Məlumdur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Bu Qanunda əsas məqsəd mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından, satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi yöndə olan fəaliyyətdir.
Bu Qanunun 9-cu maddəsinin 2-ci hissəsində qeyd olunur ki, sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. O halda sual oluna bilər ki, görəsən Ağcabədi rayonu, “Haramı düzü” adı ilə tanınan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Avşar kənd sakini Kazımova Zeynab Mirələm qızı, bu Qanunun verdiyi imkanlarlardan necə yararlanır, yaxud da yararlana bilirmi? Bu yöndə əldə etdiyimiz məlumatlardan, adı çəkilən bu xanımın gundemxeber.az saytının redaksiyasına təqdim etdiyi şikayət ərizəsindən və s. bəlli olur ki, Zeynəb Kazımova bu Qanunun verdiyi imkanlarından yararlana bilmir, əksinə o, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının sosial-iqdisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırovun olmazın hoqqaları ilə üz-üzə qalır.
Belə bir səbəbdəndir ki, rayonun Avşar kənd sakini olan Zeynab Kazımova gundemxeber.az saytının redaksiyasına yazmış olduğu ərizəsində üz-üzə qaldıqları problemlərin varlığından, ələlxüsus Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının sosial-iqdisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırovun özbaşınalıq əməllərindən bəhs edir. Adı çəkilən bu xanım qeyd edir ki, “02 aprel 2004-cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısınnın 102 saylı qərarı və 102 saylı icarə müqaviləsi əsasında, Ağcabədi rayonu ərazisində yerləşən 110 saylı “Sınanı yataq” adlı qış otlaq sahələrindən 50 (əlli) ha qış otlaq sahəsi 15 (on beş) il müddətinə həyat yoldaşım Kazımov Çingiz Səttar oğlunun adına icarə müqaviləsi əsasında sənədləşdirilir. Yəni, bununla bağlı əvvəlki DTXK-nin (bir neçə il əvvəl DTXK ləğv olunub) Ağcabədi rayon şöbəsi tərəfindən həyat yoldaşım Çingiz Kazımovun adına şəhadətnamə də verilir. Şəhadətnamə iki nüsxədən ibarət olur ki, bir nüsxəsi həyat yoldaşıma verilir, digər nüsxəsi isə DTXK-nin Ağcabədi rayon şöbəsində saxlanılır. Hətta, təsdiq olunmuş həmin şəhadətnamədə müvəqqəti istifadə üçün nəzərdə tutulan torpaq sahəsinin ölçü- planı sənədi də təsdiq olunur. Yənu, biz ötən illər ərzində bu torpaq sahələrindən istifadə etməklə həm əkinçiliklə, həm də heyvandarlıq təsərrüfatı ilə məşğul olmuşuq. Elə ki, 2012-ci ildə həyat yoldaşım Çingiz Kazımov rəhmətə getdi, o halda rəsmi qaydada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısına məktubla müraciət etdim və 2004-cü ildə həyat yoldaşımın adına sənədləşdirilmiş 50 (əlli) ha qış otlaq sahəsi üzərində icarə hüququnun mənim adıma keçirilməsi ilə bağlı, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Sərəncam verdi.
13 yanvar 2012-ci il tarixdə verilmiş Sərəncamda qeyd olunur ki, “Ağcabədi rayonu, Avşar kənd sakini Kazımova Zeynab Mirələm qızı 12 yanvar 2012-ci il tarixli ərizəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, rayonun inzibati ərazisində yerləşən 110 saylı “Sınanı yataq” adlı qış otlaqlarından 50 (əlli) ha qış otlağı mərhum həyat yoldaşı Kazımov Çingiz Səttar oğluna Rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə icarəyə verildiyini bildirmişdir. Həyat yoldaşı vəfat etdiyi üçün həmin torpaq sahəsi üzərində icarə hüququnun ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.7-ci maddəsinin tələblərini əsas tutaraq sərəncam verirəm.
1. Ağcabədi rayonu, Avşar kənd sakini Kazımova Zeynab Mirələm qızının 12 yanvar 2012-ci il tarixli ərizəsi nəzərə alınsın.
2. RİH başçısının 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə 15 (on beş) il müddətinə icarəyə verilmiş 50 ha qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək Kazımova Zeynab Mirələm qızına verilsin.
3. Ağcabədi rayonu, Avşar kənd sakini Kazımova Zeynab Mirələm qızı ilə torpaq icarə müqaviləsi bağlansın.
4. Kazımova Zeynab Mirələm qızına tapşırılsın ki, torpaq qanunvericiliyinin tələblərinə və onunla bağlanmış torpaq icarə müqaviləsinin bütün şərtlərinə ciddi əməl etsin.
Bundan əlavə, 05 may 2021-ci il tarixdə Ağcabədi RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xaliq Mirzəyev, mənim adma yazmış olduğu № 3/567 saylı məktubunda qeyd edir ki, “Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 13 yanvar 2012-ci il tarixli 01 saylı sərəncamı ilə sizə icarəyə verilmiş dövlət fonduna aid 50 ha torpaq sahəsinin icarə müqaviləsinin şərtlərinə əsasən 76 manat icarə haqqı borcu yaranmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq sahəsi üzərində fiziki və hüquqi şəxslərin hüquqlarına xitam verilir. Odur ki, sizə Ağcabədi rayonu inzibati ərazisi daxilində icarəyə verilmiş dövlət fonduna aid 50 ha torpaq sahəsinə görə yaranmış 76 manat icarə haqqı borcunu 15 (on beş) iş günü müddətində ödəyib RİH-nə məlumat verməyiniz müəyyən edilir. Əks halda sizinlə bağlanmış icarə müqaviləsinə birtərəfli qaydada xitam veriləcək”.
Bəli, qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun hal-hazırda mənim adıma olmasına baxmayaraq, Ağcabədi RİH Aparatında sosial-iqdisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov həmin torpaq sahəsini heç bir əsas olmadan əlimizdən alıb. Yəni, Muxtar Bağırov məcbur edir ki, mən istifadəmizdə olan bu torpaq sahəsindən imtina edim. Bu şəxsin əsas məqsədi, hal-hazırda istifadəmizdə olan torpaq sahəsini imkanlı şəxslərə satmaqdır. Qeyd edim ki, mənim adıma VÖEN № 3400929202 var və bir sahibkar olaraq 2022-ci ilə dair torpaq vergisini tam şəkildə ödəmişəm. Buna görə məndə ödəniş qəbzləri var. Hal-hazırda qeyd olunan torpaq sahəsi üzərində icarə hüququm var, torpaq sahəsindən imtina etmək haqda bir kimsəyə ərizə yazmamışam və heç bir sənədə qol çəkməmişəm. Bütün bunlara baxmayaraq, 18 sentyabrda Ağcabədi RİH Aparatında sosial-iqdisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov, heç bir məhkəmə qərarı, imtina ərizəsi olmadan əlimizdən alıb. Artıq bu addım qanun pozuntusu deyil, birbaşa hoqqabazlıqdır, qüvvədə olan qanunvericiliyin tələblərinə tüpürməkdir”.
Unutmaq olmaz ki, Prezident İlham Əliyev 24 oktyabr 2019-cu il tarixdə iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən “Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir” demişdir. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri sahibkarlıqla bağlı məsələlərdə bu cür fikirlərini ifadə edib lazımi tapşırıqlarını verirsə, bəs səbəb nə olur ki, Ağcabədi RİH sosial-iqdisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov hər cür hoqqalardan çıxır? Deməli, bu şəxs üçün qanunvericiliyin tələbləri, verilmiş tapşırıqlar və s. o qədər də əhəmiyyətli deyil. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
GundemXeber.Az