"Hazırda Dövlət Gömrük Komitəsi rəsmiləri şirkətlərimizə məxsus yük dolu iki maşının təyinat yerini qanunsuz olaraq dəyişib. Bu səbəbdən də maşınları Mazımçay gömrük postunda saxlamışıq və quruma rəsmi müraciət ünvanlayıb əsaslandırma tələb edirik".
Bunu Bizimxeber.az-a Gömrükdə heç bir əsası olmayan hallarla üzləşən sahibkar İlyas Qocamanov deyib.
"Rəsmi qeydiyyatı və anbarı Sumqayıt şəhərinə aid olan şirkətlərə məxsus yüklərin qanunun tələblərinə uyğun olaraq təyinat yerini bütün rəsmi sənədlərdə Sumqayıt Gömrük Postu olaraq göstərmişik. Amma yük dolu maşınlarımızın Mazımçay Gömrük Postunda təyinat yeri dəyişdirilərək yenə Bakı şəhəri göstərilir. Bu isə qanunun tələblərini pozmaqla yanaşı, biz sahibkarların əlavə xərclərə salınması, günlərlə vaxt itkisi deməkdir".
İlyas Qocamanov bildirib ki, Gömrük Komitəsisinin əvvəlki rəhbərliyi dövründə yükün təyinat yerinin dəyişdirilməsi şirkətlərə və qanuni işləyən sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi məqsədi daşıyıb: "Uzun illər Gömrük Komitəsində çalışan, hazırda həbs edilən və ya vəzifədən qovulan əvvəlki generallar, şöbə müdirləri və onların işçiləri qanunsuz olaraq ya şirkətlər Bakı şəhərində qeydiyyatda olduğu deyirdi, ya da şifahi olaraq "əcəb edirik" deyirdilər.
Əslində bu tam qanunsuz tələblər idi. Bu qanunsuzluğun davamı olaraq yüklə doilu maşınlar günlərlə Bakı Baş Gömrük İdarəsində saxlanılırdı, əlavə ödəmələr tələb edilirdi, absurd tələblər və sair süründürməçilik halları həyata keçirildi.
Hazırda eyni əməllərin təkrar olunması ciddi suallar ortaya qoyur və Gömrük Komitəsinə sədr əvəzi təyin edilən Şahin Bağırovun apardığı islahatları kölgə altına salır. Hazırkı vəziyyət mənə bundan başqa düşüncə yeri qoymur. Eyni əməllər təkrar olunursa, eyni qanunsuz qərarlar verilirsə, eyni hərəkətlər təkrarlanırsa deməli hələ də nəsə düz deyil.
Hesab edirəm ki, mənə və diğər sahibkarlara qarşı atılan məlum addımlar qurumda hələ də qalan köhnə komanda üzvlərinin əməllərinin bəhrəsidir, yaxud aparılan islahatlar hələ də heç bir müsbət nəticə vermir".
"DGK sədri səlahiyyətlərini icra edən Şahin Bağırovdan bu qanunsuz əməllərin kimlər tərəfindən və hansı məqsədlə edildiyinin cavabını öyrənmək istəyirəm" - deyən Qocamanov bildirib ki, yüklərin təyinat yerinin niyə dəyişdirilməsinə cavab almaq üçün quruma rəsmi müraciət ünvanlayıb.
Qeyd edək ki, DTX-nın əməliyyatı zamanı Dövlət Gömrük Komitəsinin bir neçə generalı həbs edilib, ölkə başçısının sərəncamı ilə Səfər Mehdiyev vəzifədəb uzaqlaşdırılıb. Hazırda sözügedən qurumun sədr əvəzi postu Şahin Bağırova həvalə edilib.
Həmçinin Səfər Mehdiyevin komandasının üzvü olan bir neçə general vəzifədə saxlanılır və görünən odur ki, bu şəxslər və ətrafındakılar köhnə əməllərini davam etdirir və ya etdirmək niyyətindədirlər. Bu barədə daha geniş araşdırma materialı hazırlanmaqdadır.
Bizimxeber.az