Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib.
Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb.
Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Qeyd edilib ki, Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üzrə iş aparılır və mədəni-humanitar mübadilə genişlənir.
Dövlət başçıları praktiki qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bu baxımdan cari ilin payızında Regionların Forumunu və iki ölkənin sənaye potensialı sərgisini keçirməyin vacibliyi qeyd edilib.
Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib.
Özbəkistan və Azərbaycan prezidentlərinin telefon söhbəti ənənəvi açıq, səmimi və dostluq şəraitində keçib.