Bu il sentyabrın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290,4 min ədəd artaraq 1 milyon 692 mini ötüb.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin iyul ayının 1-nə olan məlumatına görə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 696,6 min olub.
Rəqəmlərdən də göründüyü kimi son 2 ay ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 4,6 min ədəd azalıb.
Maraqlıdır ki, Statistika Komitəsinin 2022-ci il iyul ayının 1-nə olan məlumatına görə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər nəfər olub.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsilə çalışan şəxslər olduğu qeyd olunur (https://stat.gov.az/source/labour/).
Belə olan halda, İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatla Statistika Komitəsinin açıqladığı məlumat arasında ziddiyyət var. Əgər ölkədə 1 milyon 720 min muzdlu işçi varsa (1 iyul tarixinə), o zaman əmək müqavilələrinin sayı da ən azı bu qədər olmalıdır. Lakin, əmək müqavilələrinin sayı bundan 23,4 min azdır.
Qeyd edək ki, muzdla çalışan işçilərlə bəzən birdən çox əmək müqaviləsi bağlanıla bilir. Bu zaman bağlanan əmək müqavilələrinin sayı muzdla çalışan işçilərin sayından çox olacaq.
Lakin, çox qəribədir ki, açıqlanan rəqəmlər bunun tam əksini göstərir. Hazırda (1 iyul) əmək müqavilələrinin sayı muzdla işləyənlərin sayından azdır.
Belə bir ziddiyyətin səbəbini öyrənmək üçün Statistika Komitəsinin Mətbuat Xidməti və Әmәk statistikası şöbәsilə əlaqə saxlamaq (tel: 377-10-70 (dax: 22-66 və 22-08) cəhdimiz baş tutmadı.
Yeri gəlmişkən onu da bildirək ki, Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarda göstərilir ki, 2019-cu ilin əvvəlində ölkədə muzdla işləyənlərin sayı 1 milyon 548,9 min nəfər olub. Həmin dövürdən bu ilin iyul ayının 1-nə kimi muzdla işləyənlərin sayı 171,1 min nəfər artıb.
Açıqlanan məlumatlardan da görülür ki, İqtisadiyyat Nazirliyinin açıqladığı rəqəmlərlə Statistika Komitəsinin açıqladığı rəqəm arasında kəskin fərq var. İqtisadiyyat Nazirliyi bildirir ki, 2019-cu ilin əvvəlindən bu ilin iyul ayına kimi əmək müqavilələrinin sayı 294,7 min ədəd artıb. Statistika Komitəsi isə bildirir ki, 2019-cu ilin əvvəlindən bu ilin avqust ayına kimi muzdla (əmək müqaviləsilə) çalışanların sayı 171,1 min nəfər artıb. İki qurumun açıqladığı rəqəmlər arasında 123,6 min fərq var. Belə başa düşülür ki, 2019-cu ilin əvvəlində ölkədə 1 milyon 548,9 min nəfər muzdlu işçi, 1 milyon 401,9 min ədəd əmək müqaviləsi olub. Həmin dövrüdə muzdlu işçilərin sayı əmək müqavilələrinin sayından 147 min çox olub.