə yerləşdirildiyi qeyd olunub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz