Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərovun təqaüdə göndərilməsi haqda əmr geri oxunub. Bu haqda TİA.Az-a özəl qaynaqdan məlumat daxil olub.
Bildirilir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun imzaladığı əmrin mürəkkəbi qurumamış qüvvədən düşüb. Bunun səbəbi açıqlanmır.
Lakin komitənin Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi hələ də işinin başındadır. Bəzi informasiyalara görə, Ş.Bağırovun bu qərarı yuxarı dairələrdə müsbət qarşılanmayıb.
Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.