Dünyada və Azərbaycanda bir sıra ictimai-siyasi, sosial-iqtisadi hadisələrlə yadda qalan 2022-ci il artıq tarixə qovuşdu. Keçən ilin bir çox problemləri də həll olunmadan yeni 2023-cü ilə adladı. Bildiyimiz kimi, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Bu il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq. Ona görə də il boyu Ulu Öndərin həyat və dövlət xadimi kimi fəaliyyətinə işıq salınacaq, dahi rəhbərə həsr olunan tədbirlər keçiriləcək. Sözsüz ki, bu sırada Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlər, apardığı məhkəmə-hüquq islahatları dfa xatırlanacaq, insan hüquq və azadlıqlarının təmin olunmasına necə böyük dəyər verdiyi yada salınacaq. Problemləri 2022-ci ildə həllini tapmayaraq 2023-cü ilə adlamış Cənnətovlar ailəsi də “Heydər Əliyev ili”ndən ədalət gözləyirlər.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.
Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.
Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.
Xatırladaq ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərinin redaksiyamıza müraciətləri əsasında artıq üç dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.
Sonuncu dəfə isə Alim Cənnətovun nənəsi – şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətova redaksiyamıza müraciət edərək fəryadının ictimailəşdirilməsini xahiş etmişdi. Redaksiyamıza növbəti müraciətlərində “Yəqin, Mehriban Qarayeva özü də ana olduğu üçün məni başa düşüb, amma Azər Hüseynova həm ədalət, həm də mərhəmət hissi yad olduğu üçün bizim fəryadımıza biganə yanaşdı, sifarişlə qərar çıxardı” – deyən ailənin üzvləri özlərində belə bir inam bəsləyirlər ki, Ali Məhkəmədə icraatda olan bu məsələ ilə bağlı tezliklə ədalət işartıları özünü göstərəcəkdir: “Əfsuslar olsun ki, Rövşən Bayramov məhkəmədə Namiq Cəlilovun müdafiəçisi kimi çııxış elədi. Bu da haradasa başa düşüləndi – təmsil etdiyi qurumun məhkəmə çəkişməsində uduzmasını istəmirdi. Amma Allahdan qorxmalıydı. Belə çıxdı ki, Bayramov Cəliloviun günahına şərik çıxdı. Apellyasiya məhkəməsinin hakimi Azər Hüseynov haqlı tərəf olan bizi başa düşmədi, amma haqsız olan qarşı tərəfin “dilini yaxşı anladı”. Məhkəmə prosesinin audio-video qeydlərinin də çıxarılıb incələnməsini vəsatətlə tələb etdik, yerinə yetirmədilər. Hakim köməkçilərinin özləri belə məhkəmənin gedişində bütün istiqanlı manera və jesttləri ilə Alim Cənnətovun mövqeyinin haqlı olduğu mesajı verirdilər. Di gəl, son anda onlar da hakim Azər Hüseynovun yekun qərarını təsdiqləməli oldular. Təqaüdə çıxmaq ərəfəsində özünə Dövlət Sərhəd Xidməti kimi düşmən qazanmaq istəməyən Azər Hüseynov isə ədalətin deyil, hüquqpozanın tərəfində durdu. DSX-nı uduzdursaydı, bu, hakimin imicinə, təqaüdünün məbləğinə təsir edəcəkdimi? – deyə bilmərik! Amma bir onu bilirik ki, Allah var, Onun mizan-təırəzisi var, bir də Azər Hüseynovun halal hesab elədiyi təqaüdü salamat canla yeyə bilib-bilməməsi, həmin təqaüdün həkimə-dərmana qismət olub-olmayacağı məsələsi var”.
Hüquqları uğrunda mübarizə aparan Alim Cənnətovla DSX-nin mübahisəsi ilə bağlı Ali Məhkəmənin növbəti iclası fevralın 3-də hakim Rahib Nəbizadənin sədrliyi ilə qiyabi icraat qaydasında keçiriləcək. Əslən Gəncə şəhərindən olan Cənnətovlar vaxtilkəı Gəncə Apellyasiya Məhkəməsində işləmiş Rahib Nəbizadənin haqqında yüksək fikirlər eşitdiklərini, ədalət tərəfdarı olduğunu bildiklərindən, bu dəfə də haqqı müdafiə edəcəyinə ümidlidirlər. Həmçinin Ali Məhkəmənin sədrinə xahişdə bulunurlar ki, məsələni öz yüksək nəzarətinə götürsün və ədalətli qərar çıxarılmasına köməklik göstərsin.
“Dəryaz”