Xəbər verdiyimiz kimi, 22 mart 2021-ci ildə Azərbaycan Ordusunun hərbi qulluqçusu Zöhrabov İlkin Ramin oğlu Kəlbəcərdə hərbi xidmətdə olan zaman vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İ. Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, avqustun 2-də Tərtər rayon hərbi məhkəməsində İlqar Quliyevin sədrliyi ilə intihar həddinə çatdırılma ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
İ. Zöhrabovun anası Səriyyə Zöhrabovanın sözlərinə görə, prosesdə 3 əsgər 1 hərbi polis dindirilib:
“4 şahid gəlmişdi, onlardan hərbi polis olan və bir əsgər hər şeyi açıqladı. Dedilər ki, orada 3 düşmən postu olub. Postlardan biri qardan dağılıb, ikisi qalıb. İlkinin də vurulduğu yer birbaşa o posta baxır. Əsgərlər dedi ki, onlar bizi snayperlə izləyirdilər. Kəşfiyyatları həmişə bizi izləyirdilər. Komandirlər də bizə də həmişə tapşırırdılar ki, ehtiyatlı olun. İlkinin meyitini ordan tapıblar, iki çadırın arasındakı hündür yerdən.
Əsgər dedi ki, 1 sanitarımız da sülh dövründə, İlkindən 2 ay sonra vurulub. Ondan başqa da bir əsgər vurulub, bir də İlkin. Dedi ki, İlkinin düşmən kəşfiyyatçı-snayperi tərəfindən vurulma ehtimalı çox yüksəkdir.
Amma digər 2 nəfər öyrədilmişdi. Onlar Yavərin (Yavər Abdurrəmanov, İlkinin əsgər yoldaşı, əvvəlki məhkəmə proseslərində dindirilib - red.) dediyini deyirdilər. Yavərin adından ifadə verirlər. Hamısı deyir, Yavər dedi. Heç bir əsgər özü demir ki, gözümüzlə görmüşük”.
S. Zöhrabova bildirib ki, Y. Abdurrəhmanovun anası və özü müstəntiqlərlə əlbirdir:
“Anası, elə bil, mənim uşağımın yanında olub. Müstəntiqlə danışıblar, uşaqlar da məhkəmədə hər şeyi Yavərin adından deyirlər. Bu müstəntiqlərdən biri Elşən Mürsəlovdur, biri də Tural Həsənlidir. Yavərin anası sırf T. Həsənli ilə əlbirdir. Yavərin anası ilə özü bunlara işləyir. Hərbi prokurorluqla əlbirdirlər. Hərbi Prokurorluğun burada marağı odur ki, Xanlar Vəliyev bütün ölən uşaqların ölümlərini ört-basdır edir. Görün, X. Vəliyev nə qədər əsgərin qanını batırıb. Məhkəmədə iki ittihamçı prokuror hərbi prokurorluğu müdafiə edir. Çünki bu iş açılsa, bunların başı gedəcək. Bunlar bilir ki, burda 20-30 nəfərin başı gedəcək. İlkini oraya qaldıran, pul alıb kiminsə əvəzinə göndərən, müayinə etmədən ora göndərənlər - İlkin döyüşdən sonra pnevmaniya keçirib, onu müayinə etməyib o vəziyyətdə göndəriblər”.
S. Zöhrabova əlavə edib ki, növbəti məhkəmə prosesi sentybar ayının 5-ə təyin olunub. Növbəti prosesdə yeni 4 şahid dindiriləcək.
Qeyd edək ki, İlkin evin tək övladı olub. Ürək xəstəsi olan atası hadisəsindən sonra travma alıb.
“Mən də travma almışdım. Amma mən balama söz vermişəm: haqq-ədaləti üzə çıxaracam. İlkinin qəbri üstünə belə gedə, gözlərinin içinə baxa bilmirəm. Mənim balam yuxuda da mənə deyir. Dedi ki, ana məni vurdular, silahı da yanıma qoydular”, - S. Zöhrabova deyib.