Yəqin ki, belə bir gedişlə yaxın 5-6 il ərzində Məhəmməd polkovnik hərbi rütbəsinə yüksələ biləcək. O halda bir kimsə buna heç də təəccüblənməsin
Məlumdur ki, Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli, 740 nömrəli Fərmanı əsasında yaradılmış və bu dövlət qurumu ölkəmizə məxsus sərhədlərin mühafizəsi sahəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edək ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik hüququnu əldə etdiyi ilk illərdə, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Bu dövlət qurumu hal-hazırda öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və DSX-nin normativ hüquqi aktlarını rəhbər tutur. DSX ona həvalə edilmiş vəzifələri tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir.
Qeyd edək ki, hal-hazırda DSX-nin rəisi vəzifəsini Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmiş Elçin İsağa oğlu Quliyev daşımaqdadır. Bu şəxs Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı, 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, nəhayət 05 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunur. Onu da bildirək ki, indiyə kimi Dövlət Sərhəd Xidməti çətin və mürəkkəb bir yol keçmiş və sərhədlərimizin mühafizəsinin yüksək səviyyədə təmin olunması üçün, bu sahədə xidmətdə olanlar ən yeni döyüş texnikası ilə, silah-sursatla, müşahidə, aşkaretmə, radiolokasiya sistemləri və s. ilə təmin olunmuşlar. Yəni, bunlar günümüzün reallığıdır. Bəli, hal-hazırda iqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq, ölkəmizin quru və su sərhədləri müəyyən qədər mühafizə olunur. Faktdır ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası ildənilə yenilənir və sərhəd bölmələrinin müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təminatları yaxşılaşdırılır. Bəli, dövlət sərhədlərinin etibarlı şəkildə mühafizə olunması, sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən olduqca asılı olur. Ona görə də, Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahə hesab olunur. O halda sual oluna bilər ki, görəsən cənab Elçin Quliyevin rəhbərlik etdiyi bu dövlət qurumunda, hal-hazırda kadr təyinatları və hərbi rütbələrin verilməsi və digər məsələləri necə həll olunur? Elə bu necəliyin varlığıdır ki, Dövlət Sərhəd Xidmətində bu kimi məsələlərlə bağlı bəzi nüasların varlığını geniş ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik ki, hər kəs bu dövlət qurumunda baş verənlərdən müəyyən qədər xəbərdar ola bilsin. Məsələn, gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə DSX-nin rəisi vəzifəsini daşıyan Elçin Quliyevin oğlu Məhəmməd, Bakı Dövlət Universitetinin (BDU-nun) huquq fakultəsində ali təhsilini başa vurduqdan sonra o, həqiqi hərbi xidmətini atasının rəhbərlik etdiyi qurumun Sərhəd Qoşunlarının Yevlaxdakı hərbi hissəsinin Çevik Hərəkət Bölüyündə kecirir. Bir müddətdən sonra Məhəmməd leytenant hərbi rütbəsi alır və DSX-nin Istintaq idarəsində ixtisası üzrə təkmilləşdirmə kursu keçir. Daha sonra o, baş leytenant hərbi rütbəsində Çevik Hərəkət Komandanlığında xidmətini davam etdirir (burada əmək haqqı iki qatdır) və qısa müddət ərzində atasının yolunu davam etdirən Məhəmməd, vaxtından əvvəl atası tərəfindən kapitan hərbi rütbəsinə də layiq görülür.
Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, vaxtilə Elçin Quliyevin özü də bir neçə rütbəni “Xidmətdə fərqlənməyə görə” vaxtından əvvəl almağa nail olur. Halbuki, bu şəxs yalnız Xudat Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmətdə olur. Diqqət yetirmək lazımdır ki, Elçin Quliyev hərbi hissə komandanlığı tərəfindən polkovnik-leytenant hərbi rütbəsi alır və birbaşa Sərhəd Qoşunlarına komandan təyin olunur. Bir sözlə, hərbi rütbələri “kosmik sürət”lə əldə edən Elçin Quliyev, bu gün oglunun gaygısına galır və onun da “kosmik sürət”lə hərbi rütbələr almasına imkan yaradır. Yəqin ki, belə bir gedişlə yaxın 5-6 il ərzində Məhəmməd polkovnik hərbi rütbəsinə yüksələ biləcək. O halda bir kimsə buna heç də təəccüblənməsin. Baxmayaraq ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə hərbi rütbələrin verilməsi qaydaları tam aydınlığı ilə göstərilib və bu Əsasnamənin tələblərinə əməl etmək, məhz hər bir vəzifə sahibinin əsas borcudur. Yəni, 03 oktyabr 1997-ci ildə təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 4-cü fəslinin 41-ci maddəsində qeyd olunub ki, “Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən, eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir”. O halda sual oluna bilər ki, görəsən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin olğu Məhəmməd, “Hərbi xidmətkeçmə haqqında” təsdiq olunmuş Əsasnamənin tələblərindən hansı birinə cavab verir ki, o, qısa zaman kəsiyində kapitan hərbi rütbəsinə sahib ola bilir? Əslində, oğul Məhəmməd buna öz petensialına görə nail olmur, atasının ona yaratdığı imkanlara görə nail olur. Bu da o deməkdir ki, dövlətimizin əsas strateji sahələrindən biri hesab olunan DSX, bu gün general-polkovnik Elçin Quliyevin inhisarında olduğundan, bu dövlət qurumunda kadr təyinatları, hərbi rütbələrin verilməsi və digər məsələlər qanunun tələblərinə uyğun deyil, məhz rəhbərliyin maraqlarına uyğun həllini tapır. Ən maraqlısı odur ki, Elçin Quliyev Əli adında digər oğluna general-mayor forması geyindirib, onu hərbi hissələrin birində kollektiv qarşısında nümayiş etdirir. Bu da onu sübut edir ki, Elçin Quliyev belə bir addımı ilə böyük bir qanunsuzluğa imza atır və o, müstəqil Azərbaycan Respublikasına məxsus atributla, sanki uşaq oyunu oynayır. Yəni, fotolardan da görünür ki, DSX-nin rəisi Elçin Quliyev bu cür addımları ilə, hansısa istəyinə nail olmağa çalışır. Axı, bu cür addım atmaq, heç bir halda yolverilməzdir, böyük bir qanunsuzluqdur. Mövzu diqqətimizdədir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
GundemXeber.Az