Bu gün bircə dəfə ekranda və ya səhnədə görünməklə insanlara düşündürücü gülüş bəxş etməyi bacaran, satira -yumor ustaları sırasında özünə layiqli yer tutan, 46 illik ömründə böyük yaradıcılıq yolu qət edən, Azərbaycan xalqının sevimli aktyoru Fazil Salayevin doğum günüdür. Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Rəssamlığın sonuncu kursunda, 23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur.
Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.Fəridə xanım həyat yoldaşının rəssam olduğunu bilsə də, onun aktyorluğa olan marağından xəbərsiz imiş. Heç atası İdris Salayev də Fazilin aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun “mütrüb” kimi çağrılmasının istəməzdi. Fazil müxtəlif vəzifələrdə çalışdığma görə onun artist olmasından xəbərsizdi.
Fazil ailənin yeganə övladı olduğu üçün onu daha ciddi peşə sahibi kimi görmək istəyirdi.Ancaq Fazil heç kimi üşitmir və arzusunun ardınca gedir.Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto olub. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı.Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur.Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, Musiqili komediya teatrına üz tutur. Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi xalqın yaddaşında daha çox qalıb. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Həmin kiçik rolda özünü təsdiq edən aktyor bir il sonra rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır.
Ardınca "Alma almaya bənzər" filmində Mehdi rolunu böyük sənətkarlıqla canladırır. Bir çox məni və müsbət rollara ekran həyatı verən Fazil "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı ilə özünü xalqa daha çox sevdirir. Bu psixoloji rol onun indiyə qədər üzə çıxmayan daha bir istedadını aşkara çıxarır. Belə ki, obrazın simasında kədərlə təbəssümün qeyri-adi şəkildə bir-birini əvəzləməsi filimin bədii dəyərini yüksəldib. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir.
Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış edən Fazil oz kişik rollarına təbii gülüşə yol açan təkrarsız cizgilər əlavə edir. 1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən bacarıqla gəlir. Deyilənə görə yşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.
Fazil “Molla Cəbi” tamaşasında Əliağa Ağayevlə tərəf müqabil olub. Əliağa Ağayev deyirmiş ki, "Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı”.Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:“Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Onun vaxtsız ölümündən sonra təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik, üç qardaşın evində yeganə uşağıydı. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Heç inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı isə bir başqa aləmdi. Hədsiz istedadlıydı. Açıq-saçıq danışan, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanan adamdım. Amma o vaxt cavandım indiki ağlım olsaydı onu daha yaxşı anlardım. Necə deyərlər, çox fərqimiz vardı. Fazilin ana babasının da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkib”.
Onun həyatda ən böyük səhvi içkiyə meylliliyii olub. Yaradıcılıq həyatında başına gələn xoşagəlməzliklər də məhz bu vərdişinə görə olub. Amma həyatsevərliyi və pozitiv insan olaraq bu eybinə gülməyi da bacarırmış.Deyillənə görə, növbəti dəfə Fazil evə sərxoş gəlir. Onun xanımı isə güclü- cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yerində yata bilməyəcək. Onu qucağına alıb çarpayısına qoyur. Uşaqları qışqırırlar ki, “papa letit, papa letit”. Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş. Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında demişdi: Fazil “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı… Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans… O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı”.
Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filminə Fazil Salayevi çəkir.İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları, bənzərsiz üz cizgiləri , satira və yumoru təkrarsız şəkildə təqdim etməsi ilə xalqımızın yaddaşında əbədi qaldı. İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib, bu gün də sevilə-sevilə baxılır.
Qısa ömür yaşasa da xöşbəxt insan idi. Həyatı sevən, pozitiv və şən adamdı. Ömrünün çox acı sonluğu isə bu oldu ki, sənətkar 1978-ci il iyunun 20-də 46 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata əlvida etdi.