Axtarış...

Elmira Axundova səfirliyi niyə “ata ocağı” sayır? - İLGİNC

Elmira Axundova səfirliyi niyə “ata ocağı” sayır? - İLGİNC


Ukraynada həbsdə saxlanan Vətən müharibəsi qazisi Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev sentyabrın 5-dən başladıqları aclıq aksiyasını davam etdirirlər. Bu barədə Misir Qasımlının bacısı Nəzakət Qasımova bakupost.az-a bildirib. Onun sözlərinə görə, aclıq aksiyasına başladıqdan sonra Misir Qasımlının vəziyyəti pisləşib. Qarabağ qazisinin vəkili Anatoli Volkov bildirib ki, istintaq təcridxanasında Misir Qasımlıya iynə vursalar da, orada onun müalicəsi üçün lazımi şərait və dərmanlar yoxdur.

Misir Qasımlının bacısı Nəzakət Qasımova və Misir Qasımlının digər vəkili Valeriy Dobranitsa səhhəti pisləşən qazimizə tibbi yardım edilməsi və məhkəmə prosesində onun müdafiəsinin təşkili ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət ediblər. Onlar səfirliyin qarşısında xeyli gözləsələr də, nə səfir, nə də səfirliyin işçilərindən heç kim onları qəbul etməyib. Nəzakət Qasımovanın dediyinə görə, Vətən müharibəsi qazisi Misir Qasımlı bir ildən artıqdır həbsdə olsa da, Azərbaycan hökuməti, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyi bir dəfə də olsun, nə onun ailəsi ilə əlaqə saxlamayıb, nə də özü ilə maraqlanmayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur. Ona görə də 1 il 2 aydır ki, müvəqqəti təcridxanada saxlanılırlar. Qeyd edək ki, Misirin hüquqları Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının hüquqşünasları tərəfindən qorunur. Bundan başqa Diaspor sədri Hikmət Cavadov, eləcə də idarə heyətinin üzvləri məhkəmədə rəsmi şəkildə onun azadlığa buraxılması üçün zamin durublar. Əlavə edək ki, bu gün növbəti məhkəmə prosesi keçiriləcək, Obuxov şəhər Məhkəməsində işə baxılacaq. M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Sosial şəbəkələrdə Elmira Axundovanın Qarabağ qazisinə qarşı laqeydliyi kəskin etirazla qarşılanıb. Onun ünvanına kəskin ifadələr işlədilməklə yanaşı, bu addımının səbəbləri haqda da kifayət qədər ilginc məlumatlar yer alır. Elmira Axundovanın Ukraynada müharibə başladıqdan sonra aradan çıxması və soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etmədiyi vurğulanır. Bildirilir ki, Azərbaycan cəmiyyəti Elmira Axundovanı daha çox Rusiyanın Ukraynadakı səfiri kimi qəbul edirlər. Bu baxımdan onun Azərbaycan vətəndaşlarına, xüsusən də Qarabağ qazisinin həyatına biganə olmasını anladıqlarını gizlətmirlər. Yada salaq ki, Ukraynada soydaşlarımız səfirin sorağını günlərlə gözlədikləri ünvanlardan ala bilmədilər. Müharibənin 10-cu günü ortaya atılan xəbərdə səfiri axtaran vətəndaşlardan “bu mövzunun üstündən keçmək” istənilirdi. Elmira Axundovanın qadınlığı qabardılmaqla onun Türkiyədə “ağır onkoloji əməliyyatdan çıxması” xüsusi vurğulanırdı. Sonradan üzə çıxan məlumatlardan aydın oldu ki, Elmira Axundova Bakıdakı 400 kvadratlıq mənzilindədir. Dedi ki, bəs Türkiyədə onurğasından əməliyyat olunub, Kiyevə qayıdıb və fevral ayında tədbirlər təşkil edib. Elmira Axundovanın dediklərindən: “Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik”.

Sual olunur: Əgər səfir Türkiyədə onurğasından əməliyyat olunubsa, Ukraynaya qayıdandan sonra fevral ayında həmin o sadaladığı tədbirləri necə keçirib? Həqiqətənmi Elmira Axundova Türkiyədə onurğa əməliyyatı keçirib? Həmin dövrdə sosial şəbəkələrdə belə məlumatlar da vardı ki, Elmira Axundova Türkiyəyə onurğa əməliyyatına deyil, üzdə yaşlanma, üz-boyun dərisinin və əzələlərinin sallanmasını aradan qaldırmaq üçün plastik əməliyyata gedibmiş. Belə aydın olur ki, qaçaq səfir 2023-cü ilin may ayında 70 illiyinə və “Şərəf” ordeni almağa hazırlaşır. Ona görə də Türkiyəyə gedib, plastik əməliyyata baş vurub. Üzündə cavanlaşdırma əməliyyatını da yubileyinə hazırlıqlar çərçivəsində həyata keçirib. Türkiyədəki onkoloji xəstəliklərin cərrahiyyəsi üzrə ixtisaslaşan xəstəxanalardan birində baş tutan əməliyyatdan sonra Elmira Axundova Ukraynaya qayıdıb. Onun ötən il və bu ilin əvvəlində çəkdirdiyi fotolara diqqət etdikdə də üzündəki fərq açıq-aşkar hiss olunur.

Elmira Axundova kimdir və onun Ukraynada səfir postunda nə işi vardı? Tərcümeyi-halında yazır ki, 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Atası hərbiyə Hüseyn Məmmədov kimi gedib, oradan Fərman Hüseynov kimi dönüb. Bu müəmmalı ad-soyad dəyişikliyi ilə yanaşı maraq doğuran daha bir məqam var. Hüseyn Məmmədov cəbhəyə sıravi gedib, oradan isə mayor Fərman Hüseynov kimi dönüb. Elmira Axundova atasını hər yerdə Fərman kimi təqdim edir, sənədlərdə isə onun adı Hüseyndir. Elmira Axundova 6 il Moskvada yaşayan və orada nə işlə məşğul olması bilinməyən Hüseyn - Fərmanın ailəsində dünyaya gəlib. Bu gün də Elmira Axundova atası ilə bağlı suallardan yayınır...

Ramiz Mehdiyevə qədər Yazıçılar Birliyində katibə olan Elmira Axundovanın ulduzu 1995-ci ildə parlayıb. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gələndən 1 ay sonra Elmira Axundova onun rəhbəri olduğu Əfv Komissiyasına üzv olub. Komissiya üzvü kimi də fəaliyyəti çoxlu suallar doğururdu. 2005-ci ildə isə Elmira Axundova Ramiz Mehdiyevin siyahısından parlamentə ötürüldü. Parlamentdə oturub “Ramiz Mehdiyevin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” şəklində fikirlərlə gün keçirir, populist çıxışlarla diqqət çəkirdi. Bu tandemin sonrakı dövrdə əməllərini isə PA-da bilməyən yox idi. Hətta Elmira Axundova Ramiz Mehdiyev barəsində “Sabahkı gün haqqında düşünərkən” adlı kitab belə yazıb. Ramiz Mehdiyev də ona borclu qalmayıb. 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Elmira Axundovanın bir neçə 10 milyon manatın sahibəsinə çevrilməsinə şərait yaradıb, hüquq-mühafizə orqanlarını onun və oğlunun əməllərini araşdırmaqdan kənar saxlayıb. Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Bakı Ağır Cinayətlər Məhkəməsində Həbib Axundovun adı qarışan dələduzluq işi araşdırılarkən o, məhkəmə proseslərinə çəliklə gəlirdi. Ayağında problemlərin olduğunu deyirdi. Məhkəmənin gedişatı onun istəyinə uyğun şəkil alandan sonra Həbib Axundovun ayağı açıldı, əlindəki çəlik də yoxa çıxdı.

Belə bir bioqrafiyaya malik Elmira Axundovanın Qarabağ qazisinin həyatına biganəliyi təəccüblü olmamalıdır.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz