Bu gün çox sevdiyim əvəzedilməz şəxsiyyətlərdən biri, Şıxəli Qurban oğlu Qurbanovun doğum günüdür. O, 16 avqust 1925-ci ildə Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb. Görkəmli şəxsiyyətlərdən olan Şıxəli Qurbanov Azərbaycan xalqına Yaradanın lütfü olaraq bəxş edilən fitri istedad sahibi idi. O öz parlaq əməlləri ilə doğma xalqının yaddaşında əvəzedilməz bir ziyalı, sözün həqiqi mənasında əsil vətəndaş, dəmir iradəli, milli təfəkkür sahibi, möhkəm xarakterli, müstəqil düşüncəyə malik şəxsiyyət kimi əbədi yaşam qazanıb. O, xalqının səadəti uğrunda rastlaşdığı çətinliklərə cəsarətlə sinə gərən, qələmi ilə nadanlığa, paxıllığa, cəhalətə qarşı vuruşan, dəyərli pyesləri, liberettoları, səhnə əsərləri, fəlsəfi faciələri xalqımıza yadigar qoyan bir Vətən övladı idi.
Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə Bakının 26 Bakı komissarı (indiki Səbail) rayonu partiya komitəsinin birinci katibi işləyib. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub. SSRİ dönəmində sovet imperiyası işğal etdiyi xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa çalışırdı. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq qalan Şıxəli Qurbanov olub. 1967-ci ildə məhz onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub.
O, uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Həqiqətən də onu cəzalandırmaq üçün hazırlıq gedirdi. Şıxəli Qurbanova qədər Azərbaycanın partiya rəhbərliyində belə bir cəsur addım atan olmamışdı. Mərkəzi Komitə katibi, şair, dramaturq və elmlər doktoru olan Ş.Qurbanov bu addımı ömrü bahasına atmışdı. Həyat yoldaşı Xavər Qurbanovanın xatirələrindən:
“O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər, alınmayıb. 1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma mayın 24-də onu aradan götürdülər”. Onu bəzən gizli, bəzən açıq şəkildə təqib edirdilər. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, qarabaqara təqib edirdilər. Dördüncü sui-qəsd həyata keçirilir. Bu işi şərəfsiz diş həkiminin əlləri ilə həyata keçirdilər.
Novruz bayramından iki ay sonra, may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır.
Şıxəli Qurbanovun dəfni günü bütün Bakı matəmə batmışdı. Mərhumun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş verib. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, 4-cü Baş Idarənin rəisi A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri Arif Sultanov, müalicə həkimi Əliağa Əhmədov, Patoloji anatomiya şöbəsinin müdiri K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkina imzalamışdı.Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra SSRİ prokurorunun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma həqiqət üzə çıxarılmır.
Şıxəli Qurbanov Bakıdakı Fəxri xiyabanda dəfn olunub. Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə Şıxəli Qurbanovun adı verilib.
Dramaturq Şıxəli Qurbanovun rəngərəng janrlı, çeşidli üslublu komediyaları, əlvan formalı musiqili liberottaları Milli Azərbaycan səhnəsini zənginləşdirən əsərlər idi. O dövrdə «Əcəb işə düşdük», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Sevindik qız axtarır», «Milyonçunun dilənçi oğlu» kimi səhnə əsərləri minlərlə tamaşaçının qəlbinə yol taparaq onlara düşündürücü gülüş bəxş edirdi.Ciddi, kəskin mübahisələrin qadağan edildiyi bir vaxtda Şıxəli Qurbanovun mövcud mənfiliklərə səhnədən birbaşa aşkarcasına satira atəşi yağdırması onun milli təəssübkeşliyindən irəli gəlirdi. Vəzifəlilərə yaltaqlanmaqla, quyruq bulamaqla vəzifə əldə etmək, nüfuz qazanmaq və sonra da xalqın qəzəbinə düçar olmaqla çıxılmaz vəziyyətə düşmək halları müəllifi narahat edən məqamlardan idi.
Birdən -birə onun yaradıcılığında şən gülüş və satıiranı faciə əvəz etməyə başladı. «Sənsiz» (1967) faciəsinı mən gənc yaşlarımda televiziya tamaşasında izləmişdim və mənə dərin təsir bağışlamışdı. Lakin həmin tamaşanı izləyərkən artıq yazarın həyatda olmadığını bildiyim üçün əsərin faciə qəhrəmanlarından olan Sevincin də, Tərlanın da qəlbindən qopan “sənsiz” nidasını mən də öz-özümə hüznlə pıçıldadım. Uzun illər bir-birini odlu məhəbbətlə sevən Sevinclə Tərlanın qovuşduğu toy gecəsi gözlənilmədən faciə baş verir, əbədi ayrılırlar. İstedadlı geoloq Tərlanı bəylik otağından gecə ikən gəlinin ağuşundan qoparıb aparırlar. Sevinci gənlinlik yatağında gözü yaşlı, ağlar qoyurlar. Son sözlərini – «bu bir səhvdir, indicə qayıdacağam» deyən Tərlan bir də 18 ildən sonra bəraət alıb qayıdır. Lakin bu 18 ildə Sevinc Tərlandan sonra keçən bu illəri səksəkəli vahimə içərisində yaşasa da, ümidini kəsmir, ilk və son məhəbbəti Tərlanın yolunu gözləyir. Sürgündən qayıdan Tərlan Sevincin həyatına müdaxiəl edib onu narahat etmək istəmir. Lakin Sevinc onun qayıtmasından xəbər tutan kimi dərhal ərini axtarmağa başlayır. Hökumə Qurbanova, Həsənağa Salayev, Ağadadaş Qurbanov kimi istedadlı aktyorların, Tofiq Kazımov tək intellektual rejissorun zəhməti ilə Azərbaycan Dövlət Dram Teatrında dəfələrlə nümayiş edilən bu tamaşa xatirələrdə bu gün də yaşamaqdadır.
P,S
Mən 90-cı illərin əvvəlində bəzi səbəblərə görə uşaqlarımı oxuduqları 175 nömrəli məktəbdən çıxarıb yaxınlıqdakı 172 saylı məktəbə yazdırdım. Direktor Tamilla Qurbanovanın (Allah rəhmət eləsin) məsuliyyətli, uşaqlara can yandıran, dürüst, vicdanlı və təcrübəli təhsi işçisi olmağı ürəyimcə idi. Bütün şagirdləri adı ilə tanıyan, hər birinin təhsili ilə daim maraqlanan Tamilla xanımın Şıxəli Qurbanovun bacısı olduğunu öyrənəndə çox sevindim. Bir gün dərsdən sonra onunla görüşüb qardaşı haqqında xeyli söhbət etdik. Şıxəlinin həyatı barədə yeni məlumatlar öyrəndim. Onun hətta öz ailəsində belə doğmalarına qarşı prinsipial və ədalətli davrandığını, heç vaxt kimsənin haqqına girmədiyini, səhv anlaşılma olanda isə uşaqdan da üzr istəyəcək qədər böyük qəlbə sahib olduğunu eşidəndə qeyri-ixtiyari duyğulandım və belə bir şəxsiyyəti erkən itirdiyimizə görə çox kədərləndim. Allah rəhmət eləsin.
Nazilə Nəriman